Dollar kreditlərində yeni müəmma...
Nazir müsahibəsində qeyd edib ki, dollarla olan kredirlərə güzəşt edilərsə, bu məsələ ciddi araşdırılmalı və düzgün qərar verilməlidir.
S.Şərifov devalvasiyadan öncə bankların yüksək faizlə kredit verdiyinə diqqət çəkib. O, mövcud problemlərin məhz bu səbəbdən ortaya çıxdığını qeyd edib.
Maliyyə nazirinin dolayı yolla bildirdiyi kimi, yüksək faizli kreditlərlə böyük qazanc əldə edən banklar dollar problemini özləri həll etməli və müştərilərə güzəştlər tətbiq etməlidirlər.
S.Şərifovun çıxışına münasibət bildirən millət vəkili Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, kreditlərlə bağlı yaranan problemin günahkarı banklardır.
“Nazir tamamilə düz qeyd etdi ki, banklar vaxtında yaxşı qazanıblar və indi yaranan problemin də səbəbkarı onlardır. Bu məsələdə hökumətlə Mərkəzi Bank arasında müzakirə aparılır. Bu müzakirələrdən sonra ümumi razılıq əldə edilməlidir. Bizi millət vəkili olaraq maraqlandıran məsələ 10 min dollaradək olan kreditlərin 1.05 manat məzənnə ilə geri qaytarılmasıdır. Bu barədə hansı qərar veriləcək, bunun yaxın vaxtlarda şahidi olacağıq”.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda orta hesabla hər 4 nəfərdən birinin banka borcu var və hər 8 nəfərdən biri isə zamindir.
“5 min dollaradək kredit borcu olanların ikinci devalvasiyadan sonra məzənnə fərqinin ödənilməsi imkanlarını müzakirə etdiyini bildirən Mərkəzi Bank ödəniləcək kompensasiyanın məbləğınin cəmi 250 milyon manat olduğunu desə də, hələ də baş bankın yekun qərarı yoxdur”.
İqtisadçı hesab edir ki, Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır: “Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollar ilə olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hal-hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər.
Əslində mən ən azı 10 min dollaradək olan kreditlər üzrə fərqin Mərkəzi Bank tərəfindən ödənilməsini təklif edirəm. Mərkəzi Bank 1.05 ilə mövcud məzənnə arasındakı fərqi ödəyərsə və bununla yanaşı banklar vətəndaşlara faiz güzəştləri edərsə, o zaman ikinci devalvasiyanın bank sektoruna və borcu olanlara təsirlərini minimumlaşırmaq mümkündür”.
Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclasında jurnalistlərə açıqlama verən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 5000 dollara qədər olan kreditlərə güzəşt oluna bilər və hazırda bu məsələ hökumətin gündəliyindədir. Baş bankir qeyd edib ki, 5000 dollara qədər olan kreditlər kredit portfelində 250 milyon dollar təşkil edir.
“Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.
Anar Kəlbiyev