Dövlət bu saytlara pul ayıracaq...

Dövlət bu saytlara pul ayıracaq...
  03 Fevral 2016    Oxunub:5213
“Ölkədə fəaliyyət göstərən internet xəbər portallarına dövlət yardımının ayrılması ilə bağlı təkliflər hazırlanıb. Mətbuatın 140 illiyi ilə bağlı ölkə başçısı ilə görüşdə bu məsələ müzakirə olunub”.
Bunu AzVision.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Şura sədri onlayn KİV-lərə pul ayrılmasının səbəbini belə izah edib: “Bütün dünyada olduğu kimi Azərbaycanda da onlayn media ictimai fikrə kifayət qədər təsir göstərir. Ölkədə KİV-lərlə bağlı reklam bazarı zəifdir. Bu bazar hələ tam formalaşmayıb. Həmçinin mətbuatın başqa gəlir sahəsi yoxdur. Bildiyimiz kimi yazılı mətbuata Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən maliyyə yardımı edilir. Eyni zamanda onlayn medianın da dövlət tərəfindən maliyyə yardımı almasına çalışmalıyıq.

Hazırda dünyada informasiya savaşı gedir. Belə bir məqamda ölkəmizlə bağlı məlumat verən informasiya saytlarına yardım edilməsi vacibdir. Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mətbuatın köməyi az deyil. Düşünürəm ki, indiki halda onlayn media dövlət dəstəyi almalıdır”.

Ə.Amaşovun sözlərinə görə, hansı xəbər saytlarına maliyyə ayrılması ilə bağlı prinsiplər müəyyən edilib: “İndi saytlar çoxdur. Ancaq onların böyük əksəriyyəti hüquqi şəxs kimi fəaliyyət göstərmir, qanunvericilikdə nəzərdə tutulan müvafiq icbari öhdəliklər yerinə yetirmirlər. Bəzən bir internet media orqanında rekvizitlər qeyd edilmir. Hansısa oxucu maraqlanır, ancaq həmin saytın rəhbərliyi barədə məlumat əldə edə bilmir. Təbii ki, belə saytlara dövlət dəstəyi şamil edilə bilməz”.

MŞ sədri vurğulayıb ki, internet xəbər portallarının dövlət yardımından faydalanmasına dair təkliflər müvafiq qurumlara təqdim olunacaq: “Hazırda bnu məsələ ilə bağlı müzakirələr aparılır. Bu prosesin tez başlamasını arzulayırıq. Amma müəyyən məqamların yenidən işlənilməsinə, dəqiqləşdirilməsinə ehtiyac var. Əsas odur ki, internet medianın ictimai münasibətlər sistemindəki roluna önəm verilir. Buna görə də ən yaxın vaxtlarda internet medianın dövlət dəstəyindən faydalanması prosesi başlanacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti