Maskalar, doğrudan da, sökülsün! – TƏHLİL, VİDEO
Bəli, maskalar sökülsün! Görək ki, hansı maskanın altından hansı sifətlər çıxacaq. Faciə hamımızı ağrıdır, üzür. Amma onu siyasi məqsəd üçün bir alətə, hakimiyyətə atmaq üçün növbəti daşa çevirmək faciənin özündən də dəhşətlidir. Bu, həlak olanların ruhuna, sağ qalanların hisslərinə hörmətsizlikdir.
Bu etiraz kimə qarşı yönəlib? Dövlətə? Dövlətin başçısının məsələyə münasibəti etiraz ediləcək heç bir boşluq qoymadı axı. Prezident özü bütün muzdlu etirazçıların deyə biləcəyindən daha artığını dedi, günahı olanların cəzalanması üçün çox sərt tapşırıqlar verdi. Məlum oldu ki, onu nə Olimpiada, nə də digər tədbirlər Vətəndaşın həyatı qədər maraqlandırmır. Burada “Vətəndaş” sözünü qəsdən böyük hərflə yazdıq. Çünki Prezident göstərdi ki, onun üçün vətəndaş yoxdur, Vətəndaş var.
“Gül qoymaq” adı ilə faciə yerinə gedib, polislə qarşıdurma yaratmaq, çığır-bağır salıb, polisi tamamilə əlaqəsiz işlərdə ittiham etmək həlak olanlara can yandırmaqmıdır, yoxsa sayğısızlıqmı? Bu, olsa-olsa, fürsətcilliyin ən pis forması sayıla bilər.
Bundan sonra etiraz ediləsi nə və kim qalır? Niyə anım, gül qoymaq mərasimi polislə qarşıdırmaya çevrilməli, şüarlar səsləndirilməli, qarşıdurmaya gedilməli, bu zaman da əvvəlcədən hazır gözləyən radikal media “desantı” ortaya atılıb, “ad, familiya” deyə qışqırmalıdırlar? Çünki bu faciəni də nəyin hesabına olursa-olsun, hakimiyyətə qarşı çevirmək üçün pul verən yerdən tapşırıq gəlib? Elə isə, qoy, doğrudan da maskalar sökülsün! O maskaların altındakı sifətləri biz tanıyırıq, qoy, hələ ki tanımayanlar da görsünlər!
Vüsal Məmmədov
AzVision.az