Süni İntellekt üçün ayrıca qanun lazımdır - Ekspert

Süni İntellekt üçün ayrıca qanun lazımdır -    Ekspert
  05 İyun 2026    Oxunub:179
Azərbaycanda süni intellekt və startap ekosisteminin inkişafı üçün hüquqi bazanın təkmilləşdirilməsi, vahid koordinasiya mexanizminin yaradılması və yerli startap anlayışının dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu xüsusilə süni intellekt üzərində qurulan startaplara aiddir. Bu sözləri süni intellektəsaslı media texnologiyaları və rəqəmsal biznes transformasiyası sahəsində ixtisaslaşmış sahibkar və texnologiya eksperti Teymur Kuseba deyib.
Ekspert qeyd edib ki, süni intellekt sahəsində müəyyən boşluqların mövcudluğu təkcə Azərbaycana deyil, bütün dünyaya xas olan haldır. Bu, yeni formalaşan sahədir. Dövlətlər və özəl sektor bu istiqamətdə hələ öyrənmə mərhələsindədir. Ona görə də boşluqların olması təbiidir. Bununla yanaşı, dövlət tərəfindən bu sahənin inkişafı üçün mühüm addımlar atılır. Buna boşluqlar deyil, inkişaf etdirilməli istiqamətlər kimi baxmağın daha doğrudur.

T.Kusebanın sözlərinə görə, ilk növbədə ölkədə süni intellekt üzrə ayrıca qanunun qəbuluna ehtiyac var. “Son iki ildə dəfələrlə bildirmişik ki, Azərbaycanda süni intellekt haqqında qanun qəbul olunmalıdır. Bu, hüquqi baxımdan vacib məsələlərdən biridir. Artıq dövlət qurumlarında da belə bir qanunun zəruriliyi ilə bağlı fikirlər səsləndirilir. Süni intellekt sənayesi bütün dünyada son 5-6 ildə daha aktivləşibsə, Azərbaycana bu “dalğa” yeni gəlib. Biz bu proseslərə hazırlıqlı olmalıyıq”, – deyə ekspert "Azərtac"a açıqlamasında bildirib.

Teymur Kuseba əlavə edib ki, süni intellekt texnologiyalarının növbəti inkişaf mərhələsi fiziki süni intellekt və robot sistemləri ilə bağlı olacaq.

“Bu gün kompüterlərdə istifadə etdiyimiz süni intellekt sabah robotlarda, pilotsuz nəqliyyat vasitələrində, çatdırılma sistemlərində və digər fiziki platformalarda tətbiq olunacaq. Buna görə də hesab edirəm ki, robot texnologiyaları və fiziki süni intellektlə bağlı ayrıca qanunun qəbul edilməsi məqsədəuyğun olardı. Bu çox vacibdir. Bu texnologiyalar yaxın illərdə həyatımızın bir hissəsinə çevriləcək və biz onların hüquqi tənzimlənməsinə indidən hazır olmalıyıq. Robotlar üçün xüsusi infrastruktur indidən qurulmalıdır. Bu prosesə biz bu gündən hazırlaşmalıyıq”, - deyə T.Kuseba qeyd edib.

Ekspert bildirib ki, xüsusilə Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində gələcək texnologiyalar üçün zəruri infrastrukturun əvvəlcədən nəzərə alınması vacibdir.

“Bu gün biz ağıllı kəndlərdən danışırıq. Amma gələcəkdə çatdırılma robotlarının fəaliyyəti, dron platformaları, enerji doldurma məntəqələri kimi məsələlər də aktuallaşacaq. İnfrastruktur qurularkən bu ehtiyaclar əvvəlcədən nəzərə alınmalıdır. Hazırda dövlətimiz bu istiqamətdə bir çox işlər görür, bir sıra qanun layihələri qəbul olunur, yeni qurumlar yaradılır. Lakin robotlar və süni intellekt məhsullarının istehsalı və istifadəsi kimi məsələlərin qanunvericiliklə tənzimlənməsi də vacibdir”, - deyə o vurğulayıb.


Teqlər: Süni-İntellekt  



Xəbər lenti