Terror 2.0: Niyə Avropa `yeni dalğa`nın qarşısında acizdir? - TƏHLİL

Terror 2.0: Niyə Avropa `yeni dalğa`nın qarşısında acizdir? - TƏHLİL
  26 Mart 2016    Oxunub:7651
Belçikadakı partlayışlardan cəmi bir neçə gün qabaq Hollivudun qlobal terrordan bəhs edən yeni blokbasterinin premyerası olmuşdu. “Londunun süqutu” adlı filmdə ərəb əsilli şəxslərin başçılıq etdiyi terror şəbəkəsi Britaniyanın paytaxtında dəhşətli terror aktları törədir, ora gəlmiş dövlət başçılarını öldürür, Amerika prezidentini girov götürürlər. Filmdə bunu etmək üçün terrorçular əvvəlcədən öz adamlarını polis və təhlükəsizlik qurumlarında yerləşdirmişdilər.

Maraqlıdır ki, bir neçə gün sonra Avropa Birliyinin paytaxtı sayılan Brüssel terrorçuların qarşısında süqut etdi. Burada da terroru törədənlər Belçika vətəndaşı olsalar da, ərəb əsilli şəxslərdir – Bəkraui qardaşları və Nəcim Lahraui. Qardaşlar hava limanında işə düzəlmişdilər. Biri hətta belçikalı polisin qızı ilə nişanlanmışdı. Nəcim Lahrainin isə Angela Merkellə selfisi hazırda Avropada sosial şəbəkələrin bir nömrəli müzakirə mövzusudur.



Bu, nə deməkdir? O deməkdir ki, terror artıq Avropa cəmiyyətinin lap daxilinə nüfuz edə bilib. Fanatik terrorçular ətraflarına heç nə hiss etdirmədən Avropada yaşayır, işləyir, onların qızları ilə evlənir, dövlət başçıları ilə selfi çəkdirirlər. Paradoksal da olsa, terrorla mübarizənin getdikcə güclənməsinə baxmayaraq, Avropa heç vaxt terrorun qarşısında bu qədər açıq və bu qədər aciz olmamışdı. Çünki 11 sentyabr hadisəsindən sonra başlayan sözdə terrorla mübarizə reallıqda siyasi oyuna çevrildiyi üçün, terroru məhv etmədi; tam əksinə, imkan yaratdı ki, terror mutasiya edən mikrob kimi dərmana qarşı dözümlük qazansın, yeni forma və məzmuna keçsin.

Tibbdə həkimlər ən çox bundan qorxurlar: mikrobların antibiotiklərə dözümlü olan yeni nəslinin yaranmasından. Çünki məlum deyil ki, onlara qarşı nə ilə mübarizə aparmaq olar. Hazırda qlobal terror da eyni mutasiyanı yaşayır: ənənəvi antiterror kampaniyalarına qarşı tam immunitet əldə edib, yeni terrorçular nəsli yetişib və məlum deyil ki, onlara qarşı necə mübarizə aparılmalıdır. Bunun nəticəsidir ki, ötən ilin yanvarından bu yana Avropada 3 dəhşətli terror aksiyası yaşanıb: 2015-ci ilin yanvarında Şarli Hebdo olayı, noyabrda Paris terroru, bu həftə isə 34 nəfərin ölümü, 300-dən çox şəxsin yaralanması ilə başa çatan Bürüssel faciəsi.



Bu teraktlar həm də onu göstərdi ki, zahirən çox güclü, sabit və təhlükələri qarşılamağa hazır görünən Avropa sivilizasiyası əslində nə qədər zəif və kövrəkdir. İki terror aksiyası faktik olaraq Avropanın siyasi paytaxtında həyatı iflic etdi. Bütün ictimai nəqliyyat dayandı, banklar, restoranlar, mağazalar bağlandı, insanlar evlərinə qapılıb, küçəyə çıxmadılar. Səhmlər, hətta valyutalar düşdü. İki Atom Elektrik Stansiyasının – “Tianj” və “Dul”un heyəti evakuasiya edildi. Avropa Komissiyasının binası boşaldıldı, Belçikanın nazirlər kabineti və parlamenti təxliyə olundu, hətta kral Filip arvadı Matildə ilə birlikdə sarayı tərk etdi. Yaxşı, bəs, iki yox, məsələn, beş partlayış baş versə, vəziyət necə olacaqdı? Elə həmin atom elektrik stansiyasında planlaşdırılan terror gerçəkləşdirilsə, Avropa nə günə düşəcəkdi?

Bütün bunlar terrorla mübarizə aparan əsas hərbi-siyasi qurum olan NATO-nun baş qərargahının yerləşdiyi şəhərdə baş verir. Üstəlik, metronun partladılan stansiyası Avropa Şurası və Komissiyasının yerləşdiyi, “Avropa kvartalı” adlanan ərazinin yanındadır. Sanki terrorçular qəsdən Avropa strukturlarına nə qədər yaxın olduqlarını göstərməyə çalışıblar. Ankarada baş verən partlayışların Baş Qərargaha və Nazirlər kabinetinə yaxın olması kimi. Görünür, bu da müasir terrorda təzə trenddir.

Məsələnin başqa tərəfi maraq doğurur: axı Parisdə baş verən iki terrordan sonra aydın idi ki, Avropada yeni dalğa başlayıb və teraktlar davam edəcək. Elə isə, niyə Brüssel terrorunun qarşısını almaq mümkün olmadı? Özü də, onun izləri gedib Paris terroruna çıxırsa?..

Çünki terrorla mübarizədə seçilən ümumi strategiya səhvdir. Və nə qədər ki, yanaşma dəyişməyib, faciələr davam edəcək, terrorçular həmişə xüsusi xidmətlərdən və polisdən bir addım qabaqda olacaqlar. Nə qədər ki, terrora yanaşmada ikili standartlar davam edir, terrorçulara “bizə sərf edən və etməyən” meyarı ilə yanaşılır, Avropa həmişə bu hədənin qarşısında indiki kimi aciz qalacaq.

Yəqin ki, Belçika terrorunun uzağa gedən siyasi nəticələri də olacaq. Bu hadisə Avropada miqrantlar siyasətinin kökündən dəyişməsinə, miqrantlara liberal yanaşan və “açıq qapı” siyasəti yürüdən Merkel kimi liderlərin mövqelərini itirmələrinə, Birlikdə mərkəzdənqaçma meyillərinin güclənməsinə təsir edəcək. Avropa Birliyində qalıb-qalmamaqla bağlı Britaniyada keçirələcək referendumun nəticəsinə də, yəqin ki, təsirsiz ötüşməyəcək. Beləliklə, terror Avropa siyasətinə təsir vasitəsinə çevrilməyə başlayır.

Amma ən pisi odur ki, hər kəs başa düşür: Bu, son deyil. Avropada açıq çağırışlar səslənir ki, terror təhlükəsilə yanaşı yaşamağa öyrənmək lazımdır. Yəni “köhnə dünya”da yeni dövrün başladığını artıq anlayırlar. Belə görünür ki, faciədən danışarkən göz yaşlarını saxlaya bilməyən Avropa Birliyinin xarici siyasət komissarı xanım Moqerini bu gedişlə, ağlayan tək avroməmur olmayacaq.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti