Banklar sürətlə bağlanır - bizə xeyri var, ya ziyanı?

Banklar sürətlə bağlanır - bizə xeyri var, ya ziyanı?
  29 Yanvar 2016    Oxunub:12942
“Bankların birləşdirilməsi və ya ləğv edilməsi əhali arasında narahatlıqla qarşılanır. Hesab edirəm ki, bankların birləşdirilməsi vətəndaşlar üçün vacib məsələdir və bu, doğru addımdır”.
Bu fikirləri AzVision.az-a iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən banklar ləğv edilən zaman əmanətçilərin aktivləri və passivləri müqayisə edilir: “Əgər aktivlər çoxdursa, əmanətlərin qaytarılması həmin aktivlərin hesabına həyata keçirilir. Bu halda vətəndaş üçün ciddi risk yoxdur. Aktivlər az olarsa, Əmanətlərin Sığortalanması Fondu işə müdaxilə edərək pulun qaytarılmasına çalışır”.

V.Bayramov qeyd edib ki, mövcud qaydalara əsasən 30 min manatadək olan və illik faizi 12%-dən çox olmamaq şərti ilə əmanətlər sığortalanır: “Bu o deməkdir ki, nisbətən böyük əmanəti olan vətəndaşın tam həcmdə əmanətinin qaytarılmasında risk olacaq. Əmanətçilərin vəsaitlərini tam şəkildə qaytarmaq mümkün olmayacaq. Həmişə təklif edirdik ki, əmanətlər mövcud şərtlər daxilində bir neçə bankda, ailədə bir neçə nəfərin adına yerləşdirilsin ki, risklər sığortalansın”.

Ekspert deyir ki, banklar bağlanarsa, kredit borclarının yığılmasında dəyişiklik olmayacaq. V.Bayramovun sözlərinə görə, Mərkəzi Bankın müəyyənləşdirdiyi agent banka öhdəlik transfer edilir və vətəndaş hansı şərtlərlə kredit götürübsə, həmin şərtlərlə də krediti ödəyir.

“Agent bankın kredit şərtlərini dəyişmək hüququ yoxdur. Yalnız vətəndaş istədiyi halda şərtlər dəyişə bilər. Bəzi vətəndaşlar hesab edirlər ki, bank bağlanarsa və yaxud birləşərsə, kredit borcları da silinir. Bu, yalnış fikirdir”.

Ekspert bildirib ki, bankların sayı ilə bağlı xüsusi standartlar olmasa da, Azərbaycanda bankların sayı digər qonşu ölkələrlə müqayisədə daha çoxdur:“Təbii ki, bankların birləşməsinə ehtiyac var. Bankların bağlanmasındansa, onların birləşməsi daha məqsədə uyğundur. Azərbaycanın mövcud maliyyə bazarının miqyasını, əhalinin sayını və adambaşına düşən ümumidaxili məhsulun həcmini nəzərə alsaq, bankların rəqabətliliyini artırmaq üçün bankların sayını 30-a qədər azaldılması yaxşı olar. Bu bankların bağlanması ilə deyil, onların birləşməsi yolu ilə həyata keçirilsə, daha məqsədə uyğundur. Çünki bankların birləşməsi bütövlükdə bank sektoruna inamın da qorunub saxlanmasına imkan verir. Bu bank sektorunda rəqabətin güclənməsinə, inamın artırılmasına və eyni zamanda bank sektorunun təkmilləşməsinə şərait yarada bilər”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti