Şahmatçımız erməni rəqibini uddu

Şahmatçımız erməni rəqibini uddu
  10 Sentyabr 2015    Oxunub:1885
Xantı-Mansiyskdə keçirilən 20 yaşadək gənclər arasında şahmat üzrə dünya çempionatında 7-ci turun oyunları başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından AzVision.az-a verilən məlumata görə, oğlanların mübarizəsində 7-ci turda qara fiqurlarla oynayan Ülvi Bacarani Ermənistan təmsilçisi Karen Qriqoryan üzərində qələbə qazanıb.

Yeddi turdan sonra 5,5 xal toplayan Ü.Bacarani ikinci pillədə qərarlaşıb. Nicat Abasov isə norveçli Aryan Tari ilə sülh bağlayaraq aktivindəki xalların sayını beşə çatdırıb. Misrəddin İsgəndərov isə bu turda Argentina şahmatçısı Alan Piçota məğlub olub.

Qızların yarışında yeddinci turda Səbinə İbrahimova Monqolustan təmsilçisi Bayarma Bayarjarqal üzərində qələbə qazanaraq altıncı pilləyə yüksəlib. Günay Məmmədzadə isə Qazaxıstan şahmatçısı Jansaya Abdulmalikə məğlub olub və 4,5 xalla 10-cu yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva 3,5, Aytən Əmrayeva isə 3 xal toplayıb.

İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir.

AzVision.az


Teqlər:





Xəbər lenti