İTV-dən ermənilərin bayraq təxribatına etiraz - VİDEO
Birinci yarımfinaldan sonra mətbuat konfransında İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov öncə Səmra Rəhimlini finala çıxması münasibəti ilə təbrik edib və erməni nümayəndə heyətinin qondarma “DQR” bayrağı dalğalandırdığına görə etirazını bildirib.
Ş.Məmmədov “Eurovision” mahnı müsabiqəsinin qaydalarına zidd olan hər-hansı bir hərəkətə görə ölçü götürülməli olduğunu bildirib. Qondarma “DQR” bayrağının müsabiqənin səhnəsində qaldırılmasının və buna icazə verilməsinin mahnı müsabiqəsinin qaydalarına tam zidd olduğunu və buna görə ciddi ölçü götürüləcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.
Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı.
Lakin daha sonra “Eurovision” Mahnı Müsabiqəsi təşkilatçıları bayraq siyasətini yüngülləşdirərək iştirakçıların milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib. (Apa)