`Formula-1` tarixində ən çox xalı kim toplayıb? - REYTİNQ
Hər yarışda neçə sürücüyə xal verilir? Xalların miqdarı nə qədərdir? Bütün bu suallara verilməli olan ilk cavab budur: xalların hesablanması formatı Formula1-in tarixi boyunca dəfələrlə dəyişdirilib.
AzVision.az f-1.az-a istinadən bu idmanın ilk illərindən günümüzə qədər istifadə olunmuş xal hesablanması sistemləri ilə tanış edir.
1950-1959-cu illər
Formula 1-in ilk 4 mövsümündə hər yarışda ilk 5 yeri tutan sürücüyə müvafiq olaraq 8-6-4-3-2 xal verilirdi. Yarışda ən sürətli dövrəni vurmuş sürücü də əlavə olaraq 1 xal qazanırdı. 1950-1953-cü illərdə yekun nəticədə pilotların ən yaxşı 4 yarışdakı, 1954-1957-ci illərdə və 1959-cu ildə ən yaxşı 5 yarışdakı, 1958-ci ildə isə ən yaxşı 6 yarışdakı nəticələri nəzərə alınırdı.
Məsələn, 1950-ci ildə Luici Facioli ümumilikdə 28, Xuan Manuel Fanxio isə 27 xal toplamışdı. Amma Luicinin ən yaxşı 4 nəticəsi qeydə alındıqda 24 xalı olurdu və o, 2-ci yeri ən yaxşı 4 nəticəsində 27 xal qazanmış Fanxioya verməli olmuşdu. Bənzər hadisə 1953-cü ildə də baş verib. Fanxio bu dəfə də Nino Farinadan ümumi xalda geri qalsa da, ən yaxşı 4 yarışdakı nəticəyə görə onu üstələyərək 2-ci olub. 1954-cü ildə Böyük Britaniya Qran Prisində isə maraqlı hadiə baş verib. Ən sürətli dövrəyə görə verilən 1 xal 7 sürücü arasında bölünüb, çünki ən yaxşı nəticəni 7 sürücü təkrarlayıb. Buna görə də onların hərəsinə 0,14 xal verilib.
1960-cı il
Yenə də 8 xallıq sistemdən istifadə olunsa da, yeganə dəyişiklik o olub ki, 1 xal yarışda ən sürətli dövrəni vurmuş sürücüyə yox, 6-cı yeri tutmuş sürücüyə verilib. Yəni, ilk 6 yeri tutmuş sürücülər müvafiq olaraq 8-6-4-3-2-1 xal qazanıblar. Mövsümün sonunda ən yaxşı 6 yarışın xalları nəzərə alınıb və Cek Brəbhəm çempion olub.
1961-1990-cı illər
Formula1-in 30 illik bu uzun dövründə 9 xallıq sistemdən istifadə olunub. Yarışda ilk 6 yeri tutan sürücülər müvafiq olaraq 9-6-4-3-2-1 xal qazanıblar. Bu 30 illik dövrə daxil olan mövsümlərdə xal hesablanmalarındakı yeganə fərq mövsüm sonunda nəzərə alınan ən yaxşı nəticələrin sayında olub.
1961-1962-ci və 1966-cı illərdə ən yaxşı 5 nəticə nəzərə alınıbsa da, 1963-cü ildən 1965-ci ilə qədər bu say 6 olub. Qrəhəm Hill 1964-cü ildə daha bir titul qazana bilərdi – mövsümboyu olan bütün nəticələri qeydə alınsaydı. Ümumi nəticədə 41 xal toplayan və Con Sörtisi 1 xal üstələyən sürücü ən yaxşı 6 nəticə qeydə alındıqda 2 xalını itirdi və xalı 39 oldu. Sörtisin 40 xalı isə elə ən yaxşı nəticə göstərdiyi 6 yarışda toplanmışdı və o, mövsümü çempion kimi başa vurdu.
1967-ci ildən 1980-cı ilə qədər isə xal sistemi eyni qalsa da, yekun nəticənin hesablanmasında ciddi dəyişiklik edildi.
1967-ci, 1969-cu və 1971-ci ildə ən yaxşı 9 nəticə qeydə alınıb. Qeyd edilən hər 3 mövsümdə 11 yarış olub. İlk 6 yarışdan 5-nin, son 5 yarışdan da 4-nün nəticəsi qeydə alınıb.
1968-ci və 1972-ci illərdə isə 12 yarış baş tutub və hər 2 mövsümün sonunda ilk 6 və son 6 yarışın hərəsindən 5 ən yaxşı nəticə sürücünün aktivinə yazılıb.
1970-ci ildə baş tutan 13 yarışdan 11-nin – ilk 7 yarışdan 6-nın, son 6 yarışdan isə 5-nin nəticəsi nəzərə titul uğrunda mübarizədə əsas olub.
1973-1974-cü illərdə 15 yarışdan 13-nün (ilk 8 yarışdan 7-nin, son 7 yarışdan 6-nın), 1975-ci ildə 14 yarışdan 12-nin (ilk və son 7 yarışın hərəsindən 6-nın), 1976-cı və 1978-ci illərdə 16 yarışdan 14-nün (ilk və son 8 yarışınn hərəsindən 7-nin), 1977-ci ildə isə 17 yarışdan 15-nin (ilk 9 yarışdan 8-nin, son 8 yarışdan 7-nin) nəticəsi qeydə alınıb.
1979-cü ildə 15 yarışdan 8-nin (ilk 7 və son 8 yarışdan 4-nün), 1980-cı ildə isə 14 yarışdan 10-un (ilk və son 7 yarışın hər birindən 5-nin) nəticləri qeydə alınıb. Amma əvvəlki illərlə fərq onda olub ki, bura qədər mühəndislər kubokunda sürücülərin sürücülər çempionatında nəzərə alınan xalları toplanırdısa, bu 2 mövsümdə bütün xallar nəzərə alınıb.
1981-ci ildən 1984-cü ilə qədər isə sürücülərin mövsüm ərzində topladıqları bütün xallr nəzərə alınıb. 1985-ci ildən 1990-cı ilə qədər isə ən yaxşı 11 nəticə nəzərə alınıb. 1988-ci ildə Alen Prost ümumilikdə 105 xal toplayaraq hamını qabaqlasa da, həmin mövsüm keçirilən 16 yarışdan ən yaxşı 11-nin nəticəsi qeydə alındığına görə 87 xal aktivinə yazılmış, Ayrton Sennadan 3 xal geri qalaraq mövsümü 2-ci yerdə tamamlamışdı.
1990-cı ildən indiyə qədər bütün mövsümlərdə sürücülərin ilboyu qazandıqları bütün xallar qeydə alınıb.
1991-2002-ci illər
On xallıq sistemə keçilib.Yarışda ilk 6 yeri tutmuş sürücü müvafiq olaraq 10-6-4-3-2-1 xal qazanıb.
2003-2009-cu illər
Bu dövrdə maksimal xal 10 olsa da, yarışda ilk 8 yeri tutmuş sürücü xal hesabını artıra bilib. İlk 8 yerə müvafiq olaraq 10-8-6-5-4-3-2-1 xal verilib.
2010-cu ildən bu günə qədər…
Xal sistemində radikal dəyişiklik edilib. 25 xallıq sistemə keçilib və yarışda ilk 10 yeri tutmuş sürücü müvafiq olaraq 25-18-15-12-10-8-6-4-2-1 xal qazanır.
Hazırda karyerası boyu ən çox xal qazanmış pilot Sebastyan Fetteldir. Təbii ki, bütün dövrlər vahid xal sistemi ilə hesablansaydı, ən çox xalı 7 qat dünya çempionu Mixael Şumaxer toplamış olardı…
Bütün dövrlərdə indiki kimi 25 xallıq sistem olsaydı, ilk 20-lik belə olardı:
Teqlər: