`Neftin ucuzlaşması Azərbaycana problem yatarmayıb` - Sekuta

`Neftin ucuzlaşması Azərbaycana problem yatarmayıb` - Sekuta
  17 May 2016    Oxunub:2030
Amerikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Universitetin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, UNEC rektoru, professor Ədalət Muradovla görüşən səfir Azərbaycanda ingilis dilinin tədrisinin vəziyyəti barədə danışıb. Görüşdə akademik mobillik, eləcə də Fulbright proqramından istifadə edən ABŞ müəllimlərinin UNEC-də ingilis dili fənninin tədrisinə cəlb olunması məsələləri də müzakirə edilib.

Sonra səfir Robert Sekuta UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə görüşərək, dünya iqtisadiyyatındakı mövcud vəziyyəti şərh edib. UNEC tələbələri səfirə iqtisadi mövzuda suallarını ünvanlayıblar. Çin iqtisadiyyatının qlobal iqtisadiyyatda artan rolu, dünya birjalarında neftin dəyişən qiyməti, ABŞ-Azərbaycan iqtisadi münasibətləri, xüsusən ABŞ-ın ölkəmizə birbaşa investisiya cəlbi ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Səfir bildirib ki, Çin iqtisadiyyatının əsas inkişaf etmiş bölgələri ölkənin şərq hissəsində yerləşsə də, hazırda bu inkişaf ölkənin qərbinə doğru hərəkət etməkdədir. Robert Sekuta Çinin milli valyutası yuanın dünya valyutasına çevrilməsindən danışaraq, ölkə iqtisadiyyatının son illərdə sürətlə inkişaf edərək, dünyanın ən böyük ikinci iqtisadiyyatı olduğunu tələbələrin diqqətinə çatdırıb.

Qeyd edib ki, Çin iqtisadiyyatını və Çin faktorunu dünya iqtisadiyyatında nəzərə almamaq artıq mümkün deyil, hazırda yuanın dünya iqtisadiyyatına sistemli şəkildə daxil olması baş verir.

Səfir Robert Sekuta çıxışında neftin qiymətinin dəyişkənliyinə xüsusi diqqət ayıraraq qeyd edib ki, ucuzlaşmaya iki aspektdən yanaşmaq lazımdır:

`İstehlakçı üçün qara qızılın qiymətinin enməsi əlbəttə ki, çox yaxşıdır. Amma neft ixrac edən ölkələr və şirkətlər üçün ucuzlaşma müsbət hal deyil deyil. Çünki qara qızılın qiymətinin aşağı düşməsi digər məhsulların qiymətlərinin aşağı düşməsi ilə yanaşı, neft şirkətlərində işçilərin ixtisarına və nəticədə işsizliyə gətirib çıxarır`.

R.Sekuta vurğulayıb ki, neftin qiymətinin bugünki vəziyyəti bir çox ölkələr üçün problemlər yaradıbsa, Azərbaycan üçün bunu demək olmaz. Çünki Azərbaycandakı iqtisadi vəziyyət Venesuela, Nigeriyada olan vəziyyətlə müqayisə oluna bilməz.
Səfir həmçinin, ABŞ şirkətlərinin investisiya siyasətinə də toxunub.

Bildirib ki, ölkəsinin şirkətləri istənilən halda Azərbaycanın enerji sektorunda aktiv iştirak etməkdə davam edəcək. Səfir eyni zamanda, ölkəsinin iş adamlarının Azərbaycanın turizm və informasiya texnologiyaları sektorlarına diqqət ayıra biləcəyini də vurğulayıb. UNEC tələbələri öz fikirlərini səfir Robert Sekuta ilə bölüşüblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti