24 il

24 il
  18 May 2016    Oxunub:6393
Qönçəgül Kamalqızı

Sizi heç qorxutdularmı Məryəmuncuqla? Gözünüzü möhkəm yumub onun gəlişini gözlədiyiniz gecələr oldumu?
Mən gözlədim, həm də çox...


Anam deyirdi, Məryəmuncuq iri heybəsi olan, dəcəllik edən uşaqları özü ilə götürüb aparan bir qoca qarıdı. Qorxurdum...

Evimdən, isti yatağımdan, valideynlərimdən, yelləncəyimdən, cənnət ətirli güllərimdən ayrılacağım üçün gözümü möhkəmcə yumub yatırdım. Şirin-şirin, dünyanın dərdindən, qəmindən uzaq.

Bir gün gəldi. Günahımın nə olduğunu bilmirəm, amma Məryəmuncuq məni heybəsinə qoyub çox uzaqlara apardı... Qorxduğum başıma gəldi...
İtirdim... Ömrümün tam 24 ilini...

24 bahar, 24 qış keçdi... O gün bu gündür, bütün fəsilləri ağrılarım qədər sevirəm. Heç biri məlhəm olmur yarama. Çünki hər yaşıl yarpaq, hər yağan yağış, hər əsən meh Vətən deyib, üstümə gəlir ağır-ağır.

Şəhərimi qaranlıq bir gecədə tərk etdim. Səssizliyin insanın qulağını batıran vahiməlı harayını eşitmisiz ya yox, bilmirəm, amma mən bu harayın əzabını illərdi daşıyıram.

Xoşbəxt ola bilmirəm, ürəyimdəki qəhərin, nisgilin yükündən.

Nələr yaşamadım, nələri, kimləri itirmədim ki...

Zaman keçdi... Uşaqlar böyüdü, gənclər qocaldı, qocalar da bu dünyadan torpaq həsrəti ilə getdi.

Yaşadığım binanın çox az yaşlı sakini qalıb indi. Üzü dərddən qırışan, alnına Laçının dolama yollarının izi düşən qocalarım Vyana görüşlərinin nəticəsini gözləyirlər.

Allah, nə böyük faciədi! Doğma yurdunun aqibəti ilə bağlı bir xəbəri yatsan yuxuna girməyəcək bir məmləkətdən gözləmək.

Mən arzularımla qorxularımı bir yerdə böyütdüm. Amma siz, siz olun, uşaqlarınızı heç kəslə qorxutmayın... İzin verin nə qədər ki, imkan var yaşadığı evin, bağçanın, küçənin hər nöqtəsinə doyunca baxsın...

Laçına bir də gedəcəyəmmi, nə deyim.... Hələ ümidimi üzməmişəm.

Şəhidimin tabutuna bükülən bayrağı sinəsinə sıxan atanın alnından öpüb, vətənə qovuşacağım günü gözləyirəm.


Teqlər:





Xəbər lenti