`Dilənib 16 manat yığdım, o qədər içdik ki...` - Efir xatirələri

`Dilənib 16 manat yığdım, o qədər içdik ki...` - Efir xatirələri
  08 Noyabr 2015    Oxunub:9156
`Mirşahin Ağayevlə işləyirsənsə, deməli mütləq hər gün nəsə baş verəcək.
Efirə material hazırlamaq üçün ora-bura qaçan, “informasiyanı vaxtında verə biləcəyəmmi, çəkiliş baş tutacaqmı?”,- deyə həyacanlanan televiziya əməkdaşları tez-tez kuryoz hadisələrlə rastlaşırlar.

Tanınmış telejurnalistlər başlarına gələn maraqlı olayları AzVision.az-la bölüşüblər.

“Atv xəbər”in müxbiri Aytən Əhmədova sujet hazırlamaq üçün tez-tez çətin situasiyalarla üzləşdiyini deyir:



“Dəfələrlə olub ki, tədbirlərin vaxtı səhv düşüb. Gedib gözləmişik, sonda məlum olub ki, tədbir sabah olacaq. Yaxud efirin beş dəqiqəsini qonaq gecikdiyi üçün məcbur olub özüm aparmışam.

Yadımdadır mənə dilənçilərlə bağlı material hazırlamağı tapşırmışdılar. Fikirləşdim elə etməliyəm ki, maraqlı olsun. Nənəmin donunu geyindim, məsciddən də xahiş edib şal aldım. Bir saat oturub dilənçilik etdim və 16 manat yığdım. Bunu da efirə verdim. Əziyyətli oldu, amma baş redaktorun “sağ ol” deməsi hər şeyi yaddan çıxardı”.

Tanınmış jurnalsit, teletənqidçi Qulu Məhərrəmlinin fikrincə, televiziyada maraqlı hadisələr tez-tez baş verir:



“Bir dəfə rejissor Azər Babayevi “Səhər” proqramına qonaq çağırmışdıq. O, maraqlı bir fikir söylədi. Dedi ki, bir dəfə kalxoza gedib, fermada çəkiliş aparırdıq. Qapını açıq qoyduq ki, fermada açıq qapıdan inəklər görünsün. Birdən zootexnik tez gedib operatorun qabağını kəsdi ki, o inəyi çəkməyin. Təlaşla soruşduq ki, nə olub? Dedi ki, o inək süd vermir”.

Q.Məhərrəmli “Səhər” proqramında tez-tez maraqlı situasiyalarla qarşılaşdığını bildirib.

“Mən “Xəbərlər”departamentində çalışanda, proqrama yaşlı bir əmək veteranı çağırmışdılar. Bu çox uzun danışmağa başladı. Buna görə efirdə aparıcını göstərən zaman operator yaxınlaşıb əmək veteranın ağzını qapayıb tutdu və kreslosu ilə sürüyüb efirdən çıxardı. Bu da qaldı çabalaya- çabalaya ki, nə baş verir, nəyi səhv dedi. Qadın özünə gələndən sonra izah elədilər ki, sən bir az çox danışdın, narahat olma, başqa şey yoxdur. Canlı efirdə belə əhvalatlar çox olur”.

Hamının AzTV-nin efirindən tanıdığı Nəsimi Nəbizadənin televiziya macərları çoxlarınıza məlumdur. Ancaq bu səfər başına gələn əhvalatı o özü deyil, yaxın dostu şair Aqşin Yenisey nəql edir:

“İlham Tumas həmişə mənə deyirdi ki, AzTV-nin xəbər aparıcısı Nəsimi Nəbizadə sənin şeirlərini çox sevir, bir gün sizi tanış edəcəyəm. Günlərin birində zəng etdi ki, dur gəl, Masazır kəndinə, filan yerə, səni Nəsimi ilə tanış edim. Getdim ki, köhnə qəbristanlığa oxşayan bir yerdə, söyüd ağacının altında yeyib-içirlər. Bir də onda ayıldım ki, məclis bizim evdədir və hamı dağılışmağa hazırlaşır. Nəsimi getmədi ki, Saray qəsəbəsi uzaqdı, sizdə qalım, işə sabah burdan gedərəm. Gecə bərk-bərk tapşırdı ki, məni obaşdan oyat. Səhər oyanıb dedi ki, narahat olma, yerimə bir nəfər çıxacaq, demişəm ki, xəstəyəm, gedək bazarlıq edək. Yenə bütün günü içdik. Səhər kiməsə rayondayam deyib, yenə işə getmədi, o biri gün telefonunu söndürdü, növbəti gün mənə dedi ki, sən zəng elə televiziyaya soruş gör, işdəyəm?

Beləcə, bir həftə keçdi. Yalançı səhərlərin birində Nəsimi yenə həyətə düşüb dondurma almağa getmişdi, yenə telefonuna zəng gəldi:

- Alo, Aqşin, Nəsimiyə denən onu işdən çıxardılar.

Təəccüblə soruşdum ki, siz hardan bildiniz ki, telefonu götürən mənəm?

Zəng edən adam - Sən də deyəsən elə dostun Nəsiminin tayısan, bir həftədir, onun telefonunu sən götürmürsən?

Sən demə, bir həftə ərzində Nəsimi işdə hamıyla mənim adımla danışırmış”.

“ANS” televiziyasında lahiyə rəhbəri olan Eldəniz Elgünün də maraqlı əhvalatları az deyil:



““Beş barmaq” verlişi təzə efirə çıxan vaxt MTRŞ-dan qonaq çağırmaq lazım idi. Prodüserimiz Orxan Təvəkkül Dadaşova zəng elədi. O da dedi ki, problem yoxdur, verilişdə iştirak edəcək. 3 gün Orxanı məcbur etdim ki, 4-5 dəfə Təvəkkül müəllimə zəng eləsin. Hər dəfə zəng edir, cavab da bu olurdu ki, yüz faiz gələcək. Sonuncu gün yenə zəng elətdirdim. Yenə gələcəyini dedi. Birdən ağlıma gəldi ki, ondan soruşsun harda işləyir. Cavab bu oldu ki, Zoologiya institutunda işləyirmiş. Sən demə zooloqumuzla MTRŞ-dakı Təvəkkül müəllimin soyadı, adı eyniymiş.

Televiziyaya gəldikdə isə demək olar ki, hər gün nəsə maraqlı bir şey olur. Mirşahin Ağayevlə bir yerdə işləyirsənsə, deməli mütləq hər gün nəsə baş verəcək”.

“APA TV”nin aparıcısı Gülnarə İlhamın da arxivi əhvalatlarla zəngindir.



““Mədəniyyət” telekanalında işlədiyim vaxtlarda "Nobel mükafatçıları" adlı silsilə veriliş hazırlayırdım.Verilişin bir buraxılışını amerikalı riyaziyyatçı və iqtisadçı, Oyunlar nəzəriyyəsindəki tədqiqatlarına görə "Nobel" mükafatı almış Con Neşə həsr etmişdim. Con Neş təxminən 30 ilə yaxın şizofreniyadan əziyyət çəkib və tibdə çox nadir rast gəlinən bir haldır ki, o tam sağalıb. Bu haqda maraqlı və ətraflı danışacaq bir müsahib axtarırdım. Tanınmış psixoloq tapdım və mövzunu ona deyəndə, Con Neşin həyatı haqda çox yaxşı bildiyinə, rahat danışacağına məni əmin etdi. Çəkiliş günü onun ofisinə getdik.

Təsəvvür edin, adam Con Neşdən başqa hər şeydən danışdı. Gah dedi pişiyimi xədim etmişəm, gah şizofreniyadan əziyyət çəkən adamların gülməli hallarını göstərdi. Operator gülməkdən kameranın arxasında dayana bilmirdi. Çəkilişi neçə dəfə dayandırıb sual verdim, adamı mövzuya yönləndirdim, amma iki cümlədən sonra yenə ağlına gələni danışırdı. Çox əsəbi idim. Anladım ki, qarşımdakı adamın elə özünün psixoloji problemi var. Verilişin efir vaxtına az qalmışdı, deyə kadr arxası mətni çox yazmalı oldum. Psixoloqun dediklərini montaj edib, çox az sinxron çıxara bildim. Veriliş efirə gedəndən sonra isə mətn və çəkilişə yox, məhz bu adamı efirə çıxardığıma görə az qala töhmət alacaqdım”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti