Pensiyaçılara kredit verilişi niyə dayandırıldı? - RƏY
İqtisadçı xatırladıb ki, bundan əvvəlki qərarla xarici valyuta ilə kredit verilməsi dayandırılıb: “Doğrudur, sonuncu qadağa 1 ay müddətinə müəyyən olunub. Ancaq pensiyaçılar ilə bağlı qərarın nə vaxta qədər qüvvədə olacağı deyilməyib. Hesab edirəm ki, pensiyaçılara kredit verilməsi ölkədə həm əmək, həm də yaşa görə orta pensiya məbləğlərinin yaşayış minimumu göstəricisindən azı 2-3 dəfə yuxarı səviyyədə olmadığına qədər bərpa edilməməlidir.
Yeri gəlmişkən, yaşayış minimumu göstəricisinin real olaraq mahiyyətini əks etdirmədiyi sirr deyil. Ümumiyyətlə, pensiyaçılara kredit verilməsinin hansı məntiqə əsaslandığı əvvəl də aydın deyildi. Pensiya məbləğlərinin kifayət qədər aşağı səviyyədə olduğu məlumdur.
Qeyd edim ki, 2016-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 196,08 manat təşkil edib. Məlumdur ki, ölkədə indiyədək pensiyaçılara həm bir neçə min manatda nağd, həm də kommunal və digər növ xərclərin ödənilməsi üçün nağdsız şəkildə kreditlər təklif olunurdu. Bu zaman, pensiyaların stabil və arxasında dövlət dayandığı üçün, qarantiyalı aylıq gəlir mənbəyi olduğu üçün risksiz xarakter daşıdığı kimi faktor da mənasız əsaslandırma idi”.
P.Heydərov qeyd edib ki, kredit götürən fiziki şəxsin buna görə aylıq faiz ödənişi müvafiq müddət üçün gəlirinin 50 %-ni aşmamalıdır: “Bundan əlavə, pensiya sosial müdafiə və təminat ödənişidir. O heç bir halda istehlak kreditinin girovuna çevrilməli deyil. Gələcəkdə bunu bərpa etmək olar, amma bir şərtlə ki, minimum pensiya məbləği yaşayış minimumundan azı 2 dəfə yuxarı olsun. Düşünürəm ki, bu cür qərarlarla ölkədə əhalinin istehlak kreditlərinə yanaşma tərzi və bu sahədə anlayışı getdikcə dəyişdirilməlidir”.
Anar Kəlbiyev
AzVision.az