Yad sivilizasiyadan radiosiqnal gəlib? – ELMİ SENSASİYA

Yad sivilizasiyadan radiosiqnal gəlib? – ELMİ SENSASİYA
  04 Mart 2016    Oxunub:29591
Hazırda dünya astronomlarının diqqəti kosmosdan gələn və şərti olaraq `FRB 121102` adlanan radiosiqnalın araşdırılmasına yönəlib. İstisna deyil ki, bu siqnal əsrin sensasiyası ola bilər.

İlk dəfə 2007-ci ildə astronomlar Avstraliyada yerləşən Parks radioteleskopu vasitəsilə bizdən 6 milyard işıq ili məsafədə yerləşən elliptik qalaktikadan gələn radiosiqnalları qeydə almışdılar. Amma o zaman bu siqnalların təsadüfi ola biləcəyi, yaxud, təbii xarakter daşıyacağlı istisna edilməmişdi. Belə ki, neytron ulduzlar birləşəndə, yaxud yeni `qara dəlik`lər yarananda da kosmosa radiosiqnallar yayılır.

Amma aradan keçən müddət ərzində həmin sirli siqnallar 9 dəfə yenidən təkrarlanıb. Həm də hər dəfə eyni qalan konkret struktur və dövriliklə. Bu isə onların təsadüfi xarakterli olması gümanını azaldır və yad sivilizasiyadan gəlmə ehtimalını artırır.

AzVision.az `Nature` jurnalına istinadən xəbər verir ki, indiyə qədər astronomlar buna bənzər siqnallar qeydə almamışdılar. Makgill Universitetinin astronomu Pol Şolts (Paul Scholz) 2015-ci ilin noyabrında Puerto-Rikodakı məşhur Aresibo teleskopunun topladığı məlumatları təhlil edərkən bəlli olub ki, kosmosda bir qədər kənarda yerləşən başqa mənbədən də eyni siqnallar eynü güclə, eyni davamiyyətlə yayılırlar. Bir çox digər parametrlər də üst-üstə düşür.

Bu, o deməkdir ki, ya kosmosda indiyədək elmə məlum olmayan yeni radiosiqnal mənbələri var, ya da hansısa kənar sivilizasiya iki mənbədən kosmosa eyni radiosiqnallar göndərir.

Ola bilərmi ki, sırf təbii proseslər nəticəsində yaranan iki mənbə eyni radiosiqnallar yaysın? Bu ehtimal həddindən artıq zəifdir.

Hazırda dünya astronomları sirli siqnalın araşdırılması üçün güclərini birləşdirməyə çalışırlar. Bir çox başqa radiorəsədxanaları da vahid şəbəkə halında birləşdirmək istiqamətində iş gedir. Alimlər qeyd edirlər ki, hazırda FRB 121102 siqnalının mənşəyini və təbiətini başa düşmək kritik əhəmiyyət daşıyır.

Tariyel Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti