Azərbaycanın nano peykləri də olacaq – MÜSAHİBƏ

Azərbaycanın nano peykləri də olacaq – MÜSAHİBƏ
  11 Fevral 2016    Oxunub:4335
Azərbaycan `kosmik klub`a qoşulandan sonra bu istiqamətdəki layihələrimiz getdikcə genişlənməkdədir. Kosmik sənaye sahəsində hansı işlərin görüldüyü və görüləcəyi ilə bağlı AzVision.az-ın suallarını “Azərkosmos” ASC-nin Peyk əməliyyatları qrupunun rəhbəri Dunay Bədirxanov cavablandırıb.

- `Azerspace-2` peykinin təyinatı nə olacaq və nə zaman işə düşəcək?


- 2017-ci ildə orbitə buraxılacağı planlaşdırılan `Azerspace-2` peyki Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki olacaq. Azerspace-2 peyki vasitəsilə əsasən, Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Tropik Afrika regionlarında ödənişli televiziya (DTH), hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətləri reallaşdırılacaq. Davamlı xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi, yeni müştərilərin cəlb olunması ilə yanaşı, `Azerspace-2` peyki `Azerspace-1` peykinin əhatə zonasını genişləndirəcək və peyk xidmətləri sahəsində ona ehtiyat dəstək rolunu oynayacaq.

- `Azərkosmos`da azərbaycanlı və əcnəbi mütəxəssislərin nisbəti necədir?

- Hazırda `Azərkosmos`da yalnız bir əcnəbi vətəndaş çalışır. `Azərkosmos` təsis edilərkən qarşıda duran əsas məqsədlərdən biri operatoru olacağı peyklərin azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunması idi. Bu məqsədlə cəlb olunmuş əcnəbi mütəxəssis və məsləhətçilərin qarşısında qoyulan əsas hədəflərdən biri də yerli kadr potensialının yaradılması idi. Yüksək ixtisaslı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, `Azərkosmos` əməkdaşları şirkətin partnyorları olan ABŞ-nın “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzunmüddətli nəzəri və təcrübi stajkeçmə təlimlərlə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak ediblər.

`Azerspace-1` peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. Tam əminliklə deyə bilərik ki, əməkdaşlarımızın kadr hazırlığı dünya standartlarına cavab verə biləcək səviyyədədir. Buna misal olaraq buraxılış zamanı 15 illik istismar müddəti nəzərdə tutulan `Azerspace-1` orbitdə olduğu ötən dövr ərzində effektiv idarə olunması nəticəsində bu müddət 16,7 ilədək artırılıb. Yerli yüksək ixtisaslı kadrların olması onlara əldə etdiyi bilik və bacarıqları telekommunikasiya peyklərininin idarə olunmasında növbəti nəsil kadr potensialının yetişdirmək imkanı verir.

- Azərbaycan özünün kosmik istiqamətdə elmi araşdırmalarını, tədqiqatlarını aparırmı?

- Artıq Azərkosmosda “Azərbaycan Tətbiqi Elmlər Mərkəzi” adı altında laboratoriya təşkil edilib və mərhələli şəkildə elektron cihazların layihələndirilməsinə başlanılıb. Bununla yanaşı, laboratoriyanın imkanlarının tədricən genişləndirilməsi, kosmik sahədə digər tədqiqatlar və araşdırmaların aparılması da nəzərdə tutulur.

- Ölkəmizin gələcəkdə daha iddialı kosmik layihələr həyata keçirməsi mümkündürmü?

- Bildiyiniz kimi, ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahələrinin, xüsusilə kosmik sənayenin davamlı inkişafının yeni mərhələsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2009-cu ilin avqust ayında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanması ilə başladı. Qeyd edək ki, ölkəmizdə kosmik sənaye inkişafı mərhələli şəkildə – peyk idarəetməsində kadrların yetişdirilməsi, peyk operatorunun təsis edilməsi, operatoru olacağı peyki istismara qəbul etməsi, daha sonra peyk xidmətlərinin təşkil olunması mərhələləri üzrə davam etdirilir.

Detallı seçim prosesi nəticəsində formalaşmış Azərkosmosun texniki heyətinin 30%-i Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən dövlət xətti ilə təhsillərini dünyanın aparıcı universitetlərinin elektrik mühəndisliyi, Aerokosmik Mühəndislik, Elektrik və kompyuter mühəndisliyi/Külək enerjisi layihələrinin idarəedilməsi, Naqilsiz kommunikasiya və siqnalların emalı, Robotlaşdırma və avtomatlaşdırma, Avianəqliyyat istehsalatın təşkili mühəndisliyi fakültələrində təhsil alıblar. Bu, onlara əldə etdiyi bilik və bacarıqları nəinki telekommunikasiya peyklərininin idarə edilməsində tətbiq etmək, həmçinin, kosmik tətqiqatlara qoşulmaq və maraqlı layihələr ortaya qoymaq imkanı verir.

Nano peyklərin istehsalı ilə əlaqədar Azərkosmos Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq edir.
(*Nano peyklər – çəkisi 1-10 kiloqram arasında olan və xüsusi missiyalar üçün hesablanan xüsusi kiçik peyklərdir – red.)
Bundan başqa, Milli Aviasiya Akademiyası ilə birgə əməkdaşlıq şəraitində, həmçinin, Tələbə peyki - “CanSat” layihəsinə başlanılıb və hazırda peykin hazırlıqları gedir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti