Azərbaycan `Putin ittifaqı`na qoşulur? – TƏHLİL

Azərbaycan `Putin ittifaqı`na qoşulur? – TƏHLİL
  28 Oktyabr 2015    Oxunub:5752
Azərbaycanın siyasi dairələri Qərbin ölkəmizə qarşı tutduğu qərəzli mövqeyin səbəblərini sistemli şəkildə təhlil edərək ictimaiyyətin müzakirəsinə təqdim edib. Belə demək mümkünsə, Azərbaycan siyasətinin yaxın perspektivdəki vektorları artıq bəllidir. Müstəqil siyasət yürüdən Azərbaycanın dostu da, düşməni də Bakıdan Qərbə açılan pəncərədə gün kimi aydın görünür.

Ötən həftə ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dünyadakı mövcud proseslərin mahiyyətini və Azərbaycanın tutduğu xətti təsvir edən yeni məqalə ilə çıxış etdi. “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı geniş məqalədə Qərbin Azərbaycana qarşı tutduğu qərəzli mövqe detalları ilə təhlil edilir.

Məqalədə vurğulanır ki, Avropa institutlarının müstəqil dövlətlərə, xüsusilə Azərbaycana qarşı fəaliyyəti zamanı təzyiq metodu kimi insan hüquqları məsələsindən istifadə olunur. Süni böyüdülən problemlərin və ənənəvi alətlər dəstinin köməyi ilə dövlətin daxili işlərinə müdaxilə həyata keçirilir, əhəmiyyətli qərarların qəbulu təcrübəsində ikili standartlar tətbiq edilirlər.

Həmçinin məqalədə R. Mehdiyev ABŞ prezidenti Barak Obamanı Azərbaycana qarşı tutduğu mövqeyə görə haqlı olaraq sual qarşısında qoyur:

SİTAT: Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasının 70-ci ildönümü münasibətilə Baş Assambleyada çıxışı zamanı ABŞ prezidenti Barak Obama Ukraynada bugünkü vəziyyətə toxunaraq bildirib: “Biz biabırçı şəkildə ölkənin müstəqilliyinin pozulması və ərazi bütövlüyünün pozulduğu vaxt kənarda qala bilmərik”. Bu hadisələr cənab Barak Obamanın hiddətinə səbəb olur. Amma nədənsə, Ermənistanın torpaqlarımızın 20 faizini işğalı nəticəsində 20 ildən artıq müddətdə Azərbaycanın ərzi bütövlüyünün pozulması faktı ABŞ prezidentinin hiddətləndirmir. Bu cür yanaşma nə dərəcədə düzgündür?

PA rəhbəri məqaləsində vurğulayıb ki, əgər Qərb ölkələri postsovet regionunun inkişafında maraqlıdırlarsa, onda anlamalıdırlar ki, Qərb-Şərq oxu üzrə qarşıdurma nəyinki regionda maraqların reallaşdırılmasına, hətta Avrasiya kontinentində sülh və sabitliyə zərər vurur.
Həmçinin R. Mehdiyev məqaləsində bildirir ki, Avropa İttifaqının anti-Azərbaycan siyasətinin əsas ruporu Avroparlamentdir.

SİTAT: 2004-cü ildən bəri Avroparlament Azərbaycana qarşı 11 qətnamə qəbul edib, 200-dən çox debat, dinləmələr keçirib, bəyannamələr, parlament müraciətləri və ərizələr qəbul edib. Müqayisə üçün: bu dövrdə Gürcüstanla bağlı bir qətnamə qəbul edilib, 10-dan az müzakirə keçirilib, bəyannamə, parlament müraciəti və bəyanatı qəbul edilib. Ermənistanla bağlı bir qətnamə qəbul edilib, 20-dən az müzakirə keçirilib, bəyannamə, parlament müraciəti və bəyanatı qəbul edilib. Azərbaycan və Ermənistanda demokratiyanın inkişafına ayrılan diqqət arasında bu cür kəskin fərqi necə izah etmək olar?

R. Mehdiyevin məqaləsindən çıxan nəticə budur ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan tutduğu mövqedən çəkilməyəcək: “Onlar Azərbaycanın müstəqil siyasi kursuna təsir etmək iqtidarında deyil. Bizim prioritetimiz real olaraq sağlam əməkdaşlıqda maraqlı olan Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə strateji əlaqələrin qurulmasıdır”.

Bu həftənin ilk iş günü də ölkə siyasiləri Qərbin yürütdüyü siyasəti tənqid edən və Azərbaycanın tutduğu mövqedən çəkilməyəcəyini bəyan edən açıqlamaları davam etdirdilər
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter” səhifəsində yazdı ki, dünyanı bu günkü hala salan məhz Qərb ölkələrinin rəhbər şəxslərinin buraxdıqları “səhv”lərdir: “Deyirlər Bleyer “səhvinə” görə üzr istəyib. Amma bu nə 1-ci “səhvdir”, nə də sonuncu. Bundan da böyük “səhvlər” olub. Son illər Qərbdə rəhbərlərin belə səhvlərinin sayı-hesabı yoxdur. Dünyanı indiki vəziyyətə salan da elə bilə-bilə edilən bu səhvlərdir”.

Ardınca Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya KİV nümayəndələri ilə görüşü zamanı bəyan etdi ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələrinin təzyiqinə məruz qalıb: “Bizə qarşı olan təzyiqin əsas mahiyyəti Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması idi. Biz öz siyasətimizi aparmaq istəyirik. Prezidentimiz müstəqil siyasət yürütmək istəyir, çoxları isə bunu bəyənmir. Bizə qarşı hücumun da mahiyyəti budur”.

Günün son və diqqət çəkən açıqlaması isə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovadan gəldi. Xanım nazir müavini açıqlamasında bildirdi ki, Azərbaycan “Putin İttifaqı” kimi tanınan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilər:

“Biz səmərəli birliklərdə iştirak etməyimizi istisna etmirik. İlk növbədə, bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik. Məsələn, biz Ümumdünya Ticarət Təşkilatında iştirakımızın nə dərəcədə səmərəli olduğunu təhlil edirik. Buna görə, Azərbaycanın Aİİ-də və digər təşkilatlarda iştirakının detallı təhlilini aparmaq lazımdır”.

Qərbin yüksək səviyyələrdə tənqid olunduğu və Azərbaycanın tutduğu mövqedən kənara çəkilməyəcəyinin bəyan olunduğu açıqlamaların ardından Azərbaycanın Rusiyanın müəllifi olduğu Aİİ-yə üzv olması məsələsinin gündəmə gəlməsi bir sıra müzakirələrə yol açır. Doğrudur, bu bəyanatlar Azərbaycanın siyasi gedişi hesab oluna bilər. Buna baxmayaraq həqiqətən Azərbaycan Aİİ-yə üzv ola bilərmi? Bax, bu, Qərb və keçmiş SSRİ ölkələrini düşündürən vacib və mühüm sualdır.

Politoloq Fikrət Sadıqov bildirir ki, rəsmilərdən Azərbaycanın Aİİ-yə üzv olunması ilə bağlı ehtimallar eşidilsə də, bu yaxın gələcəkdə real görünmür:

“Burada bir məsələlər həll olunmamış qalır. Əvvəla Azərbaycan kifayət qədər inkişaf etmiş dövlətdir. Hesab edirəm ki, biz Avrasiya İttifaqına daha çox lazımıq, nəinki bizim üçün bu qurum. Eyni zamanda bu quruma Ermənistan da üzvdür. Bu isə o deməkdir ki, biz Ermənistanla iqtisadi münasibətlərimizi bərpa etməliyik. Düşünmürəm ki, biz bu yolla getməliyik.

Əlbəttə ki, Azərbaycan müəyyən şərtləri, tələbləri və bir sıra məsələləri həll edəndən sonra bu quruma daxil olmağa razılıq verə bilər. Çünki, Ermənistan istisna olmaqla quruma üzv dövlətlərlə yaxın münasibətlərimiz var. Ona görə də yaxın yox, uzaq gələcəkdə Azərbaycan tərəfinin şərtləri yerinə yetirilsə, bu quruma daxil ola bilərik”, – deyə F. Sadıqov vurğulayıb.

Politoloq Arzu Nağıyev isə hesab edir ki, “Putin İttifaqı”na üzv olan dövlətlərin hər birinin öz maraqları var: “Bu gün Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması problem deyil. Amma, qoyulan qadağalara görə, Azərbaycan digər böyük dövlətlərlə olan əlaqələrini itirirsə, bu bu bizə lazım deyil. Əgər bu qurum siyasi məsələlərdən uzaq olsa, nə isə əldə edilə bilər.

Bu gün Rusiya ilə Ukrayna, Ermənistanla Azərbaycan arasındakı problemlər olduqca hansı iqtisadi əlaqələrdən söhbət gedə bilər? Doğrudur, Ermənistan istisna olmaqla Azərbaycanın quruma üzv olan digər dövlətlərlə ikitərəfli əlaqələri var. Ona görə də ölkələr arasındakı problemlər həll olunduqdan sonra hansısa ittifaqa getmək olar. Ancaq, Avropa İttifaqı təcrübəsi göstərir ki, belə ittifaqları yaratmaq müəyyən problemlər yaradır”, - deyə A.Nağıyev deyib.

Sonda qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hər hansı bir quruma üzv olmaq məsələsinə ilk olaraq milli maraqlar, müstəqilliyin ön planda olması konteksindən yanaşır. Ona görə də Azərbaycanın Avrasiya İttifaqına üzv olunması məsələsi qurumun istəkləri baxımından yox, ölkəmizin milli maraqlarının qorunacağı təqdirdə mümkündür. Hazırkı situasiyada Dağlıq Qarabağ münaqişəsi həll olunmadığından faktiki olaraq Azərbaycanın Ermənistanla eyni birlikdə təmsil olunacağı mümkün deyil.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti