Niyə Almaniya bizə qarşıdır? – TƏHLİL, GİZLİ SƏNƏD

Niyə Almaniya bizə qarşıdır? – TƏHLİL, GİZLİ SƏNƏD
  25 İyun 2015    Oxunub:20980
Niyə Almaniyanın hökuməti, partiyaları, QHT-ləri və mediası sistemli şəkildə Azərbaycana qarşı çıxışlar edirlər? Onların bizimlə nə problemi, sadə dildə desək, hansı şərikli malı var? Üstəlik, son 2-3 ili qırağa qoysaq, ölkələrimiz arasında həmişə çox gözəl münasibətlər olub axı!..

Yada salaq: Azərbaycan cəmiyyətində Almaniyaya o qədər sayğı və inam var idi ki, hətta çoxları Minsk qrupunda Fransanın Almaniya ilə əvəzlənməsini istəyirdilər. Rəsmi Berlin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək vermişdi. 2007-ci ildə Prezident İlham Əliyevin Almaniyaya səfəri çox yüksək səviyyədə baş tutmuş və ölkələri bir-birinə daha da yaxınlaşdırmışdı.

2011-ci ilə qədər Azərbaycanla Almaniya arasında olduqca gözəl münasibətlər var idi, amma həmin ildən vəziyyət dəyişməyə başladı. “Eurovision -2012” ərəfəsində isə artıq görmək çətin deyildi ki, Almaniyanın tamamilə bizdən üzü dönüb...

Niyə? İki ölkənin arasında nə baş vermişdi?! Ən vacib məqam da budur: Heç nə! Azərbaycanla Almaniyanın arasındakı 2011-ci ilə qədər olan yüksək səviyyəli münasibətlərin pozulması üçün heç nə baş verməyib!

Almaniya sadəcə olaraq, son 3-4 ildə ABŞ-ın Azərbaycana qarşı yürütdüyü çirkin siyasətin Avropadakı təşkilatçısı rolunda çıxış edir. Və bu, əslində Almaniyanın özünün dövlət maraqlarına qətiyyən uyğun deyil. Söhbət təkcə Azərbaycandan getmir: Rusiya ilə münasibətlərdə də Almaniya eyni şəkildə Amerika siyasətinin qabağına düşüb getməkdədir və yenə də öz maraqlarının ziddinə olaraq! Bunu yüzlərlə siyasi ekspertlər də təsdiqləyirlər.

Niyə Almaniya Amerikanın siyasətini Avrpada yürütmək üçün öz maraqlarını ayaq altına atır? Doğrudanmı, Vaşinqtonun Avropa Birliyinin ən güclü ölkəsinə təsiri bu dərəcədə böyükdür? Təəssüf ki, bəli...

Son illərdə üzə çıxan sənədlərdən bəlli oldu ki, II Dünya Müharibəsindən sonra ikiyə bölünmüş Almaniyanın Qərbin nəzarətində qalan hökuməti ABŞ ilə gizli müqavilə imzalayıb. Almaniya hərbi əks-kəşfiyyatının keçmiş rəhbəri Herd-Helmut Komossa “Alman xəritəsi. Məxfi xidmətlərin gizli oyunu” adlı kitabının (Gerd-Helmut Komossa. Die Deutsche Karte) 28-ci səhifəsində məlumat verir ki, “Kansler Aktı” adlanan həmin müqavilə 1949-cu ilin 21 mayında imzalanıb. “Tam məxfi” qrifi altında qorunan sənəddə məğlub Almaniya hökumətinin 2099-ci ilə qədər daşımalı olduğu öhdəliklər əksini tapıb.

Sənəddə bildirilir ki, 2099-cu ilə qədər müttəfiqlər Almaniya Kütləvi İnformasiya vasitələrinə tam nəzarət edəcəklər. Almaniyanın qızıl ehtiyatları ABŞ-a daşınacaq və orada saxlanılacaq. Almaniya bütün vacib siyasi və iqtisadi qərarlarını Vaşinqtonla razılaşdıracaq. Və Almaniyanın hər bir yeni seçilmiş kansleri səlahiyyətlərinin icrasına başlamazdan öncə ABŞ-a uçaraq, bu müqaviləni təzədən imzalamalıdır.



Qeyd edək ki, həqiqətən də bugünə qədər Almaniyanın bütün yeni kanslerləri seçiləndən sonra vəzifələrinin icrasına başlamazdan əvvəl Amerikaya uçub, sonra qayıdaraq, səlahiyyətlərini həyata keçirməyə başlayıblar. Bu, faktdır.

2014-cü ildə ANB-nin (ABŞ Milli Təhlükəsizlik Agentliyi) keçmiş əməkdaşı Tomas Dreyk bəyan etmişdi ki, BND ilə sıx əməkdaşlıq edirlər və Alman kəşfiyyatı öz vətəndaşlarının dinlənildiyindən əla xəbərdardır, sadəcə, buna göz yumur.

Alman mediasına CİA-in necə nəzarət etdiyini isə Alman jurnalisti Udo Ulfkotto “Satılmış jurnalistlər” adlı məşhur kitabında tam açıb göstərmişdi.

Avropa Parlamentinin İrandan olan deputatı Evald Ştadler İranın `Press TV` kanalına bildirmişdi ki, ABŞ almaniyalı siyasətçiləri öz maraqlarına uyğun davranmağa sövq edir və Rusiyaya qarşı yönəldir. Halbuki, yada salaq: Gerhard Şröderin dövründə Almaniya-Rusiya yaxınlaşması çox güclü potensiala malik birlik kimi görünürdü və Amerikanı ciddi qorxuya salmışdı...

Başqa faktlarla da göstərmək mümkündür ki, Almaniya öz suverenliyinin böyük bir qismini ABŞ-a güzəştə gedib və bunun nəticəsində hələ də müstəqil siyasət yürüdə bilmir. Üzdə Avropanın ən güclü ölkəsi kimi görünsə də, nəhəngin ayaqları palçıqdandır – faktik olaraq, Berlinin bütün ipləri Vaşinqtonun əlindədir.

Ona görə də, Almaniyanın aparıcı media orqanları, `Konrad Adenauer`, `Fridrix Nauman`, `Henrix Böll`, `Fridrix Ebert` kimi fondları, Markus Löninq, Kristofer Ştrasser, Viola fon Kramon, Guido Vestervelle, Martin Şults və digər siyasi-ictimai xadimləri də Azərbaycana qarşı çıxırlar. Çünki ipləri başqalarının əlindədir.

Almaniya bənzər yolu bir dəfə keçib: ötən əsrin 30-cu illərində Hitlerin güclənməsinə və SSRİ-nin üstünə getməsinə imkan yaradanlardan biri də Amerika olmuşdu. İndi də oxşar yolla müasir Almaniyanın güclənməsinə imkan verirlər ki, onun əli ilə Avropada `çirkli` işləri görsünlər. Doğrudanmı, tarixə böyük dahilər bəxş etmiş Alman xalqının müasir dövrdəki rolu elə budur: `çirkli` işləri görmək? Budursa, çox heyif...

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti