Futbolçumuz soyadını niyə dəyişib? – MÜSAHİBƏ
- Hər şey qaydasındadır. Ruminiya çempionatında son iki oyunda qələbə qazanmışıq. Üstəlik, Avroliqadakı qarşılaşmadan da qalib ayrılmışıq. Ən əsası da artıq həm Ruminiya çempionatında, həm də Avropa Liqasında debüt etmişəm.
- Bir müddət əvvəl komandadan qovulduğun yönündə xəbərlər yayılsa da, klubda qaldın. Bu məsələyə aydınlıq gətirməyini istərdik.
- Düzü, bu barədə mən özüm də mətbuatdan məlumat almışam. Əslində isə belə bir şey yox idi. Mənim “Petrolul”la üç illik müqaviləm var. Əgər mən komandaya lazım olmasam, mənimlə üç illik müqavilə bağlamazdılar.
- Ötən mövsüm cəmi bir qarşılaşmada forma geydin. Yeni mövsümdə də ehtiyatda qalmaqdan qorxmursan ki?
- Mənim cəmi 20 yaşım var və öz vaxtımı gözləməkdə idim. Artıq yeni mövsümdə oynamaq şansı qazanmışam. İnşallah, hər şey belə davam edər.
- Komandadakı gələcək taleyiniz barədə baş məşqçi Kosmin Kontra ilə söhbətiniz olubmu?
- Bəli, bu haqda baş məşqçi ilə söhbətimiz oldu və Kontra mənim komandada qalmağımı istədi. Ona görə də bu mövsümdə də Ruminiya klubunda forma geyəcəm.
- Necə düşünürsən, komandanın əsas heyətinə düşməməyində haqqında yayılan "lipa" məsələsinin təsiri ola bilərmi?
- Mən bu suala cavab vermək istəmirəm. Ümumiyyətlə, bu haqda heç vaxt mətbuata açıqlama verməyi düşünmürəm.
(2005-ci ildə "Qarabağ"ın ikinci komandasında çıxış edən Elhad, Əhmədov soyadı ilə təqdim olunsa da, sonradan legioner həyatı yaşayanda Nəziri kimi çıxış etməyə başladı. Bundan başqa, "Qarabağ"da olarkən təvəllüdü 1990-cı il göstərilən Elhad daha sonra 1992-ci ildən anadan olmuş kimi təqdim olundu. Daha bir məqam isə budur ki, çimərlik futbolunda çıxış edərkən artıq Nəziriyə çevirilmiş Elhad çimərlik yığmamızın heyətində Əhmədov soyadı ilə oynayır)
- “Lipa” məsələsi barədə danışmaq istəməməyin haqqında deyilənlərin həqiqət olmasını düşünməyə əsas verir. Maraqlıdı, Elhad Əhmədov kimi tanıdığımız futbolçu necə oldu ki, Nəziriyə çevrildi?
- Mən bu barədə yetərincə danışmışam. Xahiş edirəm, başqa mövzuda danışaq, çünki mənim bu barədə danışmağım əsassız söhbətlərin yayılmasına şərait yaradır.
- Hər halda, məsələ Ruminiya mətbuatında da geniş əks-səda doğurmuşdu. Bu məsələdən sonra klubda sənə qarşı münasibət necə oldu?
- “Petrolul” komandasında çalışanlar futbolu bilən adamlardır. Ona görə də mənə qarşı münasibət dəyişmədi. Komanda üçün əsas olan mənim sərgilədiyim oyundur.
- Ruminiyada forma geymək sənə nə qazandırdı?
- Bu ölkədə legioner həyatı yaşamaq həyatımda önəmli hadisədir. Ruminiya kubokunu qazandım. Çempionatın bürünc medalını qazandım və Avropada medal qazanan ilk azərbaycanlı futbolçu kimi tarixə düşməyim mənim üçün önəmli idi.
- Deyəsən, sənə qədər Nazim Süleymanovun Rusiya çempionu olmasını, Vəli Qasımovun isə İspaniya La-Liqasının bürünc mükafatını qazanmasını unutmusan. Başqa sözlə legioner kimi çempionatın mükafatçısı olan ilk azərbaycanlılar məhz onlardır.
- Məndə olan məlumat belədir. Mənim Nazim Süleymanov və Vəli Qasımovun karyerasını müzakirə predmetinə çevirməyim mümkün deyil. Futbolçu kimi onların səviyyəsinə gəlməyimə çox var.
- Ruminiya çempionatı ilə Azərbaycan Premyer-liqasını müqayisə edə bilərsənmi?
- İki ölkə futbolunun oxşar cəhətlərinin olduğunu düşünmürəm. Fərqli tərəflərə gəlincə, Ruminiya futbolunun Hacı, Kosmin Kontra, Adrian Mutu, Kristian Çivu kimi ulduzlar yetişdirməsi önəmli fərqdir. Bizdə isə bu səviyyədə oyunçular yoxdur.
- Milli komandaya səni ilk dəfə Berti Foqts dəvət edib. Alman mütəxəssisin ilin sonunda yığmadan ayrılmaq ehtimalını necə qarşıladın?
- Mənim Berti Foqtsun milli komandadan ayrılması ilə bağlı yayılan söyləntilərdən xəbərim yoxdur. Ona görə də bu haqda düşünməmişəm.
- Ümumiyyətlə, milli komandamızda yerli, yoxsa əcnəbi mütəxəssisin çalışmasının tərəfdarısan?
- Bu məsələni müzakirə etmək mənim işim deyil. AFFA-dan kimi məsləhət bilsələr, həmin məşqçi də bu postu tutacaq.
Tural Məmmədov
AzVision.az üçün