Rusiya Azərbaycana qaz sata bilər

Rusiya Azərbaycana qaz sata bilər
  10 Fevral 2016    Oxunub:3042
Hazırda Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanları müzakirə edilir.
AzVision.az-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda” nəşrinə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, Rusiyanın aparıcı neft-qaz şirkətləri Azərbaycanla uğurla əməkdaşlıq edirlər: “Məsələn, “Lukoyl” Xəzərdə ən iri “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin sərmayəçisidir. “Qazprom” SOCAR-la sıx əməkdaşlıq edir. İndi isə Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanı müzakirə olunur. SOCAR və “Rosneft” şirkəti Avropada qeydiyyatda olan birgə şirkət yaradıblar. Azərbaycanda həmçinin ildə 1 milyon ton neft hasil edən Rusiyanın “Russneft” neft şirkəti də çalışır”.

Rusiya rəsmisi, həmçinin iki ölkə arasında elektrik enerjisi sahəsində sıx əməkdaşlığın qurulduğunu qeyd edib: “Azərbaycan və Dağıstan arasında elektrik enerjisinin mübadiləsinə dair razılaşma tam icra olunur. Biz hazırda bu aspektdə Rusiya, Azərbaycan və İran arasında “üçbucağın” yaradılması üzərində çalışırıq. Bütün bunlar insanlar üçün yeni iş yerlərinin yaradılması deməkdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti