Əhali pullarını banklardan çıxarır

Əhali pullarını banklardan çıxarır
  05 Fevral 2016    Oxunub:4609
Əmanətlərin banklardan çıxarılması sürətlənib. Mərkəzi Bankın məlumatına əsasən bu ilin əvvəlinə banklarda 9,4739 milyard manat əmanət var. 2015-ci il ərzində 3,1 milyard, təkcə dekabrda 640 milyon dollar çıxarılıb, yanvar ayının nəticələri isə hələ açıqlanmır.
Bank üzrə ekspert Əkrəm Həsənov AzVision.az-a bildirib ki, əmanətlər banklara əsasən dollarla yerləşdirilib.

“Yanvarın 1-ə olan məzənnəni götürsək, hazırda banklarda 6,1121 milyard dollar məbləğində əmanət var (cari məzənnə ilə isə daha da az – 5,9584 mlrd. dollar). 2015-ci ilin dekabrın 1-nə olan məlumata görə banklarda olan əmanətlərin məbləği 7,0895 milyard manat idi. O dövrdə olan məzənnə ilə 6,7519 milyard dollar. Bu isə o deməkdir ki, təkcə dekabr ayı ərzində banklardan 640 milyon dollara yaxın əmanət çıxarılıb.

2015-ci ilin yanvarın 1-nə olan məlumata görə banklarda olan əmanətlərin məbləği 7,1883 milyard manat idi. O dövrdə olan məzənnə ilə 9,2157 milyard dollar. Bu isə o deməkdir ki, 2015-ci il ərzində banklardan 3,1 milyard dollardan çox əmanət çıxarılıb”

Ekspert hesab edir ki, əmanətlərin banklardan kütləvi şəkildə çıxarılması prosesi davam edəcək: “Səbəb aydındır: bank sisteminə etimadın azalması, bəzi bankların bağlanması və sığortalanmamış əmanətlərin faktiki batması, mövcud bankların bir qisminin əmanətləri həyasızcasına və cəzasız olaraq qaytarmaması, bankların problemli kreditlərinin xeyli artması və nəticədə əmanətlərin batma ehtimalları və s. Bir səbəbi də xüsusi qeyd etmək lazımdır: dövlət istiqrazlarının buraxılması. Təbii, pulunu mütləq yerləşdirmək istəyən indiki dövrdə onu banka deyil, dövlətə etibar edəcək. Buna görə də əmanətlərdəki vəsaitlərin əksəriyyətinin dövlət istiqrazlarına axması qaçılmazdır”.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti