“Ərdoğan məndən soruşdu ki, haralısan?” – Müsahibə

“Ərdoğan məndən soruşdu ki, haralısan?” – Müsahibə
  18 İyun 2015    Oxunub:6004
“Türkiyə prezidenti haradan olduğumu soruşdu. Azərbaycandan olduğumu deyəndə sevindi. Bildirdi ki, azərilər bizim qardaşlarımızdır”.
Bunu AzVision.az-a müsahibəsində Türkiyədə təhsil alan azərbaycanlı magistr Leyla Sultanlı deyib. Türkiyədə ən yaxşı 20 tələbədən biri seçilən L.Sultanlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafata layiq görülüb.

-İlk olaraq sizi təbrik edirik. Maraqlıdır, Türkiyə prezidentinin sizə hədiyyə verəcəyini bilirdinizmi?

-Təşkkür edirəm, təbrikinizə və dəstəyinizə görə. Əslində 2015-ci ilin məzunları arasında ən bacarıqlı 20 tələbəyə mükafat veriləcəyi məlum idi. Amma bu 20 tələbənin kimlər və hansı ölkələrdən olacağı tədbirə bir neçə gün qalmış bəlli oldu.

Tədbirdən bir neçə gün öncə mənə zəng edərək mükafata namizədlərdən biri olduğumu dedilər. Tədbirə bir saat qalmış mükafata layiq görüldüyümü və 20-liyə düşdüyümü bildirdilər.

-Türkiyə prezidenti sizə mükafat verərkən çəkilən fotodan görünür ki, sanki orada sizə nəsə deyir. Diaqloqunuz nədən ibarət idi?

-Türkiyə prezidenti mükafatı təqdim edərkən hansı ölkədən olduğumu soruşdu. Azərbaycandan olduğumu deyəndə çox sevindi. Dedi ki, I Avropa Oyunlarının açılışı üçün Bakıya gedəcək. Mən isə Türkiyə prezidentinin ölkəmizə səfərinin xoş və şərəfli olacağını dedim. Təşəkkürünü bildirdi və hədiyyəmi təqdim etdi. Mən də öz növbəmdə ona minnətdarlığımı bildirdim.

-Hədiyyə nə idi?

-Fərqlənmə sertifikatı və planşet hədiyyə etdi.

- Azərbaycandan sizi bu uğurunuza görə, təbrik edənlər oldumu?

-Təbii ki, oldu. İlk təbrikləri elə tədbir bitdikdən sonra yanımda olan və bu il məzun olan digər azərbaycanlı və xarici ölkələrdən olan dostlarımdan aldım.

Azərbaycandan ən qürurverici təbriklər ilk növbədə müəllimlərimdən gəldi. Dövlət İdarəçilik Akademiyasında mənə dərs deyən dəyərli müəllimlərim, millət vəkili Aydın Mirzəzadə, Rəna Allahverdiyeva, Yusif Ağayev, Ağamehdi Mehdiyev təbrik etdi. Və eyni zamanda Bakıda olan dostlarım, yaxınlarım təbrikə qoşuldular.

-Təhsilinizi başa vurduqdan sonra Türkiyədə qalmaq niyyətindəsiniz, yoxsa vətənə qayıdacaqsınız?

- Bura master təhsili almağa gələndə düşüncəm təhsilimi alıb vətənimə qayıtmaq və Azərbaycana xidmət etmək idi. İndi də eyni düşüncədəyəm. Azərbaycana mütləq qayıdacağam.

-Mükafat alan tələbələr arasında azərbaycanlı tək siz idiniz?

-Azərbaycanlı olaraq bu il tək mən idim. Amma keçən il də bir azərbaycanlı 20-liyə düşə bilmişdi.

-Bu uğurunuzu valideynləriniz necə qarşıladı?

-Təbii ki, sevindilər. Valideynlərim təhsil məsələlərində hər zaman (bacım və mənim) arxamızda olub. Xəbəri zəng vurub deyəndə qürur duydular.

- Valideynləriniz hansı peşənin sahibidirlər?

-Anam İqtisad Universitetində müəllimə, atam isə neftçidir. Bacım Neft Akademiyasında MBA üzrə magistr təhsili alır.

-Magistr təhsilinizi hansı ixtisas üzrə alırsınız?

- Hacettepe Üniversitetində Public Administration ( Dövlet İdareçiliyi) ixtisası üzrə təhsil alıram.

-Magistr təhsili üçün niyə Türkiyəni seçdiniz?

-Magistr təhsilimi Türkiyədə almaq istəyimin səbəbi həm ölkənin bizə yaxın, qardaş olması, həm də təhsil almaq istədiyim üniversitetin burada olması oldu.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti