Azərbaycan iqtisadiyyatı geriləyib

Azərbaycan iqtisadiyyatı geriləyib
  15 Aprel 2016    Oxunub:4668
2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz artıb.
Dövlət Statistika Komitəsindən (DSK) AzVision.az -a verilən məlumata görə, 2016-cı ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 472,2 manat təşkil edib.

2016-cı ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 10303,5 milyon manata çatıb. Gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 7,0 faizi isə yığıma yönəldilib.

Bundan başqa bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12 588,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% az ümumi daxili məhsul istehsal edilib.

Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 39%-i sənayedə, 13,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,4%-i tikinti, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 16%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1 311,6 manata bərabər olub.


AzVision.az


Teqlər:  





Xəbər lenti