“Araz”ı qurutmaq istəyənlərə

“Araz”ı qurutmaq istəyənlərə
  08 İyul 2013    Oxunub:3899
Araz Əhmədov

Uzun illərdən sonra Naxçıvanı təmsil edəcək “Araz” komandasının bərpa ediləcəyini, yeni mövsümdən birinci divizionda mübarizə aparacağını eşidəndə , ürəkdən sevindim, bütün dostlarıma, həmkarlarıma, klubu ayağa qaldıranlara təbrik sözlərimi çatdırdım. Hər gün idman mətbuatından “Araz”la bağlı yeni-yeni məlumatlar almağa başladım.
Məmləkətimizdən ayrı düşən Naxçıvanın futbolsevərlərinin böyük futbolu yenidən izləyə bilmələri üçün bundan böyük şans ola bilməzdi. Görün blokadada ola-ola Naxçıvan torpağı futbolumuza nə qədər istedadlar bəxş edib. Komandanın yaranışı, baş məşqçinin təyinatı, seleksiya xarakterli məşqlərə start verilməsi...

“Araz” addım-addım böyüyür” dediyimiz zaman ortaya bir böyük “əmma” çıxıb... Belə ki, mətbuatda gedən xəbərlərdən aydın olur ki, PFL “Araz”a lisenziya vermək istəmir. Səbəb isə çox sadədir: bir neçə birinci divizon komandası Naxçıvana getməkdən imtina edərək, PFL-ə məktub ünvanlayıb.

Mən, birincisi, o məktubu ünvanlayan (həqiqətən də belə bir məktub varsa) klubların idarəçilərinə üzümü tutub demək istəyirəm ki, əgər bilmirsinizsə, Naxçıvanda Azərbaycanımızın bir parçasıdır. “Araz” adı da, “Qarabağ” adı qədər bizə doğma və əzizdir. Axı sizin Naxçıvan təmsilçisinə qarşı bu ögey münasibətinizi mənfur düşmənlərimiz də eşidirlər! İsrailli Qolda Meyrin dediyi kəlamlar qulağımda cingildəyir: “Bir ölkə, ən dar düşüncəli insanı qədər cılız, ən savadsız insanı qədər cahildir”. İndi təsəvvür edirsiniz, ermənilər sizin yazdığınız o məktuba görə fikirləşirlər ki, Azərbaycan əhalisi artıq Naxçıvana getmək istəmir... oranı vətəninin bir parçası hesab etmir... bunun məsuliyyətini siz daşıyırsınız, cənablar...

Ölkəmizin indiki vəziyyətində bütün bunların əksi yaşanmalı idi... klublarımızın əksəriyyəti (hətta hamısı) Naxçıvanı təmsil edənin komandanın yaranmasının zəruri olduğunu bildirməli idi. “Araz”a hər cür köməklik göstərilməli, qayğı ilə yanaşılmalı idi... Şəhər stadionu yenidən azarkeşlərlə dolmalı, Cəlil Məmmədquluzadənin torpağından “qol” səsləri eşidilməlidir. Biz hamımız bir millət kimi buna çalışmalıyıq...

Üzümü PFL rəhbərliyinə tutub demək istəyirəm ki, Naxçıvan camaatını futbolsuz qoymaqdansa, “Araz”ı yaranmamış yox etməkdənsə, düşmənin üzərindən keçib Naxçıvana getmək istəməyən klublarımızı cəzalandırsın. Cəzalandırsın ki, onlar Azərbaycanla Naxçıvanın bir bütöv olduğunu anlasınlar.
Naxçıvanda “Araz”ın ilk ev oyununda görüşənədək...


Teqlər:  





Xəbər lenti