ABŞ-ın gizlətdiyi vəhşi tarixi – ARAŞDIRMA

ABŞ-ın gizlətdiyi vəhşi tarixi – ARAŞDIRMA
  05 Oktyabr 2015    Oxunub:7655
Tural İsmayılov

Tarix bizə yalanları da həqiqət kimi çatdırmaq istəyənləri həmişə məyus edir. Gi De Mopassan yazılarının birində qeyd edir, tarixi yanıltmaq istəyənlər ona görə məqsədlərinə çatırlar ki, biz çox çətin tapılan alternativ informasiyaları araşdırmaqdan qaçırıq. Molyerin buna bənzər bir çıxışı da mövcuddur. O, hesab edir ki, indi gizli qalacaq heç nə yoxdur, sadəcə insanlar aşkarlıq prinsiplərindən qorxur, ya da görmək istəmir.

Amerika öz tarixilə bağlı həqiqətləri gizlətmək üçün hər vasitəyə əl atılır. Bununla bağlı tədqiqatçı Rebekka Steffof təssüflə yazır: “Görəsən, bu insanlar gənclərin bu mövzuları dərk edə bilməyəcəklərinimi düşünürlər? Bu, vicdan məsələsidir. Amerikan vətənpərvərliyi hökumətin hər etdiyini sorğulamadan qəbul etmək deyil. Sorğulamadan qəbul etmək demokratiyaya aid xüsusiyyət sayılmır”.

ABŞ istənilən bir Şərq ölkəsini qarışdıranda burada demokratik haqq və özgürlükləri əsas şüarına çevirir. Amma Yaxın Şərqdən kənar areala keçdikdə sadəcə böyük bir təəssüf hissilə üz-üzə qalırıq. Sən ədaləti tapdalasan da, yankilərin sığalına sığınsan, səninlə heç kimin işi olmayacaq. Yox, əgər, marionet olmayıb, kiminsə diqtəsinə sığınmasan, onda ABŞ “demokratiya hayındakı diktator ovçusu” kimi başının üzərini alacaq.

Yeni dövrdə fəlsəfənin gəldiyi qənaəti elm də möhkəmləndirdi. Skeptikadan kənar olan müddəalar məcburi təlqinetmənin nəticəsidir. Dünyanın bir neçə qütblü informativ cəngəlliyə düşüdüyü hazırkı situasiyada ABŞ-ın xarici siyasətini suallara məruz qoymamaq üstündə yarış gedir. Hansısa bir iri tirajlı qlobal mediada ABŞ həqiqətlərinə dair yazılara ya rast gəlinmir, ya da ümumiyyətlə, bu mövzudan qaçılır.

Amerika tarixçiləri, yerli media, siyasətçilər susublar. Ümumi sistemin diqtələrinə boyun əyməyənlər üçün meydanlar qısalıb. 21-ci əsrə qədər az-çox fərqlənən amerikan solu tamamilə sıradan çıxarılıb. Bir neçə vicdanlı adamlar qalıb və onlar ABŞ-ı sual yağmuruna məruz qoymaqdan əsla çəkinmirlər.

Bunların başında Boston Universitetinin sabiq professoru, qalmaqallı “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabının müəllifi Hovard Zinn dayanır. Zinn daha yaxşı bir dünya üçün qəsbkarlıq əzmini məhv etmənin vaxtının çoxdan yetişdiyinə inanan biri idi.

O, sıra ilə bütün həqiqətləri açaraq, insanlar üçün qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışır. İnfarktdan müəmmalı şəkildə vəfat etsə də, bu gün özəlliklə, gənc nəsil üçün informasiya işğalında dəyərli bir alternativ fikir daşıyıcısı kimi qiymətləndirilir və oxunur.

Zinn sualları və hədəfləri dəqiq qoyurdu. 1619-cu ildə Afrikadan bir milyon qara Cənubi Amerika və Karib adalarındakı portuqal və ispan koloniyalarına aid mədənlər və şəkər qamışı tarlalarında qul olaraq işlədilmək üçün gətirildi. Qul ticarəti isə hələ 50 il qabaq Avropada on minlərlə afrikalı öz torpaqlarından aparılıb satılanda başlamışdı. Qərb köləlik tandemində bir-birinə o qədər çox bənzəyir ki. İrqçilik və ağlar ilə qaralar arasındakı mübarizənin tarixi də həmin zamanlardan start götürür.

Sual isə açıq qalır: Afrika mədəniyyəti Avropa mədəniyyətindən daha aşağı bir mədəniyyət idi və buna görə də onu yox etmək dahamı asandır?

1741-ci ildə Nyu-Yorkda on min nökər və iki min qara qul var idi. Amerika koloniyalarında qaraların üsyanından daha qorxulu bir narahatlıq var idi, bu da o zamanki həyat şərtlərindən narazı ağların ictimai quruluşu dəyişdirmək üçün qaralarla birləşmə qorxusu idi.

Tarixin hər qatında bütün Qərb sistematik olaraq insanların etirazından qorxmuşdu. Öz küçələrində etiraz edənləri polislər dəyənəkləyəndə, eyni üsuldan daha yumşaq formada istifadə edən digər dövlətlərlə bağlı həmin an bəyanat filan səsləndirmək haqqını(haqqsızlığını) da özlərinə bir missiya kimi mənimsəməkdən çəkinmirlər.

19-cu əsrdə Nyu-Orleanda nəşr olunan afroamerikalı qəzeti “Tibodo” yazırdı ki, etirazları yatırmaq üçün ağıla gələcək və gəlməyəcək hər üsuldan istifadə edirdilər. Şikəst kişilərə atəş açdılar, uşaqları və yaşlıları yerlə sürüdülər. ABŞ vətəndaşları ştat hakimi tərəfindən yönləndirilən bir avara qruplaşması tərəfindən öldürüldü. Maaşların artırılmasını istəyən işçilərə bir it kimi rəftar edilirdi.

1900 və 1920-ci illər ərzində ABŞ-a 14 milyon immiqrant gəldi. 1924-cü ildə konqres immiqrant axınına son qoyan qanunu qəbul etdi. Özü də əcaib və qıcıqlandırıcı formada. Yeni qanun əslən İngiltərə və Almaniyadan olan ağ irqdən insanların ABŞ-a gəlməyini dəstəkləyirdi. Çin və hansısa bir Afrika ölkəsindən isə yalnız məhdud adamın köçməsinə icazə verilirdi.

Bütün bunlar iyirminci əsrdə irqçi təşkilat “Ku Kluks Klan”ın yenidən vəhşət saçmasına səbəb oldu. İyirminci əsrin ikinci onilliyində 2 milyondan çox amerikalı uşaq bütün gün işləyən Amerika işçiləri arasında idilər. Onların əksəriyyəti 12-13 saat işləyirdilər.

Milli Uşaq İşçi Komitəsi 1904-cü ildə ildə uşaq əməyini azaltmaq və nizama salmaq məqsədilə yaradıldı. Lakin sonralar o qədər ciddi basqılara məruz qaldılar ki, fəaliyyət sferaları azalmağa başladı.

Hovard Zinn ABŞ-ın İraqa basqınını xarakterizə edəndə burada qisas elementləri axtarırdı. 11 sentyabr 2001-ci ildə Nyu-York və Vaşinqtonda baş vermiş terrorist hücumlarından sonra terrorla müharibə bəhanəsi ilə Yaxın Şərqə hücuma başlandı.

Bir tərəfdən öz evində müharibəyə qarşısan, digər tərəfdən başqa ölkədə müharibəni təbii bir hal kimi yaymağa başlayırsan… ABŞ ordusu Əfqanıstanı bombalayanda Bin Laden və Əl Qaidəni məhv etməkdə uğursuzluğa düçar oldu. Lakin hərbi əməliyyatlar minlərlə Əfqanıstan vətəndaşının ölümünə və sayısız insanın ev-eşiksiz qalmasına səbəb oldu.

İraqa müharibə elan olunanda Amerika xalqının əksəriyyəti Səddam Hüseynin kütləvi qırğın silahına malik olmasına dair Buş adminstrasiyasının iddiasına və İraq işğalının terrorla mübarizənin bir yolu olduğuna inanırdı. Fəqət müharibə davam etdikcə vəziyyət aydınlaşmağa başladı. ABŞ hakimiyyəti mövcud olmayan kütləvi qırğın silahları barəsində amerikan xalqını aldatmağı bacardı.

P.S. Nyu-York qadın toxuculuq işçiləri özlərinin müqavimət hərəkatları üçün şair Persi Biş Şellinin “Zəncirlərini şeh kimi dünyaya çırp. O dünya ki, yuxuda hücum edir sənə” misralarından ilham alırdı və bu yalanlara bir zərbə marşı sayılırdı.

P.P.S. Mənzərələri istədikləri kimi təhrif edə bilərlər, lakin insanlar heç zaman onların dediklərini olduğu kimi mənimsəməyəcək.


Teqlər:





Xəbər lenti