Supermarketlərin hökumətdən tələbi məntiqlidirmi? – TƏHLİL

Supermarketlərin hökumətdən tələbi məntiqlidirmi? – TƏHLİL
  22 Aprel 2016    Oxunub:8352
Məlumdur ki, Bakıda fəaliyyət göstərən bir sıra iri supermarketlərin rəhbərləri ölkədə manatın devalvasiyası, həmçinin vergi qanunvericiliyinə edilən müvafiq dəyişikliklərdən sonra onlara üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmalarına yardım göstərilməsi üçün iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər və nazir də sahibkarlarla görüşüb.

Sahibkarlar 2015-ci ilin fevralın 21-i tarixdə baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərini əsas gətirərək, rəhbərlik etdikləri supermarket şəbəkələrinin mənfəət marjalarının minimuma endiyini, qiymətləri qaldırmadıqlarından rentabelliyi, işçi sayını qoruyub saxlamaq mümkün olmadığını - mağazaları bağlamaq və fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyəti qarşısında qaldıqlarını bəyan ediblər.

Qeyd olunanlar sözsüz ki, həqiqətdir. Ancaq burada bəzi məqamlar var. Belə ki, supermarket rəhbərləri hazırda tətbiq olunan effektiv vergi dərəcələri və digər ödəmələrin qiymətləri sabit saxlamağa imkan vermədiyini bildiriblər ki, yaranmış vəziyyətə əsasən də hökumətdən iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq, pərakəndə satış sahəsində vergi yükünün azaldılmasını istəyiblər. Bu isə fikrimizcə, düzgün tələb deyil...

Məsələ bundadır ki, iri supermarketlərin 2015-ci ilin həm fevralın 21-i, həm də dekabrın 21-i tarixdə devalvasiyalardan sonra yaranmış situasiya ilə əlaqədar hökumətdən vergi dərəcələrini aşağı salmasını istəməsi absurddur. Və bəlkə də çox təhlükəli bir tendensiyanın əsasını qoya bilmək iqtidarındadır. Çünki, əgər, ölkədə devalvasiya səbəbindən irəli gələn qiymət artımından söhbət gedərsə, bu, idxal mallarında qaçılmaz idi və heç bir halda da bunun qarşısı inzibati yolla alına da bilməzdi.

Ümumiyyətlə, devalvasiyalardan sonra hökumət təbii deyil, məhz süni qiymət artımının qarşısını almağa çalışıb. Yəni, manat ucuzlaşdırıldıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında sui-istifadə hallarına və süni qiymət artımına qarşı nəzarəti gücləndirdi. Və sözügedən istiqamətdə digər qurumların da müvafiq tədbirlər həyata keçirməyə başlaması həm alıcıların maraq və mənefələrini qorumaq, həm də elə o sözügedən supermarketlərin özlərini və ümumiyyətlə, pərakəndə satış obyektlərinin bazarda satış üzrə mövcud təkliflərini müvafiq tədiyyə qabiliyyətli tələblə qarşılanması baxımından böyük əhəmiyyət daşıdı.

Digər tərəfdən, sual olunur ki, süni qiymət artımını yaradanlar kimlərdir və hansı qurumlardır? Sözsüz ki, inhisarçılar... Supermarketlər özləri də pərakəndə satış sahəsində fəaliyyət göstərən obyektlər sırasında əslində, bir növ inhisarçı qurumlardır. Yəni, belə demək mümkündürsə, təbii inhisarçıdırlar.

Başqa cəhət isə həm də ondan ibarətdir ki, dərəcələr, tutaq ki, yumşaldıldı, buna adekvat olaraq, pərakəndə satış qiymətləri də cüzi də olsa ucuzlaşacaqmı?! Şübhəsiz ki, yox... Çünki ən azı o səbəbə görə ki, güzəşt istəyən tərəf bunu texniki səbəblərlərlə əsaslandırır və personalını saxlamaq məqsədilə irəli sürür.

Bax, odur ki, məsələyə geniş yanaşmaq lazımdır. Bu və ya digər subyektlər əgər yeni bazar şərtlərinə uyğunlaşa bilmirlərsə, bunun günahı heç bir şəkildə dövlətdə və hökumətdə axtarılmalı deyil. Çünki dövlət tənzimləyici orqandır və bazarda tələb və təklifin nisbətini müəyyən edən tərəf sayılmır. Vergi siyasəti isə ümumi iqtisadi tələblərə əsasən təşkil olunub həyata keçirilir ki, bu və ya digər qurumların, sahibkarların konkret iqtisadi maraqlarının təmini burada əsas hədəf deyil və ola da bilməz.

Ümumiyyətlə, dövlətin əsas vəzifəsi bazarda məhz alıcı qüvvəsinin mənafeyini qorumaqdan ibarətdir. Alıcı qüvvəsini ititməmək üçün isə bazarda təkliflə çıxış edən tərəflər də eyni zamanda, öz növbələrində müvafiq addımlar atmalıdırlar.

Və ən nəhayət sonuncusu, vegidə güzəştlər əsasən, iri sahibkarların maraqları və fəaliyyətini təmin etmək üçün deyil, kiçik və ən uzağı orta sahibkarlar üçün işlənib hazırlanaraq həyata keçirilməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti