Banklar çətin durumda - 11 milyard pul bata bilər
Azərbaycanda problemli kreditlərin həcmi kritik həddi keçib. Mərkəzi Bank bu istiqamətdə müəyyən addımlar atsa da, kredit sahəsində ciddi problemlər mövcuddur. Belə ki, banklar vətəndaşlara verdiyi kreditləri əksər hallarda geri ala bilmir, problem böyüyərək məhkəmə çəkişmələrinə kimi gəlib çatır.
İqtisadçılar hesab edirlər ki, problemli kreditlərin çoxalmasını yalnız borclananların ayağına yazmaq düzgün deyil.
İqtisadçı Samir Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda dollar kreditlərinin həcmi 11 milyard manat təşkil edir. Onun fikrincə, məzənnə siysətinə dəyişiklik edilməsə, kreditlərin yarısının qayıtma ehtimalı sual altındadır:
“2016-cı ilin fevral ayına olan məlumata görə, ölkə üzrə kredit qoyuluşu 21, 2 milyard manatdır. Bunun 11 milyardı xarici valyutadadır. Rəsmi məlumatlarda 1,3 milyard problemli kredit var. Düşünürəm ki, məzənnə siyasətinə hər hansı dəyişiklik edilməsə, 11 milyardın geri qaytarılması mümkün olmayacaq. 5-6 milyard manat kreditin geri qayıtması sual altındadır. Bu gün bankların müəyyən qismi vaxtı uzadır, faizləri aşağı salır, müəyyən güzəştlər edirlər. Amma bu problemin həlli demək deyil”.
Gültəkin Ələsgər
AzVision.az