Bakı Limanı yenilikləri təqdim etdi

Bakı Limanı yenilikləri təqdim etdi
  11 May 2016    Oxunub:1531
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 11-13 may 2016-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisində öz stendi ilə təmsil olunub.
AzVision.az xəbər verir ki, sərgidə Liman gördüyü işlər, əldə etdiyi yeniliklər və tətbiq etdiyi innovasiyalar barədə ziyarətçiləri məlumatlandırıb.

Sərgi zamanı Limanın fəaliyyətini əks etdirən video-çarxlar, Liman əməliyyatlarının optimallaşdırılması üçün tədqim edilən yeniliklər, yaradılacaq Azad Ticarət Zonasının fəaliyyəti, o cümlədən bu Zonada regionda ilk dəfə tətbiq ediləcək innovasiyalar, habelə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intillektə sahib nəqliyyat vasitələri ziyarətçilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən Yeni Bakı Limanı (Ələt terminalı) ətrafında Azad Ticarət Zonasının yaradılması ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ən qabaqcıl layihələrdən biri olacaq. Bu Zonanın yaranması ilə Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır.

“Bakı Limanının hədəfi böyük Avrasiya məkanında ticarət və logistika mərkəzinə çevrilməkdir. Bu baxımdan, bu kimi sərgilərdə iştirak ən son nəqliyyat texnologiyalarının nümayişi, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından əlverişli imkandır. Bakı Limanı mütəmadi olaraq ölkədə və xaricdə keçirilən sərgilərdə aktiv iştirak edir, potensial yerli və xarici investorlarla danışıqlar aparır və bu tendensiyanı gələcəkdə də davam etdirəcəkdir,” deyə Bakı Limanının Baş Direktoru Taleh Ziyadov deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti