Azərbaycan niyə 5 zonaya bölündü?

Azərbaycan niyə 5 zonaya bölündü?
  25 Aprel 2016    Oxunub:4299
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə prezident İlham Əliyevin imzaladığı fərmanla sənaye və kənd təsərrüfatı üzrə investisiya fəaliyyətində hökumətin prioritetlərini müəyyən edilib.
Fərmana əsasən investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, layihənin həcmi ilə bağlı minimal məbləğ və inzibati ərazi vahidləri müəyyənləşdirilib.

Bununla ölkə ərazisi 5 investisiya zonasına bölünüb.

1. Bakı, Bakı qəsəbələri və Abşeron.
2. Sumqayıt və Gəncə.
3. Naxçıvan.
4. Sərhəd və cəbhəyanı rayonlar.
5. Digər rayonlar.

Prioritet sayılan 31 iqtisadi fəaliyyət növü seçilib. İnvestisiyalar üzrə minimal məbləğ regiondan asılı olaraq 0.2 - 10 milyon manatdır. Yalnız bir fəaliyyət növü (hasilat və metal filizlərin emalı) üzrə minimal investisiya məbləği 50 milyon manat olmalıdır.

Ölkə ərazisinin 5 investisiya zonasına bölünməsi qeyri-neft sektorunun inkişafına necə kömək edəcək?

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu fərman Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün atılan mühüm addımlardan biridir.

Deputat qeyd edib ki, kənd təsərrüfatı və sənaye sahəsinin inkişafı üçün belə addımların atılması, təbliğat işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.

“İqtisadiyyat naziri Şahin Mustafayev çıxışlarında qeyd etmişdi ki, hazırda icra oluna biləcək. 150-ə yaxın layihə var. Bu layihələrin həyata keçirilməsi üçün 2 milyard vəsait lazımdır. Həmin layihələrin həyata keçirilməsi üçün belə bir qərar verildi.

Ölkə ərazisinin investisiya zonalarına bölünməsi düzgün addımdır. Bundan sonra hansı sahəyə nə qədər vəsait veriləcəyi bəlli olacaq. Bunlar aparılan iqtisadi islahatların tərkib hissəsidir. Son zamanlar sahibkarlara da müəyyən güzəştlər olunur. İdxal məhsullarını artırmaq üçün onlara əlavə olaraq 3 faizlik güzəştlər verilir. Bunlar hamısı onun üçündür ki, qeyri-neft sektorunda sahibkarlıq ciddi iştirak etsin. Bu baxımdan dahah çox kənd təsərrüfatı və sənaye sahələrinə diqqət yetirilir. Ölkə başçısı sahibkarlığın inkişafı üçün ciddi addımlar atır. Bu baxımdan prezidentin imzaladığı fərman, ölkənin investisiya zonalarına bölünməsi mühüm əhəmiyyətə malikdir”.

Azərbaycanda “Sahibkarlar Günü”nün təsis olunmasına münasibət bildirən deputat vurğulayıb ki, bu, iş adamlarına stimul verəcək: “Azərbaycanın müstəqilliyi dövründə iqtisadi inkişafda sahibkarların rolu həddən çoxdur. Belə bir günün təyin olunması çox yaxşı haldır. Sahibkarlar çalışacaq ki, bayrama üzüağ gəlsinlər, müəyyən işlər görsünlər. Bu da stimullaşdırıcı bir məqamdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti