Ermənistan regional elektrik şəbəkəsindən də qıraqda qalacaq – TƏHLİL
İş ondadır ki, bu cür məsələlərin həllində Ermənistanın iştirakı mümkün deyil. Bunu Tehran tərəfi yaxşı bilir. Götürək, Azərbaycan prezidentinin bu yaxında İrana etdiyi səfəri. Bu gün cənub qonşumuz ilə ölkəmiz arasında mövcud iqtisadi-ticarət əlaqələrinin vəziyyətindən və o cümlədən, bu sahədə gələcək inkişafdan söhbət düşdükdə 2 ölkənin nəqliyyat infrastrukturunun birləşdirilməsi və bunun vacibliyi istər-istəməz ən birinci məsələ sayılır. Çünki bundan sonraki bütün vəzifələr və istəklər, həmçinin əldə olunması istənilən bütün növ səmərə qeyd olunan məsələyə bağlıdır. Bu baxımdan, dövlət başçımızın İrana məlum səfəri zamanı 2 dövlət arasında imzalanan sənədlər sırasında Azərbaycan-İran sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqda müqavilənin imzalanması böyük əhəmiyyət kəsb etdi.
Ümumiyyətlə, Prezident İlham Əliyevin səfəri zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atıldı. Sözügedən dəhliz yolun tikilib istifadəyə verilməsi Azərbaycan ilə İran vasitəsilə 2 qitəni – Avropa ilə Asiyanı birləşdirəcək... Başqa sözlə desək, Astara-Astara tranzit dəhliz dəmir yolu Şimal ilə Cənub arasında bir növ körpü rolunu oynayacaq.
Bunun isə nə demək olduğu belə xarakterizə oluna bilər ki, söhbət təkcə, bu və ya digər ölkələr arasında deyil, regionlar arasında əlaqələrdən, onun gələcək inkişafından gedir. Belə ki, Şimal ilə Cənub arasında iqtisadi-ticari əlaqələr ən azı Rusiya kimi nəhəng bir ölkə ilə Yaxın Şərq ölkələri arasında qarşılıqlı mal mübadiləsi, daşımalar və s. demək olacaq. Belə bir yol üzərində yerləşmək, praktik olaraq alternativsiz tranzit ölkəsi olmaq isə Azərbaycan üçün dividentlər gətirəcək. Yəni, bu, birincisi milyonlarla xarici valyuta şəklində gəlir demək olacaq, ikincisi, qeyri-neft sektorunun inkişafı üçün əvəzsiz dəstək sayılacaq, üçüncüsü, regionda nəqliyyat mərkəzinə çevrilmək şanslarını avtomatik gerçəkləşdirəcək.
Dördüncüsü və ən vacibi isə Azərbaycan gələcəkdə İran körfəzi ölkələrinə asan çıxmaq imkanı əldə edəcək ki, Qəzvin-Rəşt-Astara dəmir yolu da tikilib istifadəyə verilməklə bu, tam reallaşacaq…
Odur ki, Astara-Astara tranzit dəmir yolu dəhlizi Azərbaycan üçün bəlkə İrandan daha çox vacibdir. Ona görə də, ölkəmiz bunun gerçəkləşməsi üçün demək olar, hər şeyə hazırdır. Belə ki, ölkəmiz sözügedən sahədə üzərinə düşən vəzifəni bu ilin sonuna qədər icra edəcək ki, dəmir yolumuz İran sərhədinə qədər çəkilib başa çatdırılacaq. Çünki burada cəmi 8 kilometrdən söhbət gedir, eyni zamanda, 100 metrlik məsafədə çay üzərində körpü də salınacaq. Dəhliz işə düşdükdən sonra ilkin olaraq 5 milyona qədər yük daşınacaq. Region ölkələri xeyir gördükcə bu rəqəm də artacaq.
Ümumiyyətlə, Qəzvin-Rəşt-Astara dəmir yolu tikilib istifadəyə verilərsə, ölkəmizin Orta Asiya və Avropa ölkərinin Fars Körfəzi və Hind okeanına çıxışı və o cümlədən əks istiqamətdə nəqliyyat daşımalarından illik gəliri 300-400 milyon ABŞ dolları qədər və ola bilsin, bir az da çox təşkil edəcək ki, hazırda bütün növ yük daşımalarından gəlirimiz elə məhz bu qədərdir.
Sonda gəlirik yenə elektrik məsələsinin üzərinə. Ermənistan və Gürcüstan da qeyd etdiyimiz dəmir yolunun öz üzərlərindən keçməsini istəyirdilər. Ancaq qeyd etdiyimiz kimi, ölkəmiz bu sahədə alternativsiz imkanlara və mövqeyə sahib olduğundan, Rusiya ilə İran da qəbul etməli oldular ki, Azərbaycandan başqa variant yoxdur.
Rusiya, İran, Azərbaycan və Gürcüstan ilə Ermənistan arasında ortaq elektrik şəbəkəsinin yaradılması haqda isə ümumiyyətlə, müzakirə aparıla bilməz...
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: