`Bu addım kreditləri bahalaşdıracaq` - Ekspert rəyi

`Bu addım kreditləri bahalaşdıracaq` - Ekspert rəyi
  15 Fevral 2016    Oxunub:3681
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

AMB-dən bildirilib ki, bu addım milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün atılıb.

Mərkəzi Bank uçot dərəcəsini nədən artırıb?

İqtisadçı Samir Əliyevin fikrincə, milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün Mərkəzi Banklar uçot dərəcəsini qaldırır.

İqtisadçı qeyd edib ki, bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi: “Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib. Çünki MB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. MB-nin bu addımı inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”-deyə S.Əliyev vurğulayıb.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, manatın stabilliyinin qorunub saxlanması bankın uçot dərəcəsindən çox asılıdır. Deputatın fikrincə, hazırda uçot dərəcəsinin 5 faizə qaldırılması manatın stabilliyi üçün nəzərdə tutulub.

“Neftin qiymətinin kəskin artmaması, eyni səviyyədə, 30-32 dollar arasında dəyişməsi manata təzyiqi artırır. Təzyiqlərin qarşısını almaq üçün yeganə yol Mərkəzi Bankın uçot dərəcəsini qaldırmaq və qeyri-neft sektorunu mümkün qədər ixracyönümlü məhsulların istehsal edilməsinə yönəltməkdir. Hələlik ikinci baş vermədiyindən Mərkəzi Bank uçot dərəcəsini qaldırdı”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti