Maaş və pensiyaların artımı üçün nə lazımdır? – TƏHLİL
Əmək pensiyalarının sığorta hissəsinin keçən ildəki inflyasiya səviyyəsinə uyğun olaraq hər il olduğu kimi indeksləşdirməsi onsuz da həyata keçiriləcəkdi. Belə ki, bu haqda Prezident ayrıca sənəd imzalayacaq. Maaş və pensiyaların artırılması isə bu il üçün demək olar, nəzərdə tutulmamışdı. Düzdür, müəyyən istiqamətlərdə və məhdud dairədə işçilərin əmək haqqları artırılacaq idi. Ancaq, 2016-cı ilin dövlət büdcəsi məlum səbəblərə görə kifayət qədər azaldıldığından genişmiqyaslı artım planlaşdırılmamışdı.
Məsələ ondadır ki, manatın ucuzlaşması cari il üçün demək olar, bütün proqnozları əhəmiyyətsiz etdi. Bu baxımdan, digər göstəricilərə “göz yummaq” olardı, əhalinin yaşayış səviyyəsi ilə bağlı proqnoz göstəricilərinin reallıqdan kənar qalması isə, sözsüz ki, təcili tədbirlər görməyi tələb edirdi.
Ümumiyyətlə, manatın xarici valyutalara nisbətdə dəyərdən düşməsi əhalinin sosial vəziyyətinə ciddi şəkildə təsir göstərib. Belə ki, əhalinin gəlirlərinin əslində avtomatik olaraq indeksasiya edilməli olduğu zərurəti ortaya çıxıb ki, vətəndaşların banklardakı əmanətlərindən başlamış, aztəminatlı əhalinin əməkhaqqı və pensiyalarına kimi bütün sahələrdə indeksləşdirmə tədbirləri həyata keçirilməlidir.
Amma bizdə problem ondan ibarətdir ki, yaşayış minimumu, minimum əmək haqqı, minimum istehlak səbəti və s. kimi göstəricilər bütün bunları tənzimləməyə imkan vermir. Qanunvericilik imkan vermir ki, manatın dollara nisbətdə ucuzlaşmasına bahəm, hökumət yaşayış minimumu göstəricisi, o cümlədən, minimum istehlak səbəti kimi dəyərlərə yenidən baxsın. Belə ki, «Yaşayış minimumu haqqında» Qanuna əsasən, ölkədə yaşayış minimumuna ildə 1 dəfə baxıla bilər. O da növbəti ilin dövlət büdcəsi layihəsi müzakirə edilən zaman...
Reallıq isə bundan ibarətdir ki, hökumət 2016-cı ilin büdcə sənədinə nəinki baxıb, hətta Prezident tərəfindən həmin sənəd təsdiq də olunub. Həmin paket üzrə 2016-cı il üçün yaşayış minimumu göstəricisi isə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üzrə 115, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. İlin yekunlaşmasına 1 həftə qalmış isə Mərkəzi Bank (AMB) manatı birdən-birə 48 % ucuzlaşdırdı. Yəni, paradoksal vəziyyət yaranıb. Başqa sözlə desək, 136 manat əhəmiyyətsiz bir rəqəmə çevrilib. Belə ki, qanunvericilik yaşayış minimumuna yenidən baxmağa imkan verməsə də, dövlət başçısının tapşırığına əsasən, maaş və pensiyalar artırılacaq. Yəni, sosial istiqamətlərdə artımlar mütləq olacaq.
Ancaq problem təkcə bunda deyil. Manat ucuzlaşmasaydı belə, bu il üçün nəzərdə tutulan yaşayış minimumu göstəricisi reallığı əks etdirmirdi. Çünki yaşayış minimumu göstəricisi minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərdən ibarət normadır. Minimum istehlak səbətinin tərkibinə isə ərzaq, qeyri-ərzaq məhsulları və xidmət daxildir ki, bunların da hər birinə həyat üçün vacib, həmçinin, zəruri sosial və mənəvi tələbatı ödəyən elementlər aiddir. Bunlar da əhalinin 3 qrupu - əmək qabiliyyətli, pensiyaçılar və 14 yaşınadək olanlar üzrə müxtəlif cür bölünür. Belə ki, hər bir qrupun istehlak səbətinin tərkibi eyni elementlərdən ibarət olsa da, ölçü və çəki baxımından fərqli olur.
Yəni manat ucuzlaşmamışdan əvvəl də 136 manat mövcud tələbata cavab vermirdi. Bu baxımdan, hökumət sosial ödənişlərdə lap, maksimum səviyyədə - manatın sonuncu dəfə ucuzlaşması həddinə uyğun olaraq 48 % artımlara getsə də belə, yaşayış minimumun təmini ciddi müzakirə olunmağı tələb etməkdədir.
Yeri gəlmişkən, əmək haqları və pensiyaların, sosial müavinətlərin artımının təxminən 3,7 milyon nəfəri əhatə edəcəyi bildirilib ki, bu da ölkə əhalisinin 30%-ə yaxın hissəsini təşkil edir. Belə ki, büdcə təşkilatlarında 620 mindən artıq işçi var ki, 1 milyon 300 minə yaxın pensiyaçı, 500 minə yaxın isə ünvanlı sosial yardım alan vətəndaş mövcuddur. Qaçqınları da nəzərə alısaq, təkrar edirik ki, təxminən 3,7 milyon nəfərin gəlirləri artırılacaq.
O ki qaldı artımların hansı səviyyədə olacağına, bunun effektliyi üçün ölkədə yaşayış minimumu və minimum istehlak səbəti göstəricilərinin hesablanması qaydaları və mexanizminə mütləq yenidən baxmaq lazımdır.
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: