`Bəs, onlar maaşları haradan alacaqlar?`

`Bəs, onlar maaşları haradan alacaqlar?`
  10 Fevral 2016    Oxunub:2888
“Ötən il Vergilər Nazirliyi yanında Vergi Apelyasiya Şurasında 59 işə baxılıb”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, baxılan 59 işdən 27-si vergi ödəyicilərinin xeyrinə həll olunmuşdu.

Nazir müavini vergi güzəştləri məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, kənd təsərrüfatı uzun illərdir vergilərdən azaddır: “Vergi güzəştləri tətbiq ediləndən bu günə qədər təxminən 2 milyard vəsait kənd təsərrüfatı sahəsində çalışan vergi ödəyicilərinin əllərində qalıb. Bu da onların öz fəaliyyətlərini genişləndirməsindən ötrüdür”.

Nazir müavini deyib ki, bu yaxınlarda ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkəyə daxil olan un, buğda və buğdadan istehsal olunan məhsullar əlavə dəyər vergisindən azad olunub: “Başqa azad olmalar da var. Amma bir şeyi bilməliyik ki, biz bütün sahələri vergilərdən azad etsək, bəs vergilər haradan daxil olacaq? O zaman müəllimlərimiz, həkimlərimiz, hərbçilərimiz haradan maaş alacaq? İnkişafımızın hansısa mərhələsində hansı sahəyə güzəşt verilməlidirsə veriləcək, hansı güzəşt qaldırılmalıdırsa? o qaldırılacaq. Bunlar müvəqqəti olur”- deyə Sahib Ələkbərov bildirib.

“Azərbaycanda hazırda vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat həcmində borcu var” - deyən Sahib Ələkbərov bildirib ki, bu məbləğ bir neçə ildir bu səviyyədə dəyişir: "Vergi ödəyicilərinin könüllülüyü hər il artır. Hazırda vergi ödəyicilərinin könüllüyü 70% təşkil edir. Vergi borclarına gəldikdə isə bu, bütün sahələrdə var".

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti