`İnter` Avroliqa ilə belə vidalaşdı

`İnter` Avroliqa ilə belə vidalaşdı
  07 Avqust 2015    Oxunub:2324
Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib.

Bakı təmsilçisi paytaxtdakı “Şəfa” stadionunda İspaniyanın “Atletik” (Bilbao) klubunu qəbul edib. Komandalar arasında ilk görüşdə “İnter” 0:2 hesabı ilə məğlub olduğundan növbəti mərhələyə yüksəlmək üçün cavab qarşılaşmasının ilk dəqiqələrindən hücuma atılıb. Buna baxmayaraq, oyunda ilk təhlükəli vəziyyəti 9-cu dəqiqədə qonaqlar yaradıblar.

Ager Aketçenin zərbəsini qapıçı Səlahət Ağayev uğurla dəf edib. Görüşün 12-ci dəqiqəsində “İnter” hesabı açsa da, hakim qolu hesaba almayıb. 19-cu dəqiqədə “Atletik” komandasının hesabda irəli çıxmasına qapı dirəyi mane olub. Qarşılaşmanın 24-cü dəqiqəsində Rauf Əliyevin başla zərbəsini rəqib komandanın qapıçısı dəf edib. Hücumlarını davam etdirən “İnter” 27-ci dəqiqədə hesabı açmağa yaxın olsa da, Mirhüseyn Seyidovun zərbəsi qapı tirinin bir qədər üzərindən keçib.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Oyunun ikinci hissəsində də “İnter” qol vurmaq üçün irəli atılsa da, “Atletik” futbolçularının inamlı müdafiəsi Bakı təmsilçisinin fərqlənməsinə imkan verməyib və matç 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, iki oyunun nəticəsinə görə 0:2 hesabı ilə məğlub olan “İnter” komandası Avroliqada çıxışını dayandırmalı olub.



Teqlər:  





Xəbər lenti