Lavrov Rəsmi Bakıdan nə istəyib? – TƏHLİL

Lavrov Rəsmi Bakıdan nə istəyib? – TƏHLİL
  02 Sentyabr 2015    Oxunub:5723
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilməz səfəri baş tutdu və Azərbaycan prezidenti İlham Əliyev şimal qonşumuzun baş diplomatını qəbul etdi. İlham Əliyevin Lavrovla görüşü barədə yayılan rəsmi məlumatın məğzi ondan ibarətdir ki, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləyirlər.

Prezident Əliyev Rusiya ilə Azərbaycan arasında iqtisadi, siyasi, humanitar və energetika sahələrində əməkdaşlığın səmərəsindən söz açıb və 1-ci Avropa Oyunlarının açılış mərasiminin Rusiyanın Müstəqillik Gününə təsadüf etməsinə baxmayaraq, prezident Putinin bu tədbirdə iştirakını yüksək qiymətləndirib.

Lavrov isə iki ölkənin beynəlxalq məsələlərdə tutduqları mövqelərinin yaxın olmasının vacibliyini vurğulayıb, Rusiya ilə Azərbaycanın Xəzər hövzəsində strateji tərəfdaşlığını xatırladıb, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artmasını yüksək qiymətləndirib və ümidvar olduğunu bildirib ki, bu yaxınlarda Rusiyada keçiriləcək hərbi-texniki sərgidə Azərbaycan da öz məhsullarını nümayiş etdirəcək.

Dağlıq Qarabağ problemi ilə bağlı isə, Lavrov hazırda münbit şəraitin yarandığını və bu görüşün münaqişənin həlli baxımından irəliləyiş olacağına ümid etdiyini söyləyib.

Qeyd etmək lazımdır ki, son dövrlərdə Rusiya ilə Azərbaycanın münasibətlərinin daha da yaxınlaşması müşahidə olunur. İki ölkənin münasibətlərinin inkişafının qabarıq sezilməsinin əsas səbəbi isə, Moskvanın Ukrayna böhranından sonra Qərblə münasibətlərinin gərginləşməsidir.

Moskva Qərbə alternativ olacaq geosiyasi qütb yaratdığı və bu qütbə başçılıq etdiyi illuziyasına qapılıb. Beynəlxalq münasibətlərə qeyd olunann kontekstdən yanaşan Rusiya qonşuları “özünkülər” və “qərblilər”ə bölmək nöqteyi-nəzərəndən qiymətləndirir və müvafiq olaraq öz xarici siyasətini yürüdür.

Rusiyanın Qərblə “mübarizə”sində Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır, çünki, Amerikanın növbəti hədəfi Qafqaz, Xəzər hövzəsi və Orta Asiya regionudur ki, bu ərazidə Azərbaycan açar ölkə rolunu oynayır.

Bu mənada Rusiyanın narahatlıq keçirməsi başadüşüləndir. Məsələn, bu ilin əvvəlində İŞİD-ın Əfqanıstanda fəallaşması və Orta Asiya respublikalarının terror təhlükəsiylə üz-üzə qalması barədə məlumat yayıldı. Ardınca ənənəvi ssenari işə salındı və Türkmənistanın prezidenti İŞID-dan müdafiə üçün Amerika hərbi qüvvələrinin öz ölkəsində yerləşdirilməsini xahiş etdi. Vaşinqton isə Türkmənistanın xahişinə müsbət yanaşdı.

Digər tərəfdən, Türkiyə-Azərbaycan-Türkmənistan formatında münasibətlər günü-gündən dərinləşməkdədir. Bu formatın inkişafının Transxəzər enerji nəqli xəttinin reallaşması ilə nəticələnəcəyini indidən demək olar. Rusiya və Çin bu layihəyə qarşıdır, çünki Moskva öz nəzarətindən kənar enerji dəhlizinin çəkilməsini, Çin isə Türkmənistan kimi ucuz qaz mənbəyini itirmək istəmir. Lakin Amerika hərbi qüvvələrinin Türkmənistanda yerləşdirilməsi Rusiyanın bu planlarına hərbi yolla maneə törətməsini əngəlləyəcək.

Rusiyanın İranla bərabər Xəzər dənizində hərbi manevrlər etməsi bu layihələrin reallaşmasına mane olmağa hesablanıb. Lavrovun Azərbaycanın rəhbərilə görüşündə Xəzər hövzəsində strateji tərəfdaşlığı xüsusi vurğulaması da qeyd olunan məqamlardan xəbər verir.

Türkiyənin “Türk axını” layihəsindən imtina etməsi isə Rusiyanın iqtisadi maraqlarına növbəti zərbə oldu və Moskvanın Vaşinqton qarşısında mövqeyini zəiflətdi. Ərdoğanın Rusiya ilə iş birliyindən imtina etməsilə bağlı rəsmi açıqlama verilməsə də, Putinin “erməni soyqırımı” na görə Yerevanda keçirilən tədbirə qatılmasından sonra Ankara-Moskva münasibətlərində sərinləşmə sezilməyə başladı.

Yaranmış vəziyyətdə Azərbaycan üçün təbii ki ən vacib məqsəd ölkənin mümkün təhlükələrdən qorumaqdır. Bu mənada Rusiya ilə yaxın strateji əlaqələrin dəstəklənməsi müəyyən qədər təhlükəsizliyə təminat yaradır.
Eyni zamanda, Azərbaycan üçün Rusiya vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq imkanı yaranır. Rusiya bunun müqabilində Azərbaycandan nə tələb edə bilər?

Güman ki, Moskva Ankaranın “Türk axını” layihəsinə razılıq verməsi üçün Bakının vasitəçiliyini istəyəcək. Bundan əlavə, Bakının Transxəzər layihəsindən imtina etməsi bu layihənin reallaşmasını sual altına qoyur. Odur ki, Rusiyanın digər tələbi Xəzərlə bağlı ola bilər.

Tofiq Əsgərov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti