Ramiz Mehdiyev: “Azərbaycan inkişafının yeni əsaslarını təyin edib”

Ramiz Mehdiyev: “Azərbaycan inkişafının yeni əsaslarını təyin edib”
  21 İyun 2013    Oxunub:1326
“Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var”.

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib.

Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirib:

"Onun həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni keçərək bəşəriyyətin gələcəyi naminə uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir".

Adminstrasiya rəhbəri bildirib ki, Azərbaycan müstəqilliyinin ilk dövründə vətəndaş müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü ilə üzləşib, torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. Bu çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə ilk sıralarda nail olmağı bacardı: "Bu o deməkdir ki, Azərbaycan MDB ölkələri arasında daha sürətlə inkişaf edib və dünya ictimaiyyəti qarşısında təhsil, səhiyyə, gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf sahəsində üzərinə götürdüyü öhdəlikləri uzun bir yol qət edərək uğurla yerinə yetirib. Hazırda Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, "yuxarı orta gəlirli" ölkələr qrupunda, BMT İnkişaf Proqramının hesabatında isə "yüksək insan inkişafı" ölkələri qrupunda qərarlaşıb. Azərbaycan dövləti bir tərəfdən MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurdu, digər tərəfdən isə əldə olunan nəticələri əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəltməklə insan inkişafı indeksini MDB məkanı üçün ən yüksək səviyyələrə çatdırdı".

Ramiz Mehdiyevin sözlərinə görə, Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığını artırıb, insan inkişafı indeksində yüksəlişini təmin edib, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirib. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir.

R.Mehdiyev bildirib ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bildi. 2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcək: "Bu o demək deyil ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcək. Əksinə, Azərbaycan inkişafının yeni əsaslarını təyin edib, biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcək".

R.Mehdiyevin sözlərinə görə, Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanması ilə bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə görə davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu modelin unikallığı ondadır ki, balanslı və əhatəli şəkildə sosial-iqtisadi və mədəni inkişafı təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Bunun nəticəsi olaraq, Azərbaycan Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir: "2012-ci ildə cənab Prezidentin təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə daha da irəli aparacaq".
Administrasiya rəhbəri əlavə edib ki, son 10 il ərzində Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun səviyyəsi azaldılıb. Eyni zamanda, sahibkarların fəaliyyət mühiti onların təşəbbüskarlığını artırıb, yeni iqtisadi münasibətləri formalaşdırıb və geniş iqtisadi və sosial infrastruktur layihələri həyata keçirilib. Əldə edilən ciddi uğurlar Azərbaycanı son illərdə dünya ölkələrini bürüyən iqtisadi böhranın neqativ nəticələrindən qoruyub, onun yüksək göstəricilərə nail olmasını şərtləndirib.

R.Mehdiyevin sözlərinə görə, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası inkişafın iqtisadi aspektləri ilə məhdudlaşmır, özündə səmərəli sosial müdafiə sisteminin qurulmasını, institusional potensialın gücləndirilməsini, vətəndaş cəmiyyətinin inkişafını, mədəni irsin qorunmasını, ətraf mühitin mühafizəsini də əks etdirir: "Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin də açıq şəkildə Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələrə qoşulması ölkəmizin qlobal miqyasda əhatəli, ədalətli və davamlı inkişaf yolunun tapılmasına verdiyi töhfədir. Biz regional və qlobal məsuliyyətimizi başa düşərək BMT-nin bu təşəbbüsündə də fəal iştirak etmək əzmindəyik. BMT Təhlükəsizlik Şurasının üzvü kimi, Azərbaycanın dövlət olaraq məsuliyyəti artıq milli və regional səviyyədən qlobal miqyaslara çıxıb.

R.Mehdiyev bildirib ki, ölkəmiz Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələrinin, həmçinin Əfqanıstan və İraqın inkişafına öz töhfəsini verməkdədir. 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, daha sonra isə Davamlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti təkcə donor statusunda deyil, həm də xaricdə yatırdığı sərmayə və digər iştirak formalarından istifadə etməklə BMT-nin missiyasına böyük töhfələr vermək əzmindədir: "Lakin təəssüf ki, Azərbaycan dövlətinin qarşılaşdığı təcavüzün nəticələrinin aradan qaldırılması üçün tələb olunan böyük maliyyə vəsaiti bizim BMT-nin qlobal çağırışlarına daha çox töhfə vermək imkanlarımızı məhdudlaşdırır. Dünyanın ən əhatəli və nüfuzlu bir qurumu olan BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra olunmur. İki gün əvvəl Minsk qrupu həmsədr ölkələrinin başçıları - Vladimir Putin, Barak Obama və Fransua Ollandın yaydıqları bəyanat Azərbaycan və Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş yeniləşmiş Madrid prinsiplərindən demək olar ki, kənara çıxmır. Lakin Ermənistan bunu qəbul etmir. Onun bugünkü siyasəti regionda vəziyyəti gərginləşdirir və bütün yollarla yaranmış status-kvonu saxlamağa calışır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan dövləti öz haqq yolundan geri çəkilməyəcək".

Zamanın Ermənistanın xeyrinə işləmədiyini deyən R.Mehdiyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, xüsusilə, Cənubi Qafqaz regionunda Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına daha geniş üfüqlər açar və humanitar böhran girdabında çabalayan Ermənistanın da sivil dünya ilə inteqrasiyasına daha münasib şərait yaradardı: "Güclü iqtisadi təməl olmadan diasporun maliyyə yardımları hesabına yaşayan dövlət hər hansı perspektivdən söhbət aça bilməz. Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var. Əksinə, indiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, iqtisadi tənəzzülünü sürətləndirir və onu Davamlı İnkişaf Məqsədləri üçün təhlükə mənbəyi olaraq saxlayır".
Administrasiya rəhbəri qeyd edib ki, BMT bu həqiqəti nəzərə almalı və Cənubi Qafqazın davamlı inkişafı naminə işğalçıların Azərbaycan torpaqlarından çıxarılması, sülh və təhlükəsizliyin təmin olunması üçün həlledici sözünü deməlidir: "Bir daha əminliyimi ifadə etmək istəyirəm ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla göstərdiyi nümunəvi siyasətini 2015-ci ildən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına verəcəyi töhfə ilə davam etdirəcək".

Anar


Teqlər:  





Xəbər lenti