AzVision.az üçün
“...1940-cı ildə dünya mətbuatında xəbərlər dolaşmağa başlamışdı ki, ingilis və fransız hərbi qüvvələri özləri Şimali Qafqaza hücum etməyə, Bakını, Qroznını, Maykopu bombalamağa hazırlaşırlar. Sonradan bunu təsdiq edən sənədlər də üzə çıxdı”. Məşhur sovet sərkərdəsi marşal Georgi Jukov “Xatirələr və düşüncələr” kitabında belə yazır. Bunlar hansı sənədlərdir?
1938-1942-ci illərdə Almaniya Quru Qoşunlarının Baş Qərargah rəisi vəzifəsində çalışmış general-polkovnik Frans Halderin sonralar nəşr edilən “Hərbi gündəliyi”ndə də bu məsələyə işarə vururlub. “Gündəlik”dən sitat gətirməzdən əvvəl həmin 1939-1940-cı illərdə yaranmış hərbi-siyasi vəziyyət barədə
Qısa arayış:
...1939-cu il avqustun 23-də SSRİ ilə Almaniya arasında hücum etməmək haqqında saziş imzalanır. Bu saziş sonralar sənədi imzalayan iki ölkənin xarici işlər nazirlərinin soyadı əsasında “Ribbentrop-Molotov sazişi” kimi məşhurlaşır.
Bundan dörd gün əvvəl SSRİ ilə Almaniya arasında imzalanmış kredit sazişinə əsasən, Sovet İttifaqı faşist Almaniyasına ilkin olaraq 160.000 ton neft göndərməli idi. Doğrudur, bu, təxminən iki həftədən sonra dünya müharibəsini alovlandıracaq Hitler üçün o qədər də böyük kömək deyildi. Amma Hitler gələcəkdə bu rəqəmi 2 milyon tona çatdırmaq niyyətində idi. Özü də Bakı neftinin hesabına...
1939-cu il sentyabrın 1-də faşist Almaniyası Polşaya hücum etməklə İkinci Dünya müharibəsinə başlayır.
1939-cu il noyabrın 30-da Sovet İttifaqı Finlandiya ilə sərhəddə yaranan kiçik bir anlaşılmazlığı bəhanə edərək Finlandiyaya hücum edir.
Bir tərəfdən Hitlerin Polşanı tutması, digər tərəfdən sovetlərin Finlandiyaya hücumu Avropada böyük çaşqınlıq yaradır. Hitlerin əsas məqsədinin bütün Avropanı tutmaq olduğunun aydınlaşması isə vəziyyəti daha da gərginləşdirir. Onun bu istəyini SSRİ-dən neft almaq barədə imzalanmış kredit sazişi reallığıa yaxınlaşdırır. Çünki hamıya aydın idi ki, “motorlar müharibəsi” olan İkinci Dünya müharibəsinin taleyini məhz neft həll edəcək. O illərdə SSRİ-də hasil edilən neftin 70 faizdən çoxunun Bakıdan göndərildiyini nəzərə alsaq, deməli, Hitlerin mexanikləşdirilmiş ordusunun hərəkətə gəlməsində Bakı neftinin də payı vardı.
Belə olanda faşist Almaniyasına qarşı olan dövlətlər, ilk növbədə, Hitleri neftdən məhrum etmək yollarını axtarırlar. Və Bakının adı o dövrün hərbi-strateji planlarında hallanmağa başlayır.
Almaniya Quru Qoşunlarının Baş Qəraragah rəisi olmuş general
Frans Halderin gündəliyindən
26 fevral 1940-cı il. Papen: Fransa Bakıya hücum etmək yolu ilə Finlandiyaya kömək etmək istəyir.Türklər bu işə qarışmaq istəmirlər.
Qısa arayış: Gündəlikdə adı çəkilən Frans fon Papen 1939-1944-cü illərdə Almaniyanın Türkiyədə səfiri olub, Türkiyənin müttəfiqlər tərəfdən müharibəyə qoşulmasının qarşısını almağa çalışıb.
Bəs general Halder Papendən sitat gətirməklə Fransa “Bakıya hücum etmək yolu ilə Finlandiyaya kömək etmək istəyir” deyəndə nəyi nəzərdə tutur? 1940-cı ildə Fransa Bakıya niyə hücum etməli idi?
Bu sualın cavabı Azərbaycan tarixçisi Mais Əmrahovun “İkinci Dünya müharibəsi” kitabında var:
- Almaniya Parisi ələ keçirən zaman – 1940-cı ilin iyun ayında kiçik La Şarite şəhər vağzalında bir alman yefreytoru gizli şəkildə Parisdən çıxarılan Fransa arxiv sənədlərini, o cümlədən son dövrlərdə ingilislərlə fransızlar arasında gedən rəsmi yazışmaların surəti olan sənədləri ələ keçirir. Fransa ordusunun hərbi qərargahına məxsus sənədlərdən məlum olur ki, 1939-1940-cı illərdə Fransa və İngiltərə SSRİ-yə qarşı müharibəyə hazırlaşıb. Həm ona görə ki, Bakı nefti faşist Almaniyasına xidmət etməsin! Həm də sovetlərin Finlandiyaya hücumunun qarşısı alınsın! Üstəlik, belə canfəşanlıq göstərməkdə həmin dövlətlərin özlərinin iqtisadi maraqları da az rol oynamayıb...
Deməli, Türkiyədəki səfir Frans fon Papen Fransanın “Finlandiyaya kömək etmək” istədiyi barədə məlumat verəndə məhz bu planı nəzərdə tuturmuş...
M.Əmrahovun qənaətinə görə, o vaxt Qafqaza hücum məsələsində London bir qədər ehtiyatlı davranış nümayiş etdiribsə, Paris xüsusi fəallıq göstərib: “Qafqaza müdaxilə və Bakıya zərbə üçün Suriyada general Veyqanın 150 minlik fransız ordusu xüsusi hazırlıq keçib”.
Fransa hərbi xadimi Maksim Veyqanın bu sahədə xüsusi fəallığı sovet xüsusi xidmət orqanlarının diqqətini hələ 1939-cu ildə cəlb edib. SSRİ Xalq Daxili İşlər Komissarı L.Beriyanın həmin il sentyabrın 23-də Bakıya göndərdiyi 4357/B nömrəli göstərişdə deyilirdi:
SSRİ Xalq Daxili İşlər Komissarlığının məlumatına əsasən, Qafqazın xaricdəki əksinqilabi mühacir təşkilatları Fransa kəşfiyyatının tapşırığı ilə Zaqafqaziyada, ilk növbədə Bakının neft mədənlərində diversiya aktları təşkil etmək üçün Azərbaycana diversantlar göndərmək sahəsində fəal iş aparırlar.
...Xüsusi missiya ilə Türkiyəyə gəlmiş Fransanın Ali Hərbi Şurasının üzvü general Veyqan həmçinin türklərlə Zaqafqaziyada, o cümlədən Azərbaycanda təxribat işlərinin təşkili barədə danışıqlar aparmışdır”.
Beriyanın təlimatında bu sahədə konkret tədbirlər görülməsi, xüsusən Azneftin bütün sahələrində agentura sisteminin gücləndirilməsi, birliyin bütün müəssisələrində mühafizə qaydalarına yenidən baxılması barədə konkret tapşırıqlar verilir.
Doğrudur, bu ərəfədə - 1940-cı ilin martında sovet-fin müharibəsi başa çatır. Amma bununla Qərb ölkələrinin liderləri Bakı neft mədənlərini məhv etmək planlarından əl çəkmirlər. Çünki hələ sovetlər Hitlerə neft göndərirdi...
1940-cı ilin aprelində fransızlar “MA-6”, ingilislər isə “RİP” kodu ilə şifrələnmiş strateji planlar hazırlayırlar. Hər iki ölkənin hərbi komandanlığı bu planlar əsasında Qafqazın neft mədənlərini məhv etmək üçün konkret tədbirlər görürlər.
Hətta Bakıya hücum etmək üçün bir neçə variant müzakirə olunur və sonda hücum üçün Şimali İraqdan başlayan cənub marşrutu seçilir. Müttəfiqlər Bakı və Batumi üzərində yüksək hündürlükdən iki kəşfiyyat uçuşu da həyata keçirirlər. Bombardmanları 1940-cı il mayın 15-də başlamaq planlaşdırılır. Sonradan bu tarix 30 iyuna dəyişdirilir...
Bu məqsədlə yarısı ingilislərə, yarısı da fransızlara məxsus 160 uzaqmənzilli bombardmançı təyyarə də uçuşa hazır vəziyyətə gətirilir. Əməliyyat üçün 900 tondan çox hərbi sursat ayrılır. Bu, Qafqazın bütün neft çıxarılan ərazilərini tamamilə cəhənnəmə döndərə bilər, yerli əhalnin aqibəti nəzərə alınmadan...
Lakin elə həmin 40-cı ildə nasistlərin strateji planlarında dəyişiklik edilir və bu dəfə hədəf kimi Sovet İttifaqı seçilir. Faşist Almaniyasının bundan sonrakı hərbi-strateji planlarda Bakının adı daha intensiv çəkilməyə başlayır...
Frans Halderin gündəliyindən
31 iyul 1940
...Baltik dənizində ikinci böyük dövlətin (Rusiya) mövcud olması dözülməzdir. Hərbi kampaniyanın başlanması – 1941-ci ilin mayı. Əməmliyyatın müddəti – beş ay. Artıq bu il başlamaq daha yaxşı olardı, lakin alınmır, çünki əməliyyat bir zərbə vurmaqla həyata keçirilməlidir. Məqsəd - Rusiyanın həyati gücünü məhv etməkdir.
Əməliyyat aşağıdakı hissələrə bölünür:
1-ci zərbə: Kiyev, Dneprə çıxış: aviasiya keçidləri dağıdır, Odessa.
2-ci zərbə: Pribaltika dövlətləri vasitəsilə Moskvaya doğru; sonra ikitərəfli zərbə - şimaldan və cənubdan; daha sonra Bakı rayonunun tutulması üzrə fərdi əməliyyat.
3 sentyabr 1940
...Kestrinq (almanların SSRİ-dəki hərbi attaşesi, general Kestrinq – M.H.) rus ordusunun qiymətləndirməsini təqdim edib: Ordunun sayı artır, lakin əvvəllər olduğu saya çatdırmaq üçün dörd il lazımdır. Baş Siyasi İdarə orqanlarının ayıq müşahidəsi ordu haqqında məlumatlar toplamağa çətinlik törədir.
22 yanvar 1941
...a. Neft mənbələri və Avropanın iqtisadiyyatı üçün onların əhəmiyyəti. Bakı.
Faşist Almaniyasının Baş Qərargah rəisinin öz gündəliyində Bakının adını belə tez-tez çəkməsi təsadüfi deyildi. Hitler hələ 1933-cü ildə hakimiyyətə gələndən dərhal sonra anlamışdı ki, ölkənin yanacaq ehtiyatları onun gələcək planlarının reallaşmasına imkan verməyəcək. Ona görə də daş kömürdən sintetik neft alınması sahəsinə külli miqdarda vəsait ayırmışdı. Lakin tezliklə aydın olmuşdu ki, bu yolla əldə olunan yanacaq da kifayət deyil.
Təkcə 1939-cu il üçün 9 milyon ton neftə ehtiyac yaranır. Rumıniya, eləcə də Sovet İttifaqı ilə bağlanan müqavilələr bu tələbatın cüzi bir hissəisini ödəyir. Avropada hərbi əməliyyatlar başlanandan sonra bu tələbat daha da artır. Məsələn, modelindən asılı olaraq bir tank hər 100 kilometrə 1.080 litrə qədər, təyyarə isə saatda 2.150 litrə qədər yanacaq işlədir.
Nəzərə alsaq ki, 1939-cu ildə Hitler Polşaya digər mexanikləşdirilmiş qurğular istisna olmaqla 2600 tank yeritmişdi, onda ordunun yanacaq sərfiyyatı barədə aydın təsəvvür yarana bilər. Deməli, yeni neft mənbələri tapılmalıdır. Hətta Rumınyanın tutulması və rumın neftinin də faşistlərə işləməsi bu tələbatı ödəyə bilmir.
Ona görə də Ribbentrop-Molotov paktının qüvvədə olmasına baxmayaraq Hitler 1941-ci il iyunun 22-də öz qoşunlarını Sovet İttifaqına yönəldir. Məqsəd həm də Qafqaz neftini ələ keçirməkdir!
1941-ci ilin iyulunda Hitler “Qafqaz vasitəsilə hücum planı” adlı məxfi sənəd imzalayır:
Məqsəd
Əməliyyatın məqsədi Qafqazın neft rayonlarını tutmaq və Bağdada doğru irəliləmək üçün1942-ci ilin sentyabrına İran-İraq sərhədindəki keçidləri ələ keçirməkdir.
...A. Qafqazı tutmaq üçün əsas rayonlarda yerli şəraitin qiymətləndirilməsi Qafqaza böyük qüvvələrlə, o cümlədən mexanikləşdirilmiş qüvvələrlə üç istiqamətdən çatmaq olar:
a) Qara dəniz sahili boyunca Tuapse, Suxumi, Kutaisi, Batumini keçməklə.
b) Hərbi-Gürcüstan yolu ilə, Vladiqafqaz – Tbilisi.
c) Xəzər dənizi sahili boyunca gedən dəmir yolu xətti ilə, Mahaçqala, Dərbənd, Bakı.
...Rostov-Bakı dəmir yolu xəttini tutandan sonra böyük hərbi qüvvələri və maddi təchizat materiallarını əməliyyatın sonrakı mərhələsində göndərmək olar.
B. Düşmənin qiymətləndirilməsi
...Düşmən Qafqaza özünün neft yataqlarının və Xəzər dənizini Fars körfəzi ilə birləşdirən kommunikasiyalarının sonuncu müdafiə səddi kimi baxır. Ona görə də Qafqazı inadkarlıqla qoruyacaq, xüsusən bizim hücum etmək istədiyimiz yerləri inadkarlıqla müdafiə edəcək..
General Halderin gündəliyindən
23 iyul 1941
...c. Göstərilən müddətlər xəritə-qrafikə uyğundur. Təxminən bir ay sonra (25.8) bizim qoşunların Leninqrad və Moskva yaxınlığında olacağı gözlənilir, həmçinin ordu Opyol, Krım hüduduna çıxacaq. Oktyabrın əvvələrində Volqa hüdudlarında olacaq. Noyabrın əvvəllərində Bakı və Batumiyə çatacaq.
Deməli, Bakını tutmaq planı hazırdır!
Müttəfiqlər əmindirlər ki, Sovet İttifaqı faşist Almaniyasının Silahlı Qüvvələri qarşısında altı aydan çox tab gətirə bilməyəcək. Nəticədə Bakı nefti Hitlerin əlinə keçə bilər. Bu isə faşist Almaniyasının daha da güclənməsi, müharibənin uzanması deməkdir. Nəyin bahasına olur-olsun, Bakı neftinin Hitlerin əlinə keçməsinə mane olmaq lazımdır. Hədəf bu dəfə də Bakıdır. Böyük Briyaniyanın Kral Hərbi Hava Qüvvələrinin Qərargah rəisi regionda olan hərbi komandirlərinə tapşırıq verir ki, Bakını bombardman etməyə hazır olsunlar...
Ardı BURADA