“Azəryolservis” kredit alır

“Azəryolservis” kredit alır
  05 Fevral 2016    Oxunub:1788
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovla görüşüblər.
Bu barədə Cəmiyyətdən AzVision.az- a daxil olan məlumatda bildirilib. Görüşdə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə müzakirələr aparılıb. Danışıqların hazırkı mərhələsində layihə üzrə kredit sazişinin ilkin şərtləri, layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi, sosial məsələlər və köçürmə üzrə tədbirlər planı ətrafında müzakirələr aparılır. Danışıqlar müsbət nəticələnərsə, layihə üzrə kredit sazişinin imzalanması baş tutacaq.

Qeyd edək ki, Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna 2 zolaq əlavə edilməklə I-b texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində 16 körpü, 20 yol qovşağı və 10 yol ötürücüsünün tikintisi planlaşdırılır. Eni 27,5 metr olacaq yolun örtüyünün polimer asfalt-beton olması nəzərdə tutulub. Hər bir zolağın eni 3,75 metr olmaqla ümumilikdə sayı 4, yol geyiminin qalınlığı isə təqribən 65 sm olacaq.

Yol boyu hər iki istiqamət üzrə 3,75 metr enində çiyinlər və 5 metr enində ayırıcı zolağın olması planlaşdırılır. Layihə üzrə yol boyu 80 ədəd avtobus dayanacağı, nəqliyyat vasitələri üçün 23, piyadalar üçün isə 32 yeraltı keçidin tikintisi nəzərdə tutulur. Bundan başqa, layihə üzrə tikintinin aparıldığı ərazidə 140 ədəd kommunikasiya və 552 ədəd müxtəlif diametrli borular quraşdırılacaq.


Teqlər:





Xəbər lenti