Sarkisyan Rusiyanı diplomatik şantaj edir – TƏHLİL

Sarkisyan Rusiyanı diplomatik şantaj edir – TƏHLİL
  07 Aprel 2016    Oxunub:20140
Cəbhə bölgəsində atəşkəsin elan olunmasından sonra Qarabağ münaqişəsinin ətrafında diplomatik fəallıq artdı. Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya yollandı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Azərbaycana gəldi.

Ermənistan prezidentinin Almaniyaya səfəri və kansler Angela Merkellə görüşdən sonra Rusiyanın Azərbaycana silah satmasının regionda gərginliyi artırdığını bildirməsi kimi gedişlər, Yerevanın yaranmış vəziyyətdə güddüyü strategiya və ümumiyyətlə məsələ ətrafında yaranmış beynəlxalq ab-hava barədə müəyyən nəticələrin çıxarılması mümkündür.

Təbii ki, Sarkisyan Almaniyaya şikayətlənmək yolu ilə Rusiyaya göstərmək istəyir ki, Qərb yönümlü siyasətə keçəcək. Yerevan belə primitiv şantaj yolu ilə Moskvanın Bakıya daha çox təzyiq göstərməsinə çalışır. Bu, ilk növbədə onu göstərir ki, Rusiya əvvəlki illərdən fərqli olaraq, kəskin ermənipərəst mövqe tutmayıb və tərəflər arasında kompromisin əldə olunmasının işğal altındakı rayonların qaytarılması üzərində qurulmasının tərəfdarı kimi çıxış edir. Erməni mətbuatında da Moskvanın Yerevanı 7 rayonu qaytarmağa məcbur etməsi barədə vaxtaşırı məlumatların verilməsi bu fikri təsdiq edir.

Moskvanı şantaj etmək üçün Yerevanın Berlini seçməsi təsadüfi deyil. Avropanın üç əsas paytaxtı – London, Paris və Berlin arasında müqayisə apararsaq, Berlin Yerevanın qarşısında duran seçimlər arasında bu iş üçün yarayan ən məqbul variantdır. Belə ki, Böyük Britaniya neft maraqları səbəbindən ümumiyyətlə Yerevanı yaxın buraxmayacaqdı, Parisə səfərlə isə Sarqisyan Qərbə yönəldiyini Moskvaya təsirli şəkildə nümayiş etdirə bilməyəcəkdi. Kreml bu səfəri erməni icmasının öz həmyerlisinə olan ənənəvi qonaqpərvərliyinin nümanəsi kimi qiymətləndirəcəkdi.

Digər tərəfdən, güman ki, ermənilər I Avropa Oyunları ərəfəsində bir sıra Almaniya mətbu orqanlarında Azərbaycana qarşı tənqidi məqalələrin dərc olunmasını unutmayıblar və düşünürlər ki, yenidən Berlini Bakıya qarşı qaldıra bilərlər. Ancaq Sarqisyan anlamır ki, bunlar elə Avropanın oyunları idi və artıq çoxdan başa çatıb.

Ermənistanın Naxçıvana zərbələr endirməsi də onu sübut edir ki, Yerevanın 4 günlük müharibə sonrası bütün siyasəti Rusiyanın Azərbaycana qarşı daha sərt addımlar atması üzərində qurulub. Çünki Naxçıvandan cavab zərbəsi yalnız Ermənistanın ərazisinə endirilə bilər. Bu isə Azərbaycanın Ermənistanın ərazisinə hərbi müdaxilə etmə ehtiyacını yaradır. Belə olan halda Yerevanın Rusiya qoşunlarının ölkəmizə qarşı müharibəyə qatılmasını tələb etməyə əsası yaranır.

Təbii ki, Almaniya Ermənistanın müraciətini nəzərə alıb Qafqazda pay və mövqe sahibi olmaq üçün müəyyən addımlar ata bilər. Hətta Berlin bu faktordan Rusiyaya qarşı da istifadə edə bilər ki, nəticədə Azərbaycanın maraqlarına zərbə vurulması mümkündür. Prezident İlham Əliyevin gözlənilən Almaniya səfərində güman ki, qeyd olunan risklərin qarşısı alınacaq.

Eyni zamanda, Yerevan da nümayişkəranə şəkildə Rusiyaya qarşı çıxmaqla müəyyən risklərlə üz-üzədir. Yerevan anlayır ki, Moskva heç bir halda Ermənistanın öz təsir dairəsindən çıxması ilə razılaşmayacaq və məhz bu amilə güvənir. Çünki, Ermənistan Rusiyanın Qafqazda qalan sonuncu dayaq nöqtəsidir.

Lakin Sarqisyan bir məqamı unudur ki, Moskva Ermənistanı əldən verməklə razılaşmaya bilər, ancaq bununla belə, Kreml üçün öz maraqlarına cavab verməyən hakimiyyəti devirməsi elə böyük itki hesab olunmaz. Kremlin ehtiyat prezidentlər skamyasında Robert Koçaryan kimi fiqurun oturmas; Moskva üçün lazımi seçim imkanı yaradır.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti