Ordumuza dəstək bəyanatı: `Döyüşə hazırıq`

Ordumuza dəstək bəyanatı: `Döyüşə hazırıq`
  07 Aprel 2016    Oxunub:2972
"Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən “Ronahi” Kürd Mədəniyyət Mərkəzi, ölkədə yaşayan bütün etnik icmalar kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə etirazını bildirir, işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan edirik”.
AzVision.az-ın xəbərinə görə, bu barədə “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin cəbhədə yaranmış vəziyyətlə bağlı bəyanatında bildirilib.

Bəyanatda bildirilir ki, Ermənistanın dünyaya yaydığı dezinformasiyanın əksinə olaraq, Azərbaycan xalqında və ordusunda yüksək qələbə ruhu var: "Minlərlə gənc, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, paytaxt Bakıda, bölgələrdə toplaşaraq Vətən uğrunda döyüşüb şəhid olmağa hazır olduqlarını bildirir, bir çox hallarda Qarabağa - cəbhə bölgəsinə yürüş edirlər. Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də monolit birlik nümayiş etdirərək öz prezidentinin ətrafında yumruq kimi birləşib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən “Ronahi” Kürd Mədəniyyət Mərkəzi, ölkədə yaşayan bütün etnik icmalar kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə qəti etirazını bildirir. Biz bu işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan edirik. Tarixin müxtəlif dönəmlərində olduğu kimi, 20-ci əsrin sonlarında da erməni cəlladları azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və kütləvi qətliamlar zamanı kürdlərə qarşı da xüsusi amansızlıq göstərib, yaşayış məskənlərini məhv edib, onları yaşadıqları doğma ata-baba yurdlarından didərgin salıblar.

Biz - Azərbaycanda yaşayan kürdlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, əsassız ərazi iddialarını və qanlı erməni separatizmini qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğumuzu bir daha bəyan edirik".

AzVision.az


Teqlər:  





Xəbər lenti