Xanım Qafarova ilə - MÜSAHİBƏ AzVision.az-ın arxivindən

Xanım Qafarova ilə  - MÜSAHİBƏ AzVision.az-ın arxivindən
  11 İyul 2014    Oxunub:5697
Bir neçə dəqiqə bundan öncə Azərbaycan tamaşaçısı teatr və kino sənətinin görkəmli simalarından olan əməkdar artist Xanım Qafarovanı itirdi. AzVision.az unudulmaz rolları ilə xatirələrdən silinməyən istedadlı aktrisanın vaxtı ilə saytımıza verdiyi müsahibəsini təqdim edir.

AzVision.az-ın bu dəfəki həmsöhbəti “Qaynana” serialındakı “Püstə nənə” obrazı ilə çox sevilən , əməkdar artist Xanım Qafarovadır.

- Püstə nənə obrazı tamaşaçılar arasında çox sevilir. Halbuki, bu rolu oynamaq istəmirdiniz...

- Sözün düzü, mən serialdakı bu obrazımı oynamaqda çox tərəddüd edirdim. Nə qədər dedilər, dedim yox, oynaya bilmərəm. Axır ki, saqqızımı oğurladılar. İnandırdılar ki, bunu oynaya bilərəm. Teatrda bu rolun bir az başqa variantını neçə il bundan qabaq rəhmətlik aktyorumuz Hacıbaba Bağırovla “Hələlik” tamaşasında oynamışdım. Amma seriala dəvət edəndə dedim ki, öz yaşıma uyğun rol oynamaq istəyirəm. Camaat seriala özünü reklam etməyə çıxır, mən də durum qoca arvad rolunu oynayım? Çünki fikirləşirdim ki, qoca obrazında məni kim tanıyacaq? Amma gözlədiyim kimi olmadı, tamaşaçılar rolumu çox böyük rəğbətlə qarşıladılar.

- Bildiyimə görə, “Püstə nənə”nin bir nömrəli fanatı elə qızınız Gövhərdir?

- Gövhər fanat nədir, o rolu məndən də yaxşı oynayır. Bir də görürsən ki, əlinə balaca oxlov götürür, gözünə eynək taxır, çiynini də əyir, Püstə nənə kimi danışamağa başlayır. Elə ki, mən evə girirəm deyir, “Püstə nənə gəldi”. Məndən soruşur: “Ağəz Afət, harada idin?”, mən də deyirəm ki, nənə qurban olsun, mən işdə idim. Onun canında artistlik çoxdur. Çox yaxşı musiqi duyumu var. Bilirəm ki, böyüyəndə mütləq marağı olacaq. Və razıyam da. Bir dənə uşaqdır. Həm də o böyüyənə kimi zaman o qədər müsairləşəcək ki, heç onun qarşısını kəsmək lazım olmayacaq.

- Deməli, artıq sizi parodiya edəcək qədər böyüyb...

- Allah qoysa, gələn il onu məktəbə qoycağam. Artıq böyük qız olub. Məşqlərdə olduğum zaman anam baxır, istirahət günləri isə Mehdiabada ata nənəsigilə dincəlməyə gedir.


- Klip çəkilişləri nə yerdədir?

- Müğənni kimi bir az fasilə vermişəm. Çünki bəstəkardan musiqi, şairdən söz alırsan, aranjiman-filan... bunun klipi çəkilməli, televiziyalara, radiolara verilməlidir və s. - bunların hamısı xərc tələb edir. Bütün bunlara mənim tam imkanım olmadığına görə müğənnilik fəaliyyətim geri çəkilib. Amma yaxın aylarda yeni mahnılarım işıq üzü görəcək.

- Eynəyinizi gözünüzdən çıxarmırsınız, səbəbini bilmək olar?
- Həm qrimsizəm, həm də ki, əməliyyatadan yeni çıxmışam. Hələ ki, gözümə dərman tökdüyümə görə, kosmetika vurmağa icazə verilmir. Bilirsiniz ki, mən ağır xəstəlik keçirdim. Ondan sonra çox müalicələr oldu, nəticədə gözümdən mirvari suyu gəlirdi. Həm də gözümün içində linza var idi. O, dəyişdirildi və katarakt götürüldü. Allaha şükür ki, indi yaxşıyam, 5-10 günə tamamilə sağalacaq.

- Həyatınızda sanki birdən-birə qəribə dəyişiklik baş verdi, xəstəliklər üst-üstə gəldi...

- Göz-nəzər deyirlər e, mən ona inanıram. Çünki özünüz də şahidsizniz ki, mən nə qədər həyat eşqilə yaşayan adam idim. Deyirdim, gülürdüm, ora qaç - bura qaç, çəkilişlər, tamaşalar, teatrın bütün repertuarı çiynimdə idi. Amma 2009-cu ildən elə bil ki, vərəqim çevrildi. Amma mən ruhdan düşən adam deyiləm. O boyda əməliyyatdan çıxdım, ay yarımdan sonra səhnədə idim. Yəni özümü ruhdan salmıram. Çünki mənim övladım var. Mən onu böyütməliyəm. Oturub depressiyaya düşsəm o uşağın halı necə olar, ona kim baxar? Düzü, depressiyaya düşməyə heç vaxt da olmadı, insanın özündən çox şey asılıdır. İki dəqiqədə mən özümü depressiyaya sala bilərəm. Oturub fikir edim ki, mən belə oldum, elə xəstələndim... Onda insan tamami ilə həyatdan küsər. Özümü topladım, dedim yaxınlarım var...

- Həmin günlərdə sizə kimlər ayağa qalxmanız üçün mənəvi dəstək, güc verdi?

- Xəstələndiyim zaman enerjini yoldaşımdan, bacımdan, bir sözlə ailəmdən, ən əsası, körpəmdən aldım. Çünki Gövhərin o zaman 5 yaşı var idi, onun anaya nə qədər ehtiyacı olduğunu yaxşı bilirdim.

- Toylara gedirsinizmi?

- Gedirəm.

- Bəs bu, səhhətinizdə problem yaratmır?

- Elə vaxt olurdu ki, ən ağrılı günlərimdə nə halda teatra gəlirdim, səhnəyə çıxan kimi bütün xəstəliklərim, ağrılarım keçirdi. Bu, artıq professional vərdişdir. Səhnəyə ki, çıxdın, hər şey qalır arxada. Toyda oxumaq da mənim peşəmdir. Mən də ya bütün toy boyu oxuyuram, ya da ki, bir neçə saatlıq gedirəm. Bu sənətə müğənni kimi gəlmişəm. İkinci variantım da odur ki, dolanışığa görə gedirəm. Dəflərlə olub ki, mən toya heç nəsiz getmişəm. Tutaq ki, şəhid ailəsidir və ya imkanı olmayan insandır, onlara güzəştə getmişəm.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Bütün toyu 1500 manata gedirəm. Elə müğənni olur ki, məsələn, yarım saatlığa gedəndə 3-4 mahnı oxuyur, elə ki, vaxtı tamam oldu, camaatın əli göydə qalsa da, deyirlər ki, yox, mənim vaxtım bitdi. Görürsən ki, bu oynayır da. Nə olar ki, iki mahnı da artıq oxu. Amma mən elə olub ki, yarım saatlığa getmişəm, görmüşəm oynamaq istəyirlər bir saat oxumuşam. Yəni qıymamışam ki, insanların əli elə göydə qalsın.

- Toylarda adətən müğənniləri bayağı mahnlılar oxumağa məcbur edirlər. Yəqin ki, siz də bu cür vəziyyətlərə az düşməmisiniz...

- Belə hallarda mən oxumuram və disk qoyulur, kim istəyir o da oynayır.

- Sizə sponsorluq təklif edənlər olur?

- Sözün açığı, cavanlıqda təklif edən olub. Amma o təkliflərin arxasında çox böyük təmənnalar durur. Ona görə istəməmişəm. Bir var bir insan desin ki, sənin üçün kliplər çəkdirirk, mahnlar yazdırırıq, konsertin-filan olar, qonorarından çıxarıq. Biri də var ki, sadəcə səndən xoşu gəlir deyə, “bir yerdə oturaq 5 dəqiqə çörək yeyək” deyir. Amma o bir yerdə oturmağın ardı başqa məsələyə gedir. Ona görə də heç vaxt razı olmamışam.

- Teatr intriqalarından özünüzü necə qoruyursunuz?

- Sənət adamlarından kimsə deyə bilməz ki, Xanım qeybət edir. İntriqalara qoşulan insan deyiləm. Qətiyyən heç kəsin sözünü ondan ona deyib qalmaqal salmağı xoşlamıram.

- Dövlət tədbirlərinə buraxılmamaqdan şikayət edirdiniz...
- O vaxtı dövlət tədbirlərində daha çox Hacıbaba müəllimlə iştirak edirdim. Sonra bizim möhtərəm prezidentimizin andiçmə mərasimində rəhmətlik Elxan Əhədzadə ilə birlikdə gözəl bir duet oxumuşduq. Nədənsə o vaxtdan bu yana mən dövlət tədbirlərinə dəvət almadım. Amma bilmirəm, niyə? Halbuki, həmişə də tədbirlərə gedəndə xoş rəylər eşitmişəm.

- Özünüzlə baqlı hansı söz-söhbətlər sizi bezdirib?
- Mənim bir ərim, bir uşağım var (gülür). Ailəliyəm və boşanmışam. O vaxtı özümə qız toyu etmişdim. Kadrlarda da göstərilirdi ki, yoldaşım gəlib məni evdən götürür və şadlıq sarayına qoyub, özü geri qayıdır. Sadəcə efirə veriləndə televiziyanın özünə necə sərf edirdisə, elə varinatda da verdi ki, qalmaqal olsun, reytinqləri qalxsın. Mətbuata bununla bağlı dəfələrlə açıqlama verdim. 2005-ci ildə mənim toyum oldu, hələ indiyə kimi də açıqlama verirəm ki, toyum saxta deyildi. Camaat min dənə oyundan çıxır, heç açıqlama da vermir. Hələ bu harasıdır, sonra da söz çıxardılar ki, guya, uşaq heç özümün deyil. Allaha şükür, mənim teatrımın kollektivi şahiddir ki, nə boyda qarınla işə gəlirdim . 8 aylıq hamilə olarkən Tamara Vəliyevanın tamaşasında “Naznaz”ı oynamışam. Hətta tamaşadan sonra Afaq Bəşirqızı nazirlikdən gələn nümayəndələrə deyəndə ki, bəs Xanım sabahdan analıq məzuniyyətinə çıxır, heç kəs inamadı. Bəyəm hər ərə gedən çıxıb deməlidir ki, mən hamiləyəm? Mən belə şeyləri xoşlamıram. Hamilə vaxtı efirlərə çıxmışam. Sadəcə olaraq, bir az enli, boş paltar geyinmişəm ki, o qədər də gözə çarpmasın.

- Ev problemini həll etdiniz?

- Yox, necə var, elə də qalır. Ən yuxarı instansiyalara qədər müraciət etmişəm. Hələ də cavab verən yoxdur.

- Oynadığınız rollardan hansında özünüzü daha çox görürsünüz?

- “Səhnədə məhəbbət” əsərində Röya obrazı var. Bu qız həm aktrisadır, həm də müğənni. Onun qarşısına milyonçular çıxır, nələr təklif edirlər, amma bu, öz tərəf-müqabilini sevir. Və axırda da yenə onların sevgisi, yəni, səhnə qalib gəlir. Bu obraz mənim həyatımın 80 faizi idi.

- Həyatada keçdiyiniz bu qədər çətinliklərdən sonra xöbəxt qadın olmağın düsturunu necə təsvir edərdiniz?

- Bir xanımın xöşbəxt olması üçün düzgün həyat tərzi qurması lazımdır. Düzgün peşənin sahibi olmalıdır. Və həyat eşqini itirməməlidir. Bir də qeybətdən uzaq olmalıdır.

- Axı qeybəti hamı sevir...

- Ara qatım, ondan ona, bundan buna qeybət edim... - elə şeylərdən tamamilə uzaq adamam.

- Bütün xanımların nəyisə müzkirə etmək tələbatı olur...

- O olur, sözsüz. 5 qadın bir yerə yığılıb bir söz deyəndə sən də birini deyirsən. Əstağfurullah, mən Allah deyiləm ki, mənim də dilimdən bir söz çıxa bilər, o başqa. Bir də var ki, bilərəkdən məhz qeybət üçün oturasan. Ona görə də deyir ki, şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən Allah qorusun.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti