`Səhər durub gördük ki, lisenziya ləğv olunub` - Bank Rəhbəri

`Səhər durub gördük ki, lisenziya ləğv olunub` - Bank Rəhbəri
  28 Yanvar 2016    Oxunub:6238
“Azərbaycan Mərkəzi Bankının lisenziyamızı ləğv etməsini heç cür başa düşə bilmirik”.
AzVision.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının keçmiş rəhbəri Eldar İsmayılov deyib.

“Kiçik bankların bağlanması qəbuledilməzdir”

Onun sözlərinə görə, lisenziyanın alınması barədə qərar bank üçün gözlənilməz olub: “Bizim bank məcmu kapital və digər göstəricilərlə bağlı tələbi artıqlaması ilə yerinə yetirirdi. Cənab prezident deyib ki, bank sektoru sağlamlaşdırılsın. Amma onu bu cür radikal addımlarla, kiçik bankları bağlamaqla etməzlər. Bu, qəbuledilməzdir. Daha liberal yollar var. Bazarda ancaq böyük bankların qalması o demək deyil, bank sektoru sağlam olacaq. “Azərbaycan Beynəlxalq Bankı” ölkənin ən böyük bankıdır, nə cür problemlər yaşadığı göz önündədir”.

“Məmnuniyyətlə konsolidasiyaya gedərdik”

Eldar İsmayılov deyib ki, AMB lisenziyanı ləğv etməzdən öncə heç konsolidasiyaya getməyi də təklif etməyib: “Gözlənilmədən çağırıb dedilər ki, lisenziyanı alırıq. Halbuki təklif olsaydı ki, konsolidasiyaya gedin, məmnuniyyətlə bunu edərdik. Birləşməyin kimə ziyanı var ki? Amma bununla bağlı təklif olmadı, birdən-birə səhər durub gördük ki, lisenziyamız ləğv olunub”.

“Əmanətçilərimiz banka axışır”

MŞ sədrinin sözlərinə görə, bankın bağlanması barədə qərar ictimaiyyətə açıqlanandan sonra əmanətçilərin axını ilə üzləşiblər: “165 nəfərin bizdə əmanəti var, təkcə bu gün 17-ni qəbul etmişik. Hamı gəlib pulunu istəyir. Gərginlik var. Bağlanmış digər banklarda da bu cür vəziyyət yaranıb. Bu qədər bankın birdən bağlanması bank sektoruna inamı tamamilə itirəcək. Daha heç kim banklara əmanət qoymayacaq”.

Eldar İsmayılov onu da bildirib ki, bankın lisenziyasının bərpa olunması üçün hələ ki, məhkəməyə müraciət etmək barədə düşünmürlər.


Teqlər:  





Xəbər lenti