Olimpiya çempionumuz ermənini peşman etdi
Olimpiya çempionumuz Toğrul Əsgərov ilk olaraq Qazaxstanlı Sayatbek Okassov, ardınca Ermənistan təmsilçisi Devid Safaryan və Gürcüstan idmançısı Avtandil Kençadzeni mübarizədən kənarlaşdıran güləşçimiz 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Bu güləşçi ilə Toğrul ilk dəfə birinci Avropa Oyunlarının finalında qarşılaşmışdı və güləşçimiz təmiz qələbə ilə qalib gəlmişdi. Bu dəfə də görüşün 30-cu saniyəsində Toğrul rəqibinin kürəyini xalçaya sıxa bildi. Ancaq hakimlərin qeyri-obyektiv qərarı ilə görüş davam etdirildi, İtaliya idmançısının qələbəsinə və finala yüksəlməsinə şərait yaradıldı. Toğrul Olimpiadaya vəsiqəni qazanmaq üçün təsəlliverici görüşə qatıldı. Polşa təmsilçisi Maqomedmurad Qadjiyevlə görüşdə əldə etdiyi üstünlük güləşçimizə Rio Olimpiadasının yolunu açdı. Toğrul Əsgərov Dünya çempionatının bürünc medalı uğrunda İran təmsilçisi Seyidahmed Mohammadi ilə qarşılaşıb, ancaq görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz Dünya çempionatını 5-ci sırada tamamlayıb.
Xatırladaq ki, bundan əvvəl Yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya lisenziyaları əldə edib. Rəsul Çunayev (71 kq) dünya çempionu olub, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, lisenziya qazanmaq üçün idmançılara ilk beşliyə düşmək gərəkdir.
AzVision.az