Mədrəsə ilə `uşkol` arasındakı milli boşluq

Mədrəsə ilə `uşkol` arasındakı milli boşluq
  02 İyun 2015    Oxunub:13889
Aqşin Yenisey

Müalicəsi olmayan fitri xəstəlik kimi xarakterizə etdiyimiz istedad fenomeninin tarixi müayinəsi onu göstərir ki, istedad – uzun dövrlər ərzində nəsillərin, xalqların yaşamaq uğrunda mübarizə nəticəsində “öz başlarında” oyrəndikləri ustalıqların irsi informasiyalar şəklində nəsildən-nəsilə ötürülməsi və genetik yaddaş kimi nəslin, soyun sonrakı nümayəndələrində təbii-zəruri qanunauyğunluqlara əsasən, gözlənilmədən müxtəlif formalarda üzə çıxmasıdır.


İstedad xalqın öz övladlarının şüuraltısında “dar gün üçün” gizlədiyi mənəvi-təcrübi mirasıdır. Onun basdırıldığı yer çox zaman xalqın şüurunda, taleyində aşınma, yuyulma prosesi şiddətlənəndə üzə çıxır. Elə cırcırama xalqlar da var ki, mövsümi nemətlərlə yaşadıqları üçün həmişə “dar günlərində” “özgə qapılarına” qaçırlar.

Nə qədər Engelssayağı səslənsə də, istedadın fitri qaynağı Tanrı yox, tarixdir. Onun hikməti xalqın tarixdən aldığı ibrət dərsləridir. Onun mövhumiliyinin kökü izaholunmaz ilahi möcüzəvilik yox, unudulmuş tarixi gercəkliklərdir. İstedadın zühuru xalqın tarixi gedişat ərzində qazandığı yaxşı və pis xassəli olmasından asılı olmayaraq, üstün əlamətlərin şüuraltı kondensasiya prosesidir. Onun ruhani xassəyə malik olması fikri də şəraitsizlik mühitində anabioz gözləmə vəziyyətinə keçən keçmişin oyanışı ilə bağlıdır.

İzahımızı bir az da sadələşdirək; istedad – növün taleyini özlərindən əvvəlkilərdən təhvil almış yetkin nəsil arı icmasının özlərindən sonrakılar üçün pətəyə yığdığı bal kimi mənəvi bir ehtiyat deyil, bu ehtiyatı bərpa edə və ötürə bilmə bacarığıdır. Yəni yaşaya bilmə yox, yaşada bilmə qüvvəsidir.

Arı icması ilə insan icmasının arasındakı fərq yalnız bundan ibarətdir ki, ikiayaqlı icmada istedad nəslin genetiksında gələcəkdəki yenilər üçün toplanmış təkcə nəcib duyğuların, uğurlu həyat təcrübsənin, xeyirxah və gümrah xarakterlərin kodlaşdırılmış ruhi-mənəvi ehtiyatı deyil, həmçinin məhvolma təhlükəsi qarşısında soy-kökün özünüqoruma məqsədilə əl atdığı hiyləgərlik, yaltaqlıq, qorxaqlıq kimi mənfi xislətli emosiyalar və vərdişlərin irsi ötürülməsidir. Zəif xalqlarda və canlılarda ikinci xüsusiyyətlər daha mükəmməl şəkildə qorunub saxlanılır. Bu mənada irsi və irqi uzunömürlülük qazanmış hər bir əlamətin adı istedaddır. Yəni hər hansı ənənəvi istedadsızlığın özü də bir istedaddır.

Bəzən hansısa bir xalqın, içi özümüz qarışıq, kütləvi davranışlarındakı neqativ vərdişlərin səbəbini müvəqqəti sosial-iqtisadi güzaranın ağırlığında, dəyişən hakimiyyətlərin siyasi reaksiyalarında və s. buna oxşar səthi və gəldi-gedər əlamətlərdə axtarırlar, xalqa xas olan xarakterik xüsusların minillər ərzində sümükləşməsi fikri nədənsə bilərəkdən eşidilməz olur. Halbuki pis və yaxşı olmasından asılı olmayaraq məhz bu xüsuslar xalqın mövcudluğunu və davranışlarını təyin edir. Edib və edəcək.

Məsələn, tarixi müayinə göstərir ki, bizim xalqın mental dəyərlərinin arasında məhz milli savadının olmaması onun genefondundakı kitab rəflərinin boş qalmasına səbəb olmuşdur. Mən “milli savad” dedikdə ərəb mədrəsəsi ilə rus “uşkolu” arasındakı boşluğu nəzərdə tuturam ki, bu boşluqda bizim milli məktəbimizin adı olmalıydı, ancaq biz orda öz külfətlərimizi yerləşdirdik. Məhz milli savadımızın olmaması ucbatından Sizif əzab-əziyyətinə məhkum olunmuş təhsilimiz tərini silmək üçün bir balaca ayaq saxlayanda, ya xalqda vurhay kütləvi savadsızlaşma, elmə nifrət tüğyan eləyir, ya da xalq “nayomnik” mədrəsəçilər və məzhəkəçi “uşkolçular” olmaqla iki yerə bölünüb yaxacırdıya başlayır. İctimai əxlaq fərdi eqoların “müqəddəsliyinə” qurban verilir. Elm dünyanın üstünə makedoniyalı İsgəndər kimi gedib, kefli İsgəndər kimi qayıdan gənc fatehin gününə düşür.

Bir-birilərinin dünyagörüşlərini söymək şadyanalığı milli bayrama çevirilir. Niyə? Çünki irsi məsuliyyət yoxdur. Bu məsuliyyəti xalqda heç bir sosial-iqtisadi proqram, heç bir fövqələməl sahibi olan siyasi hakimiyyət yarada bilməz.

İstedad yaratmaq xalqın məqsədi deyil, onun belə məqsədi olsaydı, tarixin istənilən çətin anında özünün milli nikahlarının sayını və məhsuldarlığını spiritualistcəsinə artırar, üzləşdiyi əngəllərdən yalnız seksual məhsuldarlıq bahasına xilas ola bilərdi. Spiritualistlərin nəzərincə,cismani tumanendirmə mənəvi yüksəlişə səbəb olsaydı, onda bəşəriyyətin bu qədər şəxsiyyətyaratma təsisatları icad etməsinə ehtiyacı olmazdı, tutalım, biz azərbaycanlılara, sadəcə, üç manat puldan, bir kəllə qənddən və bir molladan ibarət kəbin dəsti ilə nikahlandığımız qarını gündə üç evnə Markesin fil yerişli patriarxı kimi harda gəldi basmarlamaq yetərli olardı ki, doqquz aydan sonra evdə artıq xüsusi təyinatlı istedadın süd əmdiyinə şahid olaq.

Yaxud əksinə, Bonapartlar ailəsi mağmın və ağciyər oğulları Jozefdən sonra cinsi məhsuldarlığın getdikcə aşağı düşməsini görərək, dördüncü uşağın - Napoleonun doğulacağından əllərini üzüb, cinsi əkib-becərmə zəhmərkeşliyinə son qoysaydılar, indi Fransa tarixinin əfsanəviliyi xeyli solğun görünərdi. Lakin yuxarıda qeyd olundu ki, istedadın əmələgəlməsi məqsəddən asılı olmayaraq, ümumxalq davranışlarının irsi aktlaşdırılmasının nəticəsi kimi uzunmüddətli prosesdir.

İstedad, sadəcə, xalqın tarixlə nikahından gözlənilməsi arzu olunan xalq hamiləliyidir, lakin o, əksər hallarda gözlənilmədən “bic” doğulur. Bu zaman xalq özünü dülgər Yusiflə Məryəm ana kimi aparır. İstedadın əfsanəviliyi, xalqla dahinin düşmənliyi də bax, bu zaman başlayır.

İstedadın gözlənilməz gəlişi xalqın, yaxud ailənin şəcərə nizamını pozur. Gözlənilməz istedadlar gözlənilməz ideyalar deməkdir və gözləniməzliyi bəzən anlamayan, bəzən anlasa da həzm edə bilməyən xalq öz dahilərinin məsuliyyətindən boyun qaçırmaq üçün cürbəcür bəhanələr, məhvetmə metodları hazırlayır. Sağ olsun xalqımız, pis nümunələr üçün heç vaxt bizi başqa xalqların qapısına yollamayıb.

Məsələn, yaxın tariximizə baxaq. Axundovun dini avamlığa yönəlik mühakimələrinin günahını çar Rusiyasının inzibati-idarəetmə siyasətinin üstünə atan xalq onun maarifpərvər ideyalarının acığına öz milli avamlığının quyruğundan daha da bərk-bərk yapışırdı. Çünki Axundov yeni inqilabi ideya idi.

Eyni zamanda iyirmi altı il ruhani təhsil verib din uzmanı görmək istədiyi Seyyid Əzimi oxuyub-oxuyub axırda “Allaha rüşvət” yazdığı üçün tapdalayıb öldürürdü. Çünki Seyyid Əzim gözlənilməz nəticə idi.

Yaxud pul yığıb Bakıdan üç qoçu göndərirdi ki, Cəlil Məmmədquluzadəni Tiflisdə qanına bələsin. Çünki Məmmədquluzadə baş tutmamış eksperiment idi. Yalnız ona görə ki, bu istedadlar xalqın inanc avamlığını, ictimai tüfeyililiyini, məişət acgözlüyünü onun gözünün içinə deyirdilər. Yalnız ona görə ki, xalq bu istedadlarının olsa-olsa doğum prosesində iştirak etmişdi, sonradan üzünü belə görmədiyi bu istedadların milli olmayan mədrəsə və “uşkol” divarları arasında formalaşmasından xəbərsiz idi.

Xalq öz övladlarına qarşı özünü manqurt kimi aparırdı. Bu oğulun yox, ananın manqurtlaşması idi. Bu gün də Seyyid Əzimi, Axundovu, Cəlili, Hacıbəyovu qanıb susanlar və qanmayıb söyənlər mədrəsə və “uşkol” arasında girinc-giriftar qalan milli boşluğun, külfət “akademiyalarımızın” yetirmələridir. Bu “akademiyalarda” xalq hələ də öz övladlarına yaşamaq uğrunda mübarizədən başqa heş nə öyrətmir. Ona görə də insanımız özünü hər yerdə təkamül təliminin ibtidai sinif şagirdi kimi aparır.


Teqlər:  





Xəbər lenti