Ərdoğanın antiterror savaşının pərdəarxası – TƏHLİL

Ərdoğanın antiterror savaşının pərdəarxası – TƏHLİL
  29 İyul 2015    Oxunub:12399
Türkiyədə həyata keçirilən son parlament seçkilərindən sonra yeni hökumət formalaşmamış, Əhməd Davudoğlunun başçılıq etdiyi müvəqqəti hökumət prezident Ərdoğanın xeyir-duası ilə ölkə daxilində və xaricində terrozmə qarşı genişmiqyaslı məhvetmə kampaniyasına start verdi. Hökumətin belə radikal qərara əl atmasına səbəb iyulun 20-də Suruç şəhərində baş vermiş və 32 nəfərin ölümünə səbəb olmuş terror hadisəsi oldu.

Türkiyə İŞİD və PKK-ya müharibə elan etdi və ölkənin hərbi hava qevvələrinin Suriya ərazisində yerləşən terrorçuların mövqelərinə aviazərbələr endirməsilə paralel, ölkə daxilində polisin PKK-çılara qarşı genişmiqyaslı əməliyyatları başladı. Son məlumatlara əsasən, artıq 800 nəfərə yaxın şübhəli şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Baş nazir Davudoğlu son açıqlamasında bir daha vurğuladı ki, Ankara terrorla mübarizədə başladığı fəaliyyəti sonuna qədər davam etdirəcək.

Təbii ki, Ankaranın bu qərarı verməsinin səbəbi Suruç hadisəsinə görə atılmış emosional addım deyil, uzun müddətdən bəri düşünülərək hazırlanmış planın başlanğıcıdır. Suruç hadisəsindən planın işə salınması üçün səbəb kimi istifadə olundu.

İŞID qruplaşmasının konkret hansı qüvvələr tərəfindən yaradılması barədə qəti fikir bildirilməsi mümkün olmasa da, bu təşkilatın hələ ki, Yaxın Şərqdəki sünni birliyinin lehinə istifadə olunduğunu əminliklə söyləmək olar. Məsələn Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə silahlı müdaxilə etməsi üçün ilkin səbəb kimi İŞİD-lə mübarizə göstərilsə də, sonradan husilər adlanan şiələrin Ər-Riyadın işğalına qarşı çıxması kampaniyanın mahiyyətini dəyişdi.



Eyniylə Türkiyə də, Suriyada daha əvvəl mövcud olmamış İŞİD-lə mübarizə adı ilə bu ölkəyə hərbi qüvvələrini göndərmək qərarına gəlir. Terror hadisəsinin kürdlər yaşayan Suruç ərazisində baş verməsi isə, hadisəyə görə İŞİD-i günahlandırmağa əsas yaradır. Yəni, PKK kürdlər yaşayan ərazidə partlayış törətməyəcəyi üçün avtomatik bütün şübhələr əminliyə çevrilərək, İŞİD-ə yönəlir.

Yayılan məlumatlara görə, Vaşinqtonla Ankara arasında Türkiyənin Suriya ilə həmsərhəd ərazisində təhlükəsiz bufer zonanın yaradılması və buraya türk qoşunlarının yeridilməsi barədə razılıq əldə olunub. Amerika hərbi hava qüvvələri türk ordusuna havadan dəstək vermək fikrindədirlər.

Maraqlıdır ki, NATO-ya üzv olan Avropa dövlətlərinin heç biri “İslam Dövləti”lə mübarizədə Türkiyəyə dəstək vermək fikrində deyil. Bu, onu deməyə əsas verir ki, Yaxın Şərqin yenidən bölüşdürülməsində Amerika avropalı tərəfdaşlarının pay almasını istəmir.

Suriyaya nəzarətin Türkiyəyə keçməsi isə o deməkdir ki, həm İran, həm Xəzər hövzəsi, həm də Ərəb ölkələrindən Qərbə çəkiləcək istənilən enerji layihəsinə nəzarəti Ankara həyata keçirəcək. Yəmənin Səudiyyə Ərəbistanının nəzarətinə keçmə perspektivi isə Qərbə gedən dəniz yollarının Ər-Riyadın nəzarətinə düşməsi deməkdir. Bu, Yaxın Şərqdə İranın başçılıq etdiyi şiə ittifaqını kifayət qədər zəiflədir və sanksiyaların ləğv olunması belə, Tehranın əvvəlki gücünü tez bir zamanda bərpa etməsinə imkan vermir.

Güman etmək olar ki, Ərdoğan Vaşinqtonla birlikdə Yaxın Şərqlə bağlı müştərək planları həyata keçirərkən paralel olaraq öz maraqlarına cavab verən bir sıra məsələləri də reallaşdırmağa çalışır. Ankara Vaşinqtonun öz maraqları üçün ona tanıdığı hücum haqqından özü üçün də yararlanır. ABŞ ümumi iş birliyinin pozulmaması üçün Ankaranın nisbətən kiçik fərdi planlarına qarşı çıxmır.

Söhbət ölkə daxildə və xaricindəki silahlı separatçı kürd qruplaşmaları ilə mübarizədən gedir. AKP Türkiyə tarixində ilk dəfə olaraq kürdlərə parlamentdə 80 mandatı almaq hüququ tanımaqla öz hüquqları uğrunda sivil yolla mübarizə aparmaq istəyən kürdləri digər radikallardan ayırdı. Bu yolla hökumət yerdə qalan radikallarla mübarizə aparmaq üçün Türkiyənin kürd icmasından razılıq vetosu qazandı. İctimai rəyin hökumətin sərt addımlarını tənqid etməsi üçün əsası qalmadı.

Həm də nəzərə almaq lazımdı ki, keçən müddət ərzində PKK-çıların sıraları kifayət qədər seyrəlib. Bu məsələdə də, “İslam Dövləti” Türkiyənin işinə yarayıb. Belə ki, İŞİD-in İraq və Suriya ərazisində kürdlərə qarşı müharibə elan etməsi Türkiyə ərazisindəki PKK-çıları öz soydaşlarına köməyə yollanmağa sövq etdi.

Digər tərəfdən, parlament seçkilərindən sonra hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyən AKP müharibəyə başlamaqla əhalinin daha geniş təbəqələrinin öz ətrafında birləşməyə nail olacaq. sövq edəcək. Hətta cəbhə bölgəsində bir neçə nəzərəçarpacaq qələbələrin qeydə alınması AKP-nin reytinqində öz müsbət təsirini göstərəcək. Odur ki, Ərdoğanın yenidən seçkiyə getmək barədə qərar verəcəyini ehtimal etmək olar.

Tofiq Əsgərov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti