Sahibkarlardan nazir müavininə şikayət: `Faizlər yüksəkdir`
Ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün daha əlverişli biznes mühiti yaradılması məqsədilə cari ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, dövriyyəsi 200000 manatdan yuxarı olan, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilib. Bu zaman ticarət sektorunda çalışan sahibkarlıq subyektləri 6%, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar isə 8% dərəcə ilə sadələşdirilmiş vergi ödəyəcəklər.
O cümlədən, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb ki, bu da bir çox sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi rejimini tətbiq etmək imkanı verir.
Ölkədə sahibkarlıq subyektləri üçün ən mütərəqqi və sadə qeydiyyat sistemi mövcuddur. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Vergilər Nazirliyi isə öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin dayandırılması barədə qərar qəbul edib.
Bütün bunlar sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə aparılan əsaslı islahatların bir hissəsidir. Bundan sonra ölkə iqtisadiyyatının inkişafının bilavasitə sahibkarlığın inkişafından asılı olacağı barədə ölkə başçısı cənab İlham Əliyevin sözlərini görüş iştirakçılarının nəzərinə çatdıran nazir müavini qeyd edib ki, bu addımlara adekvat olaraq, sahibkarlar da işlərini şəffaflıq prinsipləri əsasında qurmalı, vergilərini düzgün hesablayıb dövlət büdcəsinə tam həcmdə və vaxtında ödəməlidirlər.
Vergi uçotunun aparılmasında şəffaflığın təmin olunması hazırda qarşıda duran ən mühüm məsələlərdən biridir. Vergi ödəyiciləri dövriyyələrini düzgün göstərməli və sənədləşdırmə işlərini qaydasına salmalıdırlar. Bu sahədə hansısa problemlə üzləşən vergi ödəyiciləri Bakı Vergilər Departamentinə və müvafiq ərazilərdəki vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Sonra vergilər nazirinin müşaviri, Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Habil Məmmədov çıxış edərək, ticarət obyektlərində sənədsiz malların satışının yolverilməz olduğu və yaxın vaxtlarda bununla bağlı nəzarət tədbirlərinin keçiriləcəyi barədə məlumat verib. Görüşdə nəzarət-kassa aparatlarından və POS-terminallardan istifadəni genişləndirmək, vergi orqanları ilə partnyorluq münasibətlərini dərinləşdirmək və ortaya çıxan sualları birlikdə həll etməklə bağlı tövsiyələr verilib.
Daha sonra yerli istehsalçıların öz mallarına sənəd vermədikləri, sənədsiz köhnə mal qalıqları, POS-terminallardan geniş istifadəyə əngəl törədən yüksək bank faizləri və digər məsələlərlə bağlı vergi ödəyicilərinin çoxsaylı sualları cavablandırılıb.
AzVision.az