Təhsil Nazirliyi 3500 müəllim axtarır

Təhsil Nazirliyi 3500 müəllim axtarır
  01 İyun 2015    Oxunub:90728
AzVision.az Təhsil Nazirliyinin insan resursları şöbəsi müdirinin müavini İlham Nağıyevın “1news”a müsahibəsini təqdim edir.

- Zəhmət olmasa müəllimlərin ümum təhsil müəssisələrinə işə götürülməsi prosesi barədə danışın...

- Aprelin 29-u nazir Mikayıl Cabbarov №511- li sərəncam imzalayıb. Bu sərəncamda ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbul qaydaları əks olunub. Bildiyiniz kimi, müəllimlərin ümumi təhsil müəssisələrində işə qəbulu mərkəzləşdirilmiş qaydada, imtahan vasitəsi ilə aparılır. Ali məktəbi bitirən və müəllim işləmək istəyən istənilən şəxs Təhsil Nazirliyinin keçirdiyi imtahanda iştirak edə bilər.

- Vətəndaşlar ümum təhsil müəssisələrində işə qəbulla bağlı keçirilən imtahanlarda qeydiyyatdan necə keçə bilərlər?

- İstənilən şəxs www.miq.edu.az saytına daxil olaraq beş dəqiqə ərzində qeydiyyatdan keçə bilər. O, ərizəni doldurmalı, özü və təhsili haqqında məlumatları qeyd etməlidir. Ərizə elektron formada göndərilir. Əgər hər hansı bir uyğunsuzluq (məsələn, Ali məktəbdə “kimya” ixtisasını bitirən vətəndaş sənədlərini “tarix” ixtisası üzrə işə sənəd verirsə və ya daimi əsasda müəllim işləyirsə) onda sistem onun ərizəsini qəbul etməyəcək. Sistem namizəd tərəfindən göndərilən ərizəni emal edir, vətəndaşın diplomunun doğru olub-olmaması barədə ali məktəbə sorğu göndərir. Vurğulamaq istəyirəm ki, Təhsil Nazirliyi artıq beş ilə yaxındır ki, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulunu həyata keçirir. Lakin daha əvvəl sistem indiki kimi mükəmməl deyildi. Əvvəllər işin yalnız bir hissəsi elektron formada aparılırdı. Bu il isə bütün proses, hətta vakansiyaların toplanması belə elektron formada həyata keçirilir. Daha əvvəl vakansiyalar haqqında informasiya yazılı formada göndərilirdi. Bu ildən etibarən isə Təhsil Nazirliyi hazırda məktəblərdə hər bir fənn üzrə dərs yükü, müəllimlərin sayı barədə məlumatlara malikdir. Bu məlumatlar əsasında sistem vakant yerlərin sayını özü hesablayır. Azərbaycanda 150 min müəllim və 4500-dən çox məktəb var və bu sistem bizə məktəblərdə real vəziyyəti analiz etməyə imkan verir.

- Müəllimlərin işə qəbulu ilə bağlı imtahan necə keçirilir?

- Bu il ümum təhsil müəssisələrinə işə qəbulla bağlı imtahan Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Bütün proses Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Kompüter vasitəsilə həyata keçirilən və 90 dəqiqə davam edən imtahan sualları üç kateqoriyaya bölünüb: İxtisasla bağlı 40 sual, metodika ilə bağlı 10 sual və məntiqlə bağlı 10 sual. Namizəd sualları cavablandırdıqdan sonra sistem dərhal nəticələri açıqlayır. www.miq.edu.az saytında imtahanda istifadə olunan suallara oxşar suallar yerləşdirilir və onların vasitəsilə namizəd öz biliyini yoxlaya bilər. Sualların 80%-nə cavab verən namizəd imtahanı keçmiş hesab olunur. Yalnız ucqar kəndlər üçün güzəşt olaraq sualların 60%-nə cavab verən şəxslər imtahanı keçmiş hesab edilir. Çünki, belə kəndlərdə işləmək istəyən şəxslərin sayı olduqca azdır.

- Namizəd işləmək üçün eyni zamanda bir neçə məktəb seçə bilərmi?

- O, ərizəni dolduran zaman 8 vakant yer seçə bilər. Bir rayonda yaşayan şəxs digər rayonda işləyə bilər. Bu məsələdə biz heç bir administrativ mexanizm tətbiq etmirik. Lakin imtahan nəticələrinə əsasən sistem məktəbdə vakant yerə ən çox balı toplayan və ərizəsində ilk olaraq məhz bu məktəbi qeyd edən namizədi seçir. Bir neçə gün sonra biz namizədləri müsahibəyə dəvət edir, onların dünyagörüşü, bacarıq və danışıq qabiliyyətini yoxlayırıq.

- Bu yaxınlarda təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, bır sıra müəssisələr vakant yerləri gizlədirlər...

- Vakant yerlərin gizlədilməsi məsələsi ilə bağlı nazirin tapşırığından sonra nazirlikdə müəyyən işlər görülüb. Mən sizə vakant yerlərin gizlədilməsi prosesinin necə həyata keçirilməsi barədə danışmaq istəyirəm. Hər bir məktəbdə müəyyən dərs yükü var. Məsələn bir fənn 40 saat dərs yükü təşkil edir, lakin qanunvericiliyə əsasən müəllim 36 saatdan çox dərs deyə bilməz. Direktor informasiyanın toplanması zamanı müəyyən səbəblərə görə vakant yerlər barədə məlumat vermir. Sentyabrda dərslər başlayan zaman bu dərs yükü müvəqqəti olaraq başqa müəllimə verilir. Bununla da direktor bir il ərzində müəllimi müvəqqəti işə qəbul edir. Həmin ilin sonunda isə o işdən azad olunur. Əksər hallarda insanlar buna aldanır və daimi əsasda işə götürüldüklərinə inanırlar. Təhsil Nazirliyi daima bildirir ki, yalnız imtahandan keçən şəxslər daimi olaraq işə qəbul oluna bilərlər. Heç bir təhsil müəssisəsi daimi əsasda müəllimi işə qəbul edə bilməz. Bəzən müəllimlərin müvəqqəti olaraq işə götürülməsi qaçılmaz olur. Məsələn il ərzində təxminən 10 minə yaxın müəllim analıq məzuniyyətinə gedir. Biz onların yerinə daimi əsasda işə digər müəllim götürə bilmərik. Çünki qanunvericiliyə əsasən onlar öz işlərində qalırlar. Səhhəti ilə bağlı müvəqqəti olaraq işə gələ bilməyən insanlar da var. Onların yerləri müvəqqəti olaraq digər müəllimlər tərəfindən tutulmaldır.

- Vakant yerləri gizlədən məktub direktorlarını hansı cəza gözləyir?

- Əgər direktor ixtisasdan ümumiyyətlə anlayışı olmayan saxta diplomlu şəxsi işə götürübsə, onda o cinayət məsuliyyəti daşıyır. Əgər direktor vakant yeri gizlədibsə, onda onu administrativ cəza və ya işdən çıxarılma gözləyir.

- Ötən il və bu il müəllimlər üçün nə qədər vakant yer var?

- Vakant yerlər pedaqoqların təqaüdə çıxması, işdən ayrılması hesabına yaranır. Əgər ötən il bütün respublika ərazisində 3000 vakant yer var idisə, bu il bu il isə bu göstərici 20% çox – 3500 vakant yerdir. Ötən il Bakı şəhərində 300 vakant yer var idisə, bu il analoji göstərici 500-ə yüksəlib. Avtomatlaşdırılmış sistemdən istifadə vakansiyaların artması ilə nəticələnib. Ötən il 3000 vakant yerdən 5-10%-i boş qalıb ki, onlar da müvəqqəti əsasda doldurulub. Hazırda biz müəllimin məktəbdən ayrıldığı vaxt onun həmin məktəbin müəllimi ilə əvəzolunması imkanının nəzərdən keçirilməsini tələb edirik. Çünki bu həmin müəllimin əmək haqqısına təsir edə bilər.

- Orta məktəblərdə müəllim işləmək istəyən namizədlərə nə demək istəyərdiniz?

- Onlara demək istəyərdim ki, məktəblərdə daimi əsasda işləmək üçün yeganə yol – Təhsil Nazirliyinin imtahanını verməkdir. Bəzən insanlar başqa yolla iş əldə edəcəklərini zənn edərək bizim imtahanlarımıza qatılmırlar. Lakin daimi əsasda məktəbdə iş əldə etməyin başqa yolu yoxdur.

Tərcümə etdi: Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti