Azərbaycanda elektron valyutadəyişmə bankomatları yaradıla bilər

Azərbaycanda elektron valyutadəyişmə bankomatları yaradıla bilər
  20 Aprel 2016    Oxunub:2118
Azərbaycan valyutadəyişmə sahəsində yeni sistem tətbiq edilə bilər.
AzVision.az xəbər verir ki, “APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) elektron valyutadəyişmə bankomatlarının tətbiq edilməsi ilə bağlı Palataya müraciət edib:

“Maliyyə bazarlarında hər bir yenilik, müasirlik Palata tərəfindən müsbət qarşılanır. Palatanın məqsədi odur ki, ilk növbədə günün istənilən saatında, bayram günlərində əhali rahat şəkildə valyuta mübadilələrini həyata keçirə bilsin.

İkincisi, Azərbaycanda turizm sahəsi ildən-ilə inkişaf edir və ölkəyə gələn turistlərin, qonaqların sayı ilbəil artır. Aydındır ki, turistlər səfər zamanı xarici valyutaları milli valyutaya çevirmək istəyir.

Əhali ilə yanaşı, turistlərin problemlə üzləşməməsi, xoşagəlməz halların baş verməməsi üçün mükəmməl, müasir bir sistem qurmaq və istifadəyə vermək Palata tərəfindən müsbət qarşılanır”.

Palatadan bildirilib ki, texniki məsələlər həllini tapandan sonra ölkədə elektron valyutadəyişmə bankomatlarından istifadəyə başlanılacaq.

Xatırladaq ki, bir qədər əvvəl mətbuatda ABA-nın Azərbaycanda valyuta-dəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməsi və konkret təkliflərlə çıxış etməsi ilə bağlı məlumatlar yayılıb.

Məlumata əsasən, təkliflərdə həm banklara məxsus məntəqələrin bərpası, həm də yeni tipli valyuta məntəqələrinin açılması əksini tapıb.

Belə ki, ABA-nın sədri Zakir Nuriyev bildirib ki, Palataya banklara məxsus valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə yanaşı, valyuta ticarətini müstəqil formada həyata keçirəcək hüquqi şəxslərin yaradılması üçün hüquqi bazanın formalaşdırılması təklif olunub. Təkliflər arasında otellərin valyuta mübadiləsi aparması üçün lisenziyalaşdırılması məsələsi də var.

AzVision.az


Teqlər:





Xəbər lenti