Manatı möhtəkirlərdən qorumaq lazımdır – TƏHLİL

Manatı möhtəkirlərdən qorumaq lazımdır – TƏHLİL
  09 Yanvar 2016    Oxunub:4600
Mərkəzi Bankın (AMB) valyuta alqı-satqısı zamanı banklar qarşısında qoyduğu marja tələbin ləğv edilmədiyi bir daha üzə çıxdı. Hərçənd, bəziləri AMB-in manatın dəyərinə ötən ilin dekabrın 21-i tarixində sonuncu korrektə qərarını qəbul edərkən üzən məzənnə siyasətinə keçdiyini elan etməsinə əsasən, bunun ləğv olunduğu iddiasında idilər.

Lakin, AMB-in sonuncu dəfə təyin etdiyi məzənnədən keçən müddət ərzində bir sıra banklar üzrə valyuta alqı-satqısında müəyyən kənarlaşmalar qeydə alındısa da, müşahidə göstərdi ki, heç nə ləğv edilməyib.

Bunu AMB-in valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara göndərdiyi müvafiq məktub sənəd də sübuta yetirdi. Məktubda bildirilib ki, banklar valyuta alqı-satqısı zamanı satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4 %-lik limitə əməl etməyə borcludurlar. Əvvəl isə bu limit 2 % səviyyəsində idi.

Beləliklə də, banklar xarici valyutanın alqı-satqısı zamanı bundan sonra AMB-in müəyyən etdiyi rəsmi məzənnədən yalnız 4 % səviyyəsində kənarlaşa bilərlər.

Lakin əsas bu deyil. Buradan belə bir nəticə hasil olur və yaxud da, məntiqlə yanaşdıqda bir daha təsdiq olunur ki, AMB manatın dəyərini əslində, elan etdiyi kimi heç də üzən məzənnə siyasəti üzrə buraxmayıb. Başqa sözlə desək, manatın dəyəri yenə əvvəlkitək bazarda deyil, inzibati yolla tənzimlənir. Biz, bunu adıçəkilən qurum tərəfindən ötən ilin dekabrın 21-i tarixində növbəti devalvasiya qərarından sonra kommersiya banklarında ABŞ dollarına qarşı tələbatın ödənilməməsi və bu sahədə imkanların daha da məhdudlaşmasına əsasən də söyləmişdik.

Belə ki, AMB manatın dəyərinə sonuncu korrektə qərarını qəbul edərkən üzən məzənnə siyasətinə keçdiyini elan etsə də, adı çəkilən qurum tərəfdən bunun üçün ölkədə fəailiyyət göstərən bankları dollarla təmin etməkdə sanki “acizlik” nümayiş etdirildi. Onu da qeyd edək ki, sözügedən tendensiya özünü getdikcə, daha əyani şəkildə büruzə verməkdədir. Yeri gəlmişkən, valyuta mübadiləsində bir ara qara bazarın və bu kimi digər neqativ halların meydana gəlməsi üçün zəmin yaranması da məhz bunun göstəricisi oldu. Sözümüz bunda deyil.

Odur ki, ölkədə nağd xarici valyuta əməliyyatları üzrə nəzarəti sərtləşdirməyə və milli valyutaya spekulyativ təzyiqləri azaltmaq məqsədilə təcili olaraq müvafiq addımlar atmaq zərurəti yaranmışdır. Bu fonda, AMB İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın yeni redaktədə təqdim edilməsini xüsusən qeyd etmək yerinə düşər.

Məsələ bundadır ki, yeni qəbul edilən sözügedən qaydalara əsasən nağd xarici valyutanın alış və satış məzənnələrinin bankların bilavasitə özləri tərəfindən müstəqil şəkildə təyin ediləcəyi bir daha təsbitini tapmışdır. Bu isə o deməkdir ki, hər bir bank nağd valyuta imkanları nəyə cavab verirsə və hansı tələbi ödəyirsə necə deyərlər, o cür də hərəkət edə və buna müvafiq siyasət yürüdə bilərlər. Qeyd edək ki, bu, bayaq qeyd etdiyimiz AMB-in manatın dəyərinə sonuncu korrektə qərarına müvafiq olaraq elan etdiyi üzən məzənnə siyasətinə keçidə ümumiyyətlə, tam uyğun gəlir.

Ancaq iş bundadır ki, bunun ardınca, yeni redaktədə ən böyük yenilik olan bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılacaq mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğindən artıq mübadilə əməliyyatının şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılması tələbinin ortaya qoyulması yuxarıda qeyd etdiyimiz kimi banklarda dollar qıtlığı olduğunu dolayısı ilə bir daha təsdiq etmiş olur.

Belə ki, bu, ölkədə sözügedən valyuta növünün qıtlığı ilə əlaqədardır ki, milli valyutaya spekulyativ təzyiqlərdən sığortalanmaq baxımından, zəruri addım sayılır.

Bəs, əslində, əsas məqsəd nədən ibarət olmalıdır?

Əsas məqsəd, sözügedən sferada qara bazarın yaranmasına imkan verməmək olmalıdır ki, qeyd olunan amillər sadə vətəndaşlar üçün əslində, heç bir problem yaratmır və yarada da bilməz. Əksinə, bəzi spekulyantlar tərəfindən manat mənfi təsir və təzyiqlər altındadır. Düzdür, bəzi bankların maliyyə və texniki imkanları bir sıra müştərilərdə müəyyən narazılıqlar yaradır və yaradacaq da...

Lakin bu, bankların problemi sayılır. Və hesab edirik ki, əsas məsələ hər bir bankın valyutaya mövcud və yaranacaq tələbi necə qarşılayacağı məsələsidir. Odur ki, bilavasitə bu cəhət diqqət mərkəzində saxlanılmalıdır.

Ümumiyyətlə, sözügedən dəyişiklər bankların məsuliyyətini və işini artıracaq. Bu mənada, çaşqınlıq bankların müştərilərində deyil, onların öz işlində və fəaliyyətində yarana və müşahidə edilə bilər. Ümumiyyətlə, nəzərə almaq vacibdir ki, ölkəmizdə bank sektorunda rəqabət mühiti zəifdir. Etiraf etmək lazımdır ki, bankların bir çoxu manat ucuzlaşdırılmamışdan öncə və sonra da məhz, AMB-nin müvafiq dəstəyi və “yumşaq münasibəti” əsasında fəaliyyət göstərməkdədirlər.

Bu mənada, istər yeni qəbul edilən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydalara” əsasən, istərsə də banklara valyuta alqı-satqısı zamanı satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməyin tələb olunması onlar üçün kiçik də olsa, bir sınaq xarakteri daşıyır.

Hesab edirik ki, sistem əhəmiyyətli banklar üçün valyuta mübadiləsi sahəsində ortaya çıxan və durmadan dəyişməkdə olan yeni mexanizm əksinə, özlərini təsdiq üçün bir növ vasitə sayılacaq və bu, hansı bankın əslində nəyə qadir olduğunu üzə çıxartmaqla, müştərilər arasında da konkret fikir formalaşmasına yardım edəcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti