İtaliya şirkəti NEZ-i yenidən quracaq

İtaliya şirkəti NEZ-i yenidən quracaq
  11 Fevral 2016    Oxunub:2394
Bu gün SOCAR və İtaliyanın “KT-Kinetics Technology S.p.A” şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, “Maire Technimont Group”un vitse-prezidenti, eyni zamanda “KT-Kinetics Technology S.p.A” şirkətinin İdarə Heyətinin sədri, prezidenti Cannı Bardazzi (Gianni Bardazzi), İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo (Giampaolo Cutillo) və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən R. Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in yenidənqurulması layihəsi hal-hazırda şirkətin həyata keçirdiyi ən vacib layihələrdən biridir. Həyata keçiriləcək yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyon tondan 7.5 mln tona artırılması, Katalitik Krekinq qurğusunun gücünün 2 milyon tondan 2.5 milyon tona yüksəldilməsi, bir neçə yeni qurğunun tikilərək istismara verilməsı və zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsularının istehsalı nəzərdə tutulur. Zavodun yenidən qurulması planına kükürdün alınması üzrə yeni bir qurğunun inşa edilməsi də daxildir. Bu məqsədlə kükürdün alınması texnologiyası üzrə dünyanın qabaqcıl şirkətlərdən biri olan “KT-Kinetics Technology S.p.A” şirkəti lisenziar olaraq seçilib.

Daha sonra müqavilə imzalanıb.

Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən “KT-Kinetics Technology S.p.A” şirkətinin biznesin inkişafı üzrə meneceri Mikele Colozzi (Michele Colozzi) imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması məqsədi ilə Avstriyanın "Poerner", Fransanın "Axens", İngiltərənin UOP şirkətləri ilə də müqavilə imzalayıb.


Teqlər:  





Xəbər lenti