`Çalışacağam ki, bu etimadı doğruldum` - Rövnəq Abdullayev

`Çalışacağam ki, bu etimadı doğruldum` - Rövnəq Abdullayev
  05 Sentyabr 2015    Oxunub:2783
"Qarşımızda qoyulan əsas vəzifə cüdonu inkişaf etdirməkdir".
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni prezidenti Rövnəq Abdullayev deyib.

O, qeyd edib: "Ölkə başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin tövsiyəsi əsasında seçki oldu. Məni də Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsinə seçdilər. Məni bu vəzifəyə tövsiyə etdiyi üçün cənab Prezidentə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bu etimadı doğruldum. Qarşımızda qoyulan əsas vəzifə cüdonu inkişaf etdirmək, Azərbaycanda gənclərin idmanla məşğul olmalarına yaradılan şəraitə dəstək verməkdir. Maksimum imkanlar yaratmalıyıq ki, gənclərimiz həm cüdo ilə məşğul olsunlar, həm də Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edərək yaxşı nəticələr göstərsinlər. Biz də bunun üçün çalışacağıq".

Eyni vaxtda iki federasiyaya - AFFA və ACF-yə rəhbərlik etməyin onun üçün çətinlik yaradıb-yaratmayacağına münasibət bildirən R.Abdullayev deyib ki, bu federasiyalar bir nəfərdən asılı deyil: "Biz bir komandayıq. Hər bir iş komanda ilə görülür. AFFA-da da belədir, ACF-də də belə olacaq. Əsas məsələ işin təşkilidir".

Yeni prezident cüdo millimizə əcnəbi baş məşqçinin gətirilməsi barədə danışmağın hələ tez olduğunu bildirib: "Cüdo mənə yad deyil. "Neftçi" İdman Klubunda cüdo da inkişaf etdirilir. Deyərdim ki, bu növ üzrə məşqçilərin 90 faizi bu klubda çalışır. Mən onların da işləri ilə daima məşğul olmuşam və nəzarət etmişəm. "Neftçi"də 23 cüdo məşqçisi var. Bu məsələyə baxacağıq. Əsas odur ki, nəticə olsun. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına bir ildən də az vaxt qalıb. O vaxtadək maksimum sayda lisenziya qazanmalıyıq. Baş məşqçi kim olsa, qarşısına bu məqsəd qoyulacaq".

R.Abdullayev deyib ki, ACF və əsas təlim-məşq bazası Bakı Olimpiya Stadionunda yerləşəcək: "Çalışacağıq ki, cüdoçuların şəraitləri yaxşı olsun. Uğur qazanmaq isə onların özlərindən asılıdır".


Teqlər:





Xəbər lenti